Hər bir milləti dünyada tanıdan və onu digər xalqlardan fərqləndirən ən önəmli xüsusiyyətlərindən biri onun adət və ənənələri və bu müstəvidə yüksək mənəvi dəyərlər sisteminə malik olmasıdır.
Bu baxımdan qloballaşan dünyada milli adət və ənənələr və onun əsasında formalaşdırılan yüksək mənəvi dəyərlər sistemi hər bir millətin mənəvi, mədəni simasını göstərir.
Dünyanın ən qədim xalqlarından olan Azərbaycan da özünün zəngin milli, əxlaqi və mənəvi dəyərlər sistemi ilə bəşər sivilizasiyasına əvəzsiz töhfələr verərək özünəbənzər adət və ənənələri, yüksək mənəviyyatı ilə diqqəti cəlb edib. Min illər boyu formalaşan və Azərbaycan xalqının yüksək mənəvi dəyərlərə malik olduğunu göstərən təkraredilməz adət və ənənələr millətimizin keçmişi ilə bu günü və gələcəyi arasında sarsılmaz bir mənəvi körpü rolunu oynamaqdadır. Təsadüfi deyil ki, adət və ənənələrin hər bir millətin həyatında oynadığı əvəzsiz rolunu yüksək qiymətləndirən Ümummilli lider Heydər Əliyev: "Milli adət və ənənələr hər bir xalqın milli mədəniyyətinin zənginliyindən, qədim tarixi kökə malik olmasından xəbər verir", -deyib.
Təbii ki, bütün dövrlərdə mütərəqqi adət və ənənələrin yaradıcısı, eyni zamanda onu qoruyub zənginləşdirən və gələcək nəsillərə çatdıran xalqdır. Bayram adət-ənənələri, toy, yas mərasimləri, islam dininin bəşəri hissləri təbliğ edən dəyərləri xalqımızın milli-mənəvi simasının aynası hesab edilir. Bu müstəvidə də zəngin adət-ənənələrimizi özündə cəmləşdirən milli mənəvi dəyərlər sistemində Novruz bayramı özünəməxsus yer tutur. Novruz süfrəsi adət və ənənələrimizin zənginliyini göstərir. Belə ki, çərşənbələrdə, istərsə də Novruz axşamında süfrədə milli xörəklərimiz, ən başlıcası isə plov olmalıdır. Şəkərbura, paxlava, şəkər çörəyi