"Dövlət qulluğu sisteminin mahiyyəti və əhəmiyyəti" mövzusunda keçirilən tədbirin auditoriyasını əsasən gənclər təşkil edib.
Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə dövlət qulluğu sahəsində dövlət siyasətini həyata keçirən Mərkəzin üzərinə düşən vəzifələrdən danışıb və qeyd edib ki, bu qurumun yaradılmasında əsas məqsəd dövlət idarəçiliyi sistemini inkişaf etdirmək, dövlət qulluğuna qəbulu mərkəzləşdirilmiş qaydada, müsabiqə və şəffaflıq əsasında aparmaqdan ibarətdir.
Mərkəzin sədr müavini Bəhram Xəlilov sözügedən modelin artıq beynəlxalq səviyyədə tanındığını, Avropa və Asiya məkanında çox böyük maraqla qarşılandığını və bir sıra ölkələrin dövlət qulluğu siyasətini həyata keçirən qurumlarının dövlət qulluğuna qəbul sahəsində Azərbaycan təcrübəsini öyrənmək, öz ölkələrində tətbiq etmək məqsədi ilə ölkəmizdə olduqlarını diqqətə çatdırıb.
Tədbirin gedişində "Dövlət qulluğuna qəbulun Azərbaycan modeli" mövzusunda təqdimatda iştirakçılara Azərbaycanda dövlət qulluğuna qəbulun karyeraya əsaslanan sistemə uyğun qurulduğu, dövlət qulluğuna qəbul mexanizmləri, yeni qaydalar, sertifikasiya sistemi və dövlət qulluğu siyasəti ilə bağlı mərkəzin funksiyaları barədə məlumat verilib.
"Xəyal qurma, həyatın planlaşdırılması və duyğusal inkişaf" mövzulu təlim xarakterli təqdimatda isə gənclərin duyğusal inkişafı, həyatın planlaşdırılması, motivasiya haqqında bəzi praktiki xarakterli məsləhətlər verilib, həmçinin peşə seçimində fərdin arzuları, dəyərləri və motivasiyanın rolunun əhəmiyyəti vurğulanıb.
Görüş zamanı iştirakçıların çoxsaylı sualları cavablandırılıb və onlara "Dövlət qulluğuna qəbul qaydaları ilə bağlı nələri bilməliyik?" mövzusunda bukletlər təqdim olunub.
Zakir MURADOV
Gəncə