Ümumrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatının ləğv edilməsi ölkə ictimaiyyətinin böyük narahatlıq və narazılığına səbəb olub.
Təşkilatın adının onun fəaliyyətinin xarakterinə işarə etməməsi, yaxud rəyasətin iclaslarının keçirilməsi ilə bağlı dövriliyə riayət olunmaması kimi hər hansı qurumun ləğvi üçün yetərli olmayan səbəblərin tam subyektivliyindən bəlli olur ki, Rusiyada anti-Azərbaycan dairələr və erməni lobbisi iki ölkə arasında münasibətləri sınaq qarşısında qoymaq planlarını reallaşdırmağa çalışırlar. Halbuki, Rusiya ilə Azərbaycan arasında münasibətlər həmişə yüksək səviyyədə olub, bütün sahələr üzrə səmərəli əməkdaşlıq əlaqələri inkişaf edib. İki ölkə prezidentləri arasında qarşılıqlı anlaşma və dostluq əlaqələri ikitərəfli münasibətlərin xarakterinə mühüm təsir göstərib, bu münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. İndi isə biz bu əlaqələrin pozulması istiqamətində addımların atıldığının şahidi oluruq.
Özünü dünyada etibarlı tərəfdaş kimi sübut edən Azərbaycan indiyədək nə Rusiya, nə də ki, hər hansı başqa isti münasibətlərin mövcud olduğu dövlətə qarşı bu əlaqələrə xələl gətirə biləcək addımlar atıb. Bu mənada, Azərbaycan dövləti həmişə Rusiyanın regiondakı strateji maraqlarını nəzərə alıb, beynəlxalq təşkilatlar çərçivəsində faydalı əməkdaşlıq əlaqələri inkişaf etdirib və qarşılıqlı dəstək ruhu hökm sürüb.
Ölkəmizdə rus dilinin, mədəniyyətinin qorunub saxlanması, rus dilli təhsil müəssisələrinin, rus icmasının və digər bu kimi təşkilatların fəaliyyətinin təmin edilməsi, ölkədə yaşayan çoxsaylı rus icması nümayəndələrinin vətəndaş hüquqlarının təmin olunması üçün bütün zəruri addımlar atılıb və bu siyasət hazırda da davam etdirilir. Bunu Azərbaycandakı rus icmasının nümayəndələri də məmnunluqla qeyd edir, belə bir addımın Rusiya tərəfindən atılmasından isə məyusluqlarını gizlətmirlər. Hətta, Rusiya elitasına daxil olan bir sıra nüfuzlu şəxslər - rusiyalı politoloq, Rusiya Siyasi Təhqiqatlar İnstitutunun direktoru Sergey Markov, Rusiya Dövlət Dumasının deputatı, Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Dmitri Savelyev, beynəlxalq məsələlər üzrə ekspert Yevgeni Mixaylov narahatlıqlarını gizlətmirlər.
Bütün bunlar onu göstərir ki, məsələnin arxasında Rusiyanın anti-Azərbaycan dairələri, dövlət orqanlarındakı ermənipərəst şəxslər, habelə bu ölkədəki erməni lobbisi dayanır. Onlar Azərbaycan xalqına və dövlətinə qarşı təxribatçı fəaliyyətlərini davam etdirirlər. Son zamanlar Rusiyanın ədliyyə sistemində yerləşmiş ermənipərəst şəxslərin fəaliyyəti daha qabarıq şəkildə özünü büruzə verir. Bu mənada, qərar qəbul olunarkən Rusiyada çoxmilyonlu azərbaycanlı icmasının yaşaması, qonşu ölkənin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəallıqları ilə seçilməsinin nəzərə alınmaması şübhələrin əsassız olmadığını göstərir. Çünki Rusiyanın azərbaycanlı icması iki ölkə arasında siyasi, iqtisadi, mədəni münasibətlərdə körpü rolu oynayır və bu əlaqələrin sağlam məcrada saxlanması istiqamətində məqsədyönlü fəaliyyət aparır. Bu qərar isə Rusiyada yaşayan azərbaycanlılara qarşı hörmətsizlik olmaqla yanaşı, onların fəaliyyətinə süni maneələrin yaradıldığını göstərir.
