“Qeyri-rəsmi məşğulluğun mövcudluğunda vergi dərəcəsi amili varsa da o, əsas, həlledici yerdə durmur”.
"APA-Economics” xəbər verir ki, bunu baş nazirin müavini, Əmək Münasibətlərinin Tənzimlənməsinin Təkmilləşdirilməsi və Koordinasiyası Komissiyasının sədri Əli Əhmədov “Azərbaycan” qəzetinə müsahibəsində bildirib.
Komissiya sədri qeyri-rəsmi məşğulluğun əsas səbəbi kiki vergi dərəcəsinin yüksək olmasına münasibət bildirib: “Sualınıza sadə şəkildə “hə” və ya “yox” formasında cavab vermək istəməzdim. Əvvəla, Azərbaycanda vergi dərəcələrinin çox və ya həddən çox olması iddiası ilə razılaşmaq mümkün deyil. İnternet əsrində bu cür iddiaların nə qədər əsaslı olduğunu sübuta yetirmək çox asandır. Bununla belə, qeyri-rəsmi məşğulluğun aradan qaldırılması istiqamətində dövlətin planlarını şərh edərkən sahibkarlar arasında sözügedən problemin yaranmasına fərqli yanaşmaların mövcud olduğunu qulaqardına vurmağı da düzgün saymıram.
İş adamlarının böyük hissəsinin qeyri-rəsmi məşğulluğu əsas etibarilə vergi və məcburi dövlət sosial sığorta haqlarının çoxluğu ilə əsaslandırmağa üstünlük verməsinin səbəbi ondan ibarətdir ki, nəticə etibarilə problemi aradan qaldırmağın əsas yolunun vergi dərəcələrinin azaldılmasından keçməsi barədə məntiq ortaya qoyulsun. Bununla əlaqədar olaraq iş adamları vergi dərəcələrinin azaldılmasını qeyri-rəsmi məşğulluğun aradan qaldırılması kontekstində əsas müzakirə predmetinə çevirməyi təklif edirlər.
Mənə belə gəlir ki, qeyri-rəsmi məşğulluğun mövcudluğunda vergi dərəcəsi amili varsa da o, əsas, həlledici yerdə durmur. Bütün təhlillərin ortaya qoyduğu həqiqət budur ki, qeyri-rəsmi məşğulluğun geniş yayılmasının əsas motivi vergi və sosial ödəmələrdən yayınmaq hesabına daha çox mənfəət əldə etməkdir. Digər ölkələrin təcrübəsi də həmin həqiqəti təsdiq edən əlavə sübut qismində nəzərdən keçirilə bilər. Belə olan halda qeyri-rəsmi məşğulluğa qarşı mübarizədə vergi dərəcələrinin aşağı salınmasını əsas və yeganə vasitə kimi təqdim etməyi səmərəli təklif hesab etmək mümkün deyil”.
Baş nazirin müavini əlavə edib ki, ən faydalı, düzgün və yeganə mümkün yanaşma o olardı ki, vergi dərəcələri ilə əlaqədar aktiv diskussiyalar vergi bazasının genişlənməsi əsasında və onun nəticəsi olaraq müzakirə predmetinə çevrilsin. “Bu isə həlledici dərəcədə sahibkarların, daha dəqiq ifadə etsəm, qeyri-rəsmi məşğulluqdan fayda götürən iş adamlarının seçimindən asılıdır.
Başqa sözlə, vergi dərəcələri ilə əlaqədar diskussiyaların başlanması üçün ilkin şərt qeyri-rəsmi məşğulluqdan imtina edilməsi və vergi bazasının genişləndirilməsi hesab edilməlidir. Həm işçinin, həm sahibkarın, həm də dövlətin maraqlarına cavab verən bu cür yanaşma qeyri-rəsmi məşğulluğa qarşı mübarizənin uğur qazanmasının ən etibarlı təminatı sayıla bilər. İnanmaq istəyirəm ki, Azərbaycan prezidentinin haqqında söhbət açdığımız təşəbbüsü onun bütün təşəbbüsləri kimi əhali tərəfindən qətiyyətlə dəstəklənəcək və 2017-2018-ci illərdə qeyri-rəsmi məşğulluğun aradan qaldırılmasında ciddi dönüşə nail olunacaq”, - deyə o bildirib.