Azərbaycan Gənclərinin Hüquqlarının Müdafiəsi Mərkəzi Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə icra edilən “Valideyn himayəsindən məhrum olan gənclərin karyera quruculuğu, onların məşğulluğunun artırılmasına ictimai dəstək” layihəsinə yekun vurub.
Valideyn himayəsindən məhrum olmuş gənclərin uğurlu karyera qurmalarına və məşğulluqlarının təmin edilməsi nail olmaq məqsədilə 120 nəfər belə gənc layihəyə cəlb olunub.
Layihə çərçivəsində bu gənclərin müstəqil həyata hazırlanması, uğurlu karyera qurmalarına istiqamətlidirilmələri, onlara peşə seçimində risklərin ölçülməsi, gələcəyin peşələrinin və məşğulluğun təmin olunması üçün müasir alətlərin öyrədilməsi, müstəqil həyatda qarşılaşa biləcəkləri psixoloji baryerləri aşmaq üçün psixoloji alətlərə yiyələnmələri, milli qanunvericiliyin onlara verdiyi hüquq və imtiyazlardan faydalana bilmələri üçün bu sahədə maarifləndirilmələri istiqamətində işlər aparılıb.
Sumqayıt şəhərində yerləşən G.Əsədov adına tam orta internat məktəbi və internat tipli gimnaziyada, Bakı şəhərində yerləşən 8 saylı sanatoriya tipli internat məktəbində 2 günlük təlim kursları təşkil edilib.
Təlimlərin ilk günü sosial inteqrasiya, ikinci günü isə psixoloji inteqrasiya məsələlərini əhatə edib.
Layihə çərçivəsində həmçinin “Karyera quruculuğu” adlı kitabça da nəşr edilib. Kitabçada müstəqil həyata qədəm qoymuş valideyn himayəsindən məhrum olan gənclər üçün zəruri məlumatlar, uğurlu peşələrin seçimi, uğurlu karyera üçün lazım olan bütün materiallar var.