Azərbaycan icmasının ən böyük ictimai birliyinin qeydiyyatının ləğv edilməsi Rusiyada tolerantlıq mühitini, millətlərarası münasibətləri təhdid edən addımdır.
Məhkəmənin belə qərar qəbul etməsi Rusiya ilə Azərbaycan arasında ikitərəfli əlaqələrə kölgə salır, onları zədələyir. Ümumilikdə isə bu qərarın qəbul edilməsi Rusiyanın regiondakı fəaliyyətinə problem yaradacaq və onun bitərəf mövqeyinə kölgə salacaq.
Məsələ ilə bağlı fikirlərini bildirən "Atlas" Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu qeyd edib ki, Azərbaycan rəsmilərinin çoxsaylı müraciətləri, səfir Polad Bülbüloğlunun Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasinlə görüşü və Milli Məclisin hüquq komisiyasının sədri, Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Əli Hüseynlinin Moskvada rusiyalı həmkarlarıyla görüşlər keçirməsi konqresinin qeydiyyatının ləğvi prosesini dayandıra bilmədi: "Ümumrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatını ləğvi qərarı Ermənistan hakimiyyətinin və dünyadakı erməni lobbisinin sevincinə səbəb olub. Çünki Ümumrusiya Azərbaycanlıları Konqresi Azərbaycanın dünyadakı ən güclü diaspora təşkilatı idi. Konqresin sıralarında Rusiyada yaşayan tanınmış azərbaycanlılar - oliqarxlar, mədəniyyət xadimləri, həkimlər, rəssamlar yer alırdı".
Politoloq qeyd edib ki, rəsmi Bakı Ümumrusiya Azərbaycanlıları Konqresinin fəaliyyətinə önəm verirdi: "Bu təşkilat rəsmi səviyyədə daima dəstəklənirdi. Çünki Ümumrusiya Azərbaycanlıları Konqresi 2001-ci ildə birbaşa mərhum dövlət başçısı Heydər Əliyevin təşəbbüsü və dəstəyi ilə təsis olunub. Birinci qurultayda Heydər Əliyev və onun rusiyalı həmkarı Vladimir Putin də iştirak ediblər.
Rusiya prezidenti Vladimir Putin Konqresin 2004-cü ildə Moskvada keçirilən II qurultayında İlham Əliyevlə birgə iştirak edib. Həmin qurultayda çıxış edən İlham Əliyev Ümumrusiya Azərbaycanlıları Konqresinin yaradılmasının Heydər Əliyevin siyasətinin tərkib hissəsi kimi qiymətləndirərək bunları demişdi: "Mən çox şadam ki, Ümumrusiya Azərbaycanlıları Konqresi qısa müddətdə çox güclü və nüfuzlu təşkilata çevrilib. Konqres iki ölkə arasında əlaqələrin genişlənməsində çox mühüm rol oynayır". Konqresin 2011-ci ildə Moskvada keçirilən III qurultayına isə prezidentlər qatılmayıb. Həmin tədbirdə ən yüksək rütbəli rəsmi Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev idi. Ramiz Mehdiyevdən başqa, Prezident Administrasiyasının xeyli şöbə müdiri də Moskva toplantısında iştirak etmişdi. Rusiyanın o zamankı prezidenti Dmitri Medvedyev Putindən fərqli olaraq, Konqresin qurultayına qatılmayaraq, sadəcə təbrik məktubu göndərmişdi".
E.Şahinoğlu xatırladıb ki, Ümumrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatının ləğvi hansısa hüquqi prosedurların pozulmasıyla əlaqələndirilib: "Ancaq Ümumrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatının ləğvi hüquqi yox, siyasi qərardır. Kreml bu təşkilata rəsmi Bakının necə dəyər verdiyini yaxşı anlayırdı. Rusiya məhkəməsinin hansısa hakimi özbaşına ölkələrarası münasibətlərə mənfi təsir edə biləcək qərara imza ata bilməzdi. Kreml istəsəydi, məhkəmə fərqli qərar verə bilərdi. Əgər Kreml Ümumrusiya Azərbaycanlıları Konqresinin ləğvinə qərar veribsə, deməli bunun səbəbini Rusiya-Azərbaycan münasibətlərinin hazırkı durumunda axtarmaq lazımdır. Birincisi, Kreml TAP, TANAP, Bakı-Tiflis-Qars layihələrindən narazıdır. Bu layihələrin hər biri Rusiyadan yan keçir və istər-istəməz az da olsa, Rusiyanın regional gücünü zəiflədir. Məsələn, mayın 15-də Pekində "İpək yolu" layihəsiylə bağlı zirvə toplantısı keçirildi, həmin toplantıda Rusiya prezidenti də iştirak edirdi. Türkiyə prezidenti Rəcəb Təyyub Ərdoğan Pekindənki çıxışında qeyd etdi ki, yaxın bir neçə ayda Bakı-Tiflis-Qars dəmir yolu hazır olacaq. Bu dəmiryolunun işə düşməsi o deməkdir ki, Çindən çıxan mallar Mərkəzi Asiya, Azərbaycan, Gürcüstan və Türkiyə üzərindən Avropa bazarlarına çatacaq. Halbuki, Moskva Çin mallarının Trans Sibir dəmiryolu ilə Avropaya çatdırılmasını istəyir. Ancaq elə rusiyalı mütəxəssislərinin sözlərinə görə, Trans Sibir dəmir yolunun porblemləri çoxdur və qatarlar ləng hərəkət edir. Ona görə də Çin Bakı-Tiflis-Qars dəmiryoluna maraq göstərir. İkincisi, Azərbaycan cəbhə bölgəsində işğalçı üzərində hərbi üstünlüyünü artırır. Elə Ümumrusiya Azərbaycanlıları Konqresinin ləğvinin elan edildiyi gün Azərbaycan ordusu işğal edilmiş ərazidə işğalçının zenit-raket kompleksini məhv etdi. Kreml açıq-aşkar Azərbaycanın Ermənistan üzərində hərbi üstünlüyünü artırmasını istəmir. Buna görə Azərbaycanı zəiflətmək, problemlərini artırmaq üçün müxtəlif yollara baş vurub".
Mərkəz sədri hesab edir ki, Ümumrusiya Azərbaycanlıların Konqresinin qeydiyyatının ləğvinə cavab olaraq rəsmi Bakı ilk növbədə diaspor təşkilatının ləğvinin Rusiya-Azərbaycan münasibətlərinə təsirsiz ötüşməyəcəyi haqqında Moskvaya mesaj göndərməlidir: "Azərbaycan son illərdə Rusiyadan 5 milyard dollar civarında silah və hərbi texnika alıb. Bundan sonra zəruri silah və hərbi texnikanın alınması üçün başqa ölkələr axtarılmalıdır. Avropa İttifaqı ilə danışıqları sürətləndirib Brüssellə strateji əməkdaşlıq sazişinin imzalanmasına və Türkiyə ilə hərbi əməkdaşlığı üst səviyyəyə qaldırmağa ehtiyac var. Buna baxmayaraq, əgər Moskvada apellyasiya məhkəməsi Ümumrusiya Azərbaycanlıların Konqresinin qeydiyyatının ləğvi qərarını təsdiqləyərsə, Rusiyada başqa diaspor təşkilatının yaradılmasına ehtiyac yaranacaq. Çünki Rusiyada milyonlarla azərbaycanlı yaşayır və onların istinad etdiyi və Azərbaycana bağlı hansısa təşkilatı olmalıdır. Rusiyada yaşayan azərbaycanlıarın bir qismi Ümumrusiya Azərbaycanlıları Konqresinin fəaliyyətindən narazı idi. Ona görə də yeni təsis olunan təşkilat daha işlək olmalı və çevik qərarlar verməlidir. Əgər Kreml yeni təşkilatın yaranmasına da mane olarsa, onda Rusiyanın Azərbaycanla bağlı əsl planları bəlli olacaq və rəsmi Bakı buna uyğun Rusiya siyasətini formalaşdırmaq məcburiyyətində qalacaq".
