"Ümumrusiya Azərbaycan Konqresinin qeydiyyatının ləğv edilməsi barədə Rusiya Ali Məhkəməsinin qərarı siyasi xarakterlidir və biz bunu çox mənfi qarşılayırıq".
Bu barədə millət vəkili Asim Mollazadə bildirib.
O deyib ki, bu məsələdən Azərbaycana qarşı bir təzyiq vasitəsi kimi istifadə olunub: "Eyni zamanda, Rusiyada yaşayan milli azlıqların hüquqları kobud sürətdə pozulub. Bununla da Moskva beynəlxalq hüququn bir sıra normalarına zidd addım atıb. Hesab edirəm ki, Rusiyada çox ciddi düşünməlidirlər və Azərbaycana qarşı olan bu qərarı ləğv edilməlidir. Azərbaycan da təbii olaraq Rusiyanın burdakı QHT-lərinin fəaliyyətini yenidən nəzərdən keçirməli və onların hüququ əsaslarını araşdırmalıdır". Millət vəkili əlavə edib ki, bu qərar iki ölkənin münasibətlərinə də olduqca mənfi təsir göstərir: "Məsələ ilə bağlı Azərbaycan bütün səviyyələrdə öz etirazını bildirib. Əgər Rusiya münasibətlərin pisləşməsini istəmirsə, öz qərarına yenidən baxmalıdır. Rusiyanın Ədliyyə Nazirliyi öz qərarını dəyişdirməli, müraciətini geri götürməli və müvafiq addımlar atmalıdır. Ən əsası isə bu haqsız mövqedə dəyişiklik olmalıdır. Çünki qeyd etdiyim kimi bu, hüquqi yox, siyasi müstəvidə olan qərardır". A.Mollazadə hesab edir ki, Rusiyanın siyasətində bir sıra qonşu ölkələrə qarşı təzyiq vasitələrindən istifadə olunur və qeyd edilən qərar da həmin vasitələrdən biridir.
Millət vəkili Tahir Mirkişili isə deyib ki, Rusiya ilə Azərbaycan arasında münasibətlər həmişə yüksək səviyyədə olub. Onun sözlərinə görə, Azərbaycanın Rusiya ilə bütün sahələrdə bərabər hüquqlara əsaslanan yüksək əməkdaşlıq münasibətləri var və bu münasibətlərin yaranmasında və möhkəmlənməsində Ümumrusiya Azərbaycan Konqresinin əhəmiyyəti böyükdür: "Bu konqres öz işini çoxtərəfli və hər iki ölkənin maraqlarını nəzərə alaraq qurub. Azərbaycan və Rusiyanın çoxtərəfli, qarşılıqlı maraqlar əsasında yaxınlaşmasını istəməyən qüvvələr var. Ümumrusiya Azərbaycan Konqresinin qeydiyyatının ləğv edilməsi bu qüvvələrin təxribat fəaliyyətinin nəticəsidir. Ümumrusiya Azərbaycanlıları Konqresin iki ölkənin maraqlarına xidmət etmir. Bu konqresin ləğvi üçün göstərilən əsaslar tam subyektiv olub. Məsələn, təşkilatın adının onun fəaliyyətinin xarakterinə işarə etməməsi, yaxud rəyasət iclaslarının keçirilməsi ilə bağlı dövriliyə riayət olunmaması. Hər hansı qurumun ləğvi üçün yetərli olmayan "dəlillərdir". Görünür, Rusiyada anti-Azərbaycan dairələr və erməni lobbisi Rusiya və Azərbaycan arasında münasibətləri sınaq qarşısında qoymaq planlarını reallaşdırmağa çalışırlar. Ümid edirik ki, Rusiyanın sağlam qüvvələri bunu anlayaraq apellyasiya məhkəməsinin qərarında ədalətin bərpa olunmasına çalışacaqlar".
Millət vəkili Sədaqət Vəliyeva isə vurğulayıb ki, dövlətimizin qazandığı ardıcıl uğurlar bizi sevindirdiyi qədər, düşmənlərimizi də məyus edir, hətta ölkəmizə, xalqımıza zərbə vurmağa cəhdlər göstərirlər: "Mayın 15-də Rusiya Ədliyyə Nazirliyi tərəfindən qaldırılmış iddia əsasında keçirilən məhkəmə prosesində Ümumrusiya Azərbaycan Konqresinin qeydiyyatı ləğv edildi. Təbii ki, bu, hər iki ölkənin dostluq münasibətlərinə xaincəsinə atılan güllədir. Görünür, Rusiyadakı anti-Azərbaycan dairələr, xüsusən erməni lobbisi Rusiya-Azərbaycan arasında münasibətlərini yenidən sınaq qarşısında qoymaq istəyirlər. Amma onu da nəzərə almaq lazımdır ki, Rusiyada çoxmilyonlu azərbaycanlı icması yaşayır, onlar dost və qonşu ölkənin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəallıqları ilə seçilirlər. Rusiyanın Azərbaycan əsilli vətəndaşları fəal seçici və vergi ödəyiciləridir. Eyni zamanda, Rusiyanın azərbaycanlı icması iki ölkə arasında siyasi, iqtisadi, mədəni münasibətlərində körpü, bu əlaqələrin sağlam məcrada saxlanmasının qarantıdır". Millət vəkili düşünür ki, Azərbaycan icmasının ən böyük ictimai birliyinin Rusiyada qeydiyyatının ləğv edilməsi çoxmədəniyyətli, polietnik Rusiya cəmiyyətinin xarakterinə ziddir: "Bu, Rusiyada tolerantlıq mühitini, millətlərarası münasibətləri təhdid edən ciddi faktordur. Burada ölkəmizə qarşı kin və qərəzin də olduğu aydın görünür. Ona görə ki, çoxmillətli Rusiyada çoxsaylı milli təşkilatlar fəaliyyət göstərdiyi halda, məhz Azərbaycan təşkilatlarına qarşı belə qeyri-obyektiv və qərəzli münasibət nümayiş etdirilir. Axı Rusiya cəmiyyətində böyük hörmətə və nüfuza sahib olan Ümumrusiya Azərbaycan Konqresi kimi ciddi bir təşkilatın texniki məsələlərə görə qeydiyyatının ləğvi hüquqi cəhətdən də düzgün deyil! Həmçinin, bu addım Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həllində tərəfsiz vasitəçi missiyasına, ATƏT-in Minsk qrupunun həmsədri mandatına da kölgə salır. Rusiyada hüquq təmsilçiləri çalışmalıdırlar ki, hər iki xalq arasındakı münasibətləri erməni lobbisinin girovuna çevirməsinlər".
Xatırladaq ki, mayın 15-də Rusiya Federasiyası Ali Məhkəməsində Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) qeydiyyatının ləğv edilməsi barədə Ədliyyə Nazirliyinin iddiası üzrə proses keçirilib. Ali Məhkəmə Ədliyyə Nazirliyinin iddiasını təmin edərək, ÜAK-ın qeydiyyatının ləğv olunması barədə qərar verib.Ümumrusiya Azərbaycan Konqresi 2001-ci ildə yaradılıb.
PƏRVANƏ