İyunun 5-də İranda səfərdə olan Azərbaycanın mədəniyyət və turizm naziri Əbulfəs Qarayev İsfahan əyalət başçısı Rəsul Zərgərpurla görüşüb.
APA-nın Tehran bürosunun məlumatına görə, Ə.Qarayev görüşdə iki ölkənin əlaqələrinin daim inkişaf etdiyini bildirib.
Nazir deyib ki, iki ölkənin tarixi və mədəni əlaqələri gələcək inkişaf üçün mühüm potensial yaradıb: “Azərbaycan və İran xalqı arasında mədəni əlaqələr sülh və dostluq üzərində qurulub. Azərbaycandan İsfahana çox sayda turistlər səfər edəcək. Gələcəkdə Azərbaycanın böyük şəhərləri və İsfahan arasında əməkdaşlıq üçün daha da yaxşı münasibətlər qurulacaq”.
Ə.Qarayev Rəsul Zərgərpurun İsfahan ilə Azərbaycanın şəhərlərindən birinin qardaş şəhər olması təklifini alqışlayıb və deyib ki, bu təklif iki ölkənin səfirliyi vasitəsi ilə gündəmdə saxlanılacaq.
Görüşdə İsfahan əyalət başçısı Rəsul Zərgərpur bildirib ki, Azərbaycan və İran mədəniyyəti arasında oxşarlıq o qədərdir ki, hər iki ölkədən turistlər qarşı tərəfə səfər edərkən özlərini vətənlərində hiss edir:
“İsfahan Azərbaycanla mədəniyyət, iqtisadiyyat, elm və texnologiyalar sahəsində əməkdaşlıq etməyə hazırdır və biz bu əlaqələrin inkişafında maraqlıyıq. Azərbaycanın turizm şirkətləri İsfahana səfər edərək əyalətin turizm potensialı ilə tanış ola bilər. Azərbaycanda İsfahan əyalətinin mədəniyyət günlərinin keçirilməsinə də hazırıq. İsfahanın təcrübəli incəsənət ustalarını, xüsusi ilə əl işləri sənayesindəki ustaları Azərbaycana göndərə bilərik”.