|
|
|
|
Canlı orqanizm kimi dəyərləndirilən məktəb şagirdlərə müasir çağırışlara uyğun təlim və tərbiyə verməklə yanaşı, onların əsl vətəndaş kimi yetişməsində mühüm rol oynayır.
Aşılanan bilik və bacarıqlar həyatla əlaqələndirilməsi isə onların qavranılmasında vacib amildir. Bizim məktəbdə də şagirdlərin bu yönümdə tərbiyə olunmasında xüsusi diqqət yetiririk. Məktəbimizin pedaqoji kontingenti yüksək səviyyədə olunduğundan bu işi təşkil etmək heç də çətinlik yaratmır. Təsadüfü deyil ki, bu yaxınlarda keçirilən diaqnostik qiymətlənmədə müəllimlərimizin böyük qismi 75%-dən yuxarı nəticə göstərərək öz bilik və metodiki səviyyələrini nümayiş etdirmişlər.
Diqqəti humanitar fənlərin tədrisində tətbiq etdiyimiz müasir metodların gözlədiyimiz effekti verməsinə yönəltmək istərdim. Təbii ki, şagirdlərin mənəvi tərbiyəsində dərsdən kənar mütaliənin, eyni zamanda ədəbi gecələrin təşkil olunmasının xüsusi yeri var. Bu gecələrin ərsəyə gəlməsində ədəbiyyat müəllimlərinin əməyini xüsusi qeyd etmək lazımdı. Ədəbiyyat müəllimlərimizdən Züleyxa Quliyevanın Səməd Vurğun yaradıcılığında məxsusi yeri olan "Vaqif" dramının motivləri əsasında hazırladığı tədbir şagirdlərin böyük marağına səbəb olmuşdur. Rəksanə Ağalıyevanın Məhəmməd Əmin Rəsulzadəyə həsr etdiyi gecə vətənpərvərlik, qürbət nisgili, milli ideyalara bağlılıq kimi nəcib hisslərin aşılanmasını hədəfləmişdi. Həmçinin, Hüseyn Cavid yaradıcılığına həsr olunmuş tədbirində də şagirdlərimizin ifasında "İblis", "Topal Teymur", "Ana" əsərlərindən seçmələri dinləmək qəlbimizi qürur hissiylə çulğaladı. Və ya müəllimənin "Bayrağımız Qarabağda dalğalanacaq" adlı hərbi-vətənpərvərlik mövzusunda Qarabağ veteranları ilə görüşünü şagirdlərimiz hələ uzun zaman unutmayacaq.
Müəllimə Elnurə Kazımovanın da düzənlədiyi ədəbiyyat gecələri bu baxımdan xüsusi qeyd olunmalıdır. O, "Qərib Qüdsi" adlandırdığı A.Bakıxanova həsr olunan gecədə ədibin yaradıcılığına əhatəli yanaşaraq, hər bir mövzuya fərqli ahəng verməyi bacarmışdı. Sazın, sözün sehrinə düşmək, onun tellərində mənəviyyatımıza köklənmək, saza qüdrətli bir xalqın ən həssas, kövrək, həmişəyaşar övladı kimi baxmaq "Haqq aşığı" poeziya axşamının ideyası idi. Aşıq Ələsgər yaradıcılığının çoxşaxəliliyini nəzərə alaraq qoşma, təcnis, gəraylı kimi şeirlərdən nümunələr gətirilmiş, "Anaxanımın küsməyi" dastanından bir hissəsi şagirdlər tərəfindən səhnələşdirilmişdi. Həmçinin, hər bir mövzuya uyğun mahnı seçimi də tədbirin rəngarəng keçməsinə səbəb olmuşdu. Bu fikirləri M.Araz və S.Vurğun ədəbi gecələri haqqında da demək olar. Beyləqan rayon Təhsil Şöbəsinin metodik kabinetin direktoru, əməkdar müəllim Həsən Məmmədov demişdir ki, ədəbi gecələrdən alınmış bilgilər şagirdlərin hafizəsində hələ uzun zaman öz izini qoruyub saxlayacaqdır. Doğrudan da şagirdlərin ifasında səslənən şeir və musiqilər, oynanılan rollar onların səylə, məsuliyyətlə çalışmalarının bəhrəsidir. Elnurə Kazımovanın təşkil etdiyi tədbirlərə zəif oxuyan şagirdlərin də yaxından cəlb olunması onların ədəbiyyata marağını stimullaşdırmışdı.
Gənclərin mənəvi tərbiyəsində, onların yaradıcı potensialının üzə çıxarılmasında bu kimi tədbirlərin əhəmiyyəti böyükdür. Şagirdlərin istedadı gündəlik dərslərlə yanaşı, məhz bu cür kütləvi tədbirlər də özünü biruzə verir. Məktəbimizdə hər zaman bu kimi işlərə böyük önəm verilir və müəllimlərimizin gərgin əməyi təqdir olunur.
Əziz ƏKBƏROV
Beyləqan rayon Gəray Əsədov adına Birinci Şahsevən kənd bir saylı tam orta məktəbin direktoru