|
|
|
|

Tanınmış naşir, Azərbaycan Naşirlər və Poliqrafçılar İctimai Birliyinin sədri, “Təhsil Nəşriyyat-Poliqrafiya” MMC-nin baş direktoru Bəhruz Axundov uzun sürən xəstəlikdən sonra iyun ayının 30-da dünyasını dəyişib.
Mərhumla vida mərasimi iyulun 1-də saat 12.00-da Bakı şəhəri Nərimanov rayuonundakı “Tural” mərasim evində (Metronun “Gənclik” stansiyasının yaxınlığında, Zooparkla üzbəüz) keçiriləcək. Mərhum Mehdiabad qəsəbə qəbirstanlığında torpağa tapşırılacaq.
İyulun 1-dən başlayaraq 3 gün “Tural” mərasim evində təziyyə məclisi olacaq. İyulun 3-də isə mərhumun 3 mərasimi keçiriləcək.
Xatırladaq ki, Bəhruz Həsən oğlu Axundov 1954-cü il yanvarın 2-də Ağdam şəhərində ziyalı ailəsində anadan olmuşdu. 1977-ci ildə ADU-nun (indiki BDU) jurnalistika fakültəsini bitirən B.Axundov 1980-ci ilə qədər müxtəlif məsul vəzifələrdə çalışmış, Ağdam Rayon Komsomol Komitəsinin katibi, ikinci katibi vəzifələrində çalışmışdı. 1980-ci ildən o, Bakı şəhərindəki “Yeni kitab” mətbəəsində (sonralar 3 №-li mətbəə adlandırılmışdı), “Kommunist” (indiki “Azərbaycan” ) nəşriyyatında işləmiş, 1985-1992-ci illərdə Azərbaycan Respublikası Maarif Nazirliyinin mətbəəsinin direktoru olmuşdu. B.Axundov 1992-ci ildə müstəqil Azərbaycanın ilk dövlət nəşriyyatı olan “Öyrətmən”, indiki “Təhsil” nəşriyyatını yaratmış, ona rəhbərlik etmişdi.
B.Axundov 2007-ci ildən “Təhsil Nəşriyyat-Poliqrafiya” MMC-nin baş direktoru idi. Onun rəhbərliyi ilə yüzlərlə adda dərslik və dərs vəsaiti, ictimai-siyasi, elmi-kütləvi, bədii-publisistik ədəbiyyatlar və akademik nəşrlər işıq üzü görmüşdü. Müstəqil Azərbaycanın milli təhsil sisteminin qurulması ilə əlaqədar yeni tədris proqramları əsasında latın qrafikasında buraxılan ilk milli dərsliklərinin böyük əksəriyyəti də məhz Bəhruz Axundovun rəhbərliyi ilə nəşr olunmuşdu. Müxtəlif siniflər üçün "Azərbaycan tarixi", "Azərbaycan coğrafiyası", "İnsan və cəmiyyət", "Ədəbiyyat", "Azərbaycan dili", "Yerşünaslıq", "Türk dünyasının coğrafiyası", "Gənclərin çağırışaqədərki hazırlığı", "Həyat bilgisi" və s. 70-ə yaxın dərslik məhz onun xüsusi əməyi sayəsində "Təhsil" Nəşriyyatında hazırlanıb işıq üzü görmüşdü.
B.Axundovun naşiri və tərtibçisi olduğu onlarla nəşr nümunələri dəfələrlə nüfuzlu beynəlxalq kitab sərgilərində ölkəmizi layiqincə təmsil etmiş, mütəxəssislər tərəfindən yüksək qiymətləndirilmişdi. Onun başçılıq etdiyi "Təhsil" Nəşriyyatı ardıcıl olaraq 2005–2010-cu illərdə "İlin nəşriyyatı", nəşr etdiyi kitabların bir çoxu "İlin kitabı" və s. fəxri adlara layiq görülmüş, ölkə və nüfuzlu beynəlxalq müsabiqələrin qalibi olmuşdu.
Bəhruz Axundovun naşiri olduğu, 6 dildə nəşr edilmiş, 2005-ci ildə beynəlxalq "Kitab sənəti" müsabiqəsinin qalibi olmuş "Qarabağ real tarix, faktlar, sənədlər" kitabı 2012-ci ildə Azərbaycan Respublikasının "Dövlət mükafatı"na layiq görülmüşdü (müəlliflər Yaqub Mahmudov, Kərim Şükürov). Bundan başqa, B.Axundovun nəşr etdiyi daha 3 kitab - Çingiz Əlioğlunun "Atlantlar" kitabı 2006-cı, Vaqif Bəhmənlinin "Novruz", M.Ə.Sabirin "Hop-hopnamə" kitabları 2012-ci ildə beynəlxalq "Kitab sənəti" müsabiqəsinin qalibi olmuşdu. Onun tərtibçisi və naşiri olduğu "Çərçivə" kitabı respublikanın nəşriyyat və poliqrafiya tarixində ilk dəfə olaraq Moskva şəhərində keçirilən "Kitab sənəti" beynəlxalq kitab müsabiqəsinin baş mükafatına - "Qran-Pri"yə layiq görülmüşdü.
B.Axundovun rəhbərlik etdiyi "Təhsil Nəşriyyat-Poliqrafiya" MMC beynəlxalq aləmdə bir sıra uğurlar qazanmışdı. 2012-ci ildə nəşriyyat dünyanın ən nüfuzlu qurumlarından biri olan Beynəlxalq "Ticarət Liderləri Klubu"nun "Keyfiyyətə görə" qızıl medal və xüsusi prizinə layiq görülmüşdü (İspaniya, Madrid). Həmin il "Təhsil" Nəşriyyatı Bey-nəlxalq Tədqiqatlar və Məsləhətlər təşkilatı OMAK – Beynəlxalq Menecment Assosiasiyası klubunun 50 ölkənin 60-dan çox təşkilatı arasında nəşriyyat və poliqrafiya üzrə yeni texnologiyanın tətbiqi nəticəsində əldə edilən yüksək keyfiyyət nəticəsinə görə "Naviasiya və keyfiyyətə görə Yeni ERA" Beynəlxalq mükafatını və xüsusi diplomlarını almışdı (Almaniya, Berlin, 2012). Həmin ilin iyul ayında isə nəşriyyat keyfiyyət və kommersiya prestijinə görə "Avropanın Qızıl mükafatı"na layiq görülmüşdü (Fransa, Paris, 2012).
B.Axundov, eyni zamanda pedaqoji fəaliyyətlə də məşğul idi. O, 2006-cı ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində müəllim, baş müəllim və 2011-ci ildən dosent vəzifəsində çalışmışdı.
B.Axundov üç kitabın, onlarla məqalə, publisistik yazıların, şeir və hekayələrin müəllifi, 100-dən çox kitabın naşiri, ali məktəblər üçün hazırlanmış dörd tədris proqramının tərtibçisi idi.
B.Axundov 2012-ci ildə təsis edilmiş Azərbaycan Naşirlər və Poliqrafçılar İctimai Birliyinin sədri seçilmişdi. 2013-cü ildə
Azərbaycan Pespublikası Prezidentinin sərəncamə ilə “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülmışdü. Azərbaycan və Avrasiya Yazıçılar birliklərinin üzvü idi.
Allah rəhmət eləsin!