YAP Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə isə qeyd edib ki, bu məsələnin arxasında Azərbaycanı istəməyən qüvvələr dayanır: "Rusiya-Azərbaycan münasibətləri daim dostluq, mehriban qonşuluq əlaqələri çərçivəsində inkişaf edib. Bu baxımdan belə bir qərarın qəbul edilməsi təəssüf doğurur. Bu qərar Rusiyada bəzi dövlət qurumlarının erməni lobbisinin təsiri altında olduğunu göstərir. Ü
mumrusiya Azərbaycanlıları Konqresi ümummilli lider Heydər Əliyevin və Rusiya prezidenti Vladimir Putinin xeyir-duası ilə yaradılıb. Konqresin qeydiyyatının ləğv edilməsi iki dövlət arasındakı münasibətlərə böyük zərbə vura bilər. Rusiya Ali Məhkəməsi tərəfindən belə bir qərarın qəbul edilməsi erməni lobbisinə diqqətin göstəricisidir və qərarın erməni lobbisinin təsiri altında verildiyini nümayiş etdirir. Rusiyada yüz minlərlə azərbaycanlı yaşayır, onlar bu ölkədə seçmək və seçilmək hüququna malikdirlər və bu ölkənin ictimai-siyasi həyatında fəal iştirak edirlər. Bu qərarın qəbulu onların fəaliyyətinə də kölgə sala bilər. Hesab edirəm ki, bununla bağlı aidiyyəti dövlət qurumları, Rusiyanın rəhbər şəxsləri öz mövqelərini qətiləşdirməli, növbəti məhkəmə proseslərində bu cür qərarın qəbul edilməsinin qarşısını almalıdırlar. Bu, həm də Rusiyada yaşayan azərbaycanlıların kifayət qədər mənfi reaksiyasına səbəb olacaq qərardır. Rusiyada yüzlərlə bu cür qeyri-hökumət təşkilatlarının olduğu halda, Azərbaycana qarşı belə aqressiv münasibətin səbəbi nədir? Şübhəsiz ki, bu məsələnin arxasında Azərbaycanı istəməyən qüvvələr dayanır. Təəssüf ki, Rusiyanın bəzi dövlət qurumları anti-Azərbaycan mövqeyində və erməni lobbisinin təsiri altındadır". V.Rəhimzadə hesab edir ki, belə bir qərarın qəbul edilməsi ATƏT-in Minsk qrupunun həmsədri kimi Rusiyanın vasitəçilik mandatına kölgə salır: "Bu, çox ciddi məsələdir. Rusiyanın dövlət başçısı səviyyəsində məsələyə ciddi yanaşılacağına şübhəm yoxdur. Bəli, ortada məhkəmə qərarı var, lakin növbəti instansiyalarda bu qərarın ləğv edilməsi mümkündür. Azərbaycanın aidiyyəti qurumları bu məsələ ətrafında araşdırma aparmalıdırlar.
Yəqin ki, istər Xarici İşlər Nazirliyi, istərsə də Diasporla İş üzrə Dövlət Komitəsi və digər aidiyyəti dövlət qurumları tərəfindən məsələ ciddi nəzarətdə saxlanılır. Azərbaycanla Rusiya arasında daim dostluq və mehriban qonşuluq əlaqələri olub. İki dost dövlətin münasibətləri həm də strateji tərəfdaşlıq səviyyəsindədir. Düşünürəm ki, dövlət qurumları ilə yanaşı, qeyri-hökumət təşkilatları, ölkə ictimaiyyəti olaraq biz də Rusiya kimi böyük bir ölkənin dövlət qurumlarını erməni lobbisinin təsiri altına düşməməyə çağırmalıyıq. Ümidvaram ki, Rusiyanın rəhbər şəxsləri məsələni araşdırıb doğru qərar verəcəklər. Çünki bu qərar həm də Rusiya dövləti tərəfindən öz vətəndaşı olan azərbaycanlılara qarşı hörmətsizlikdir".
Ceyhun ABASOV