İyulun 3-də Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Macarıstan səfiri İmre Laslotski ilə görüşüb.
Fondun fəaliyyətindən söz açan G.Əfəndiyeva macarların tarixən türkdilli xalqlar ilə bağlılığını, bir çox ortaq adət-ənənə və mədəni dəyərləri bölüşdüyünü bildirib.
G.Əfəndiyeva Macarıstanda türkologiyanın inkişafını və bu sahədə bir çox elmi araşdırmaların aparılmasını, eləcə də Macarıstanın müşahidəçi dövlət olaraq TürkPA-ya üzv olduğunu qeyd edərək Macarıstan ilə əlaqələrin inkişaf perspektivlərini müzakirə edib.
İ.Laslotski Fondun türkdilli xalqların tarixi-mədəni irsinin qorunması və təşviqi, bütövlükdə türk dünyasının birliyi istiqamətində fəaliyyətinin əhəmiyyətini vurğulayıb, yaxın gələcəkdə Macarıstanla birgə layihələrin keçirilməsinə dəstəyini ifadə edib. İ.Laslotski Macarıstanda türk mədəniyyətinin və irsinin daha da təbliğ edilməsinin vacibliyini qeyd edib.
Görüşdə Fondun Macarıstanın qurum və təşkilatları ilə əməkdaşlıq məsələsinə dair qarşılıqlı fikir mübadiləsi aparılıb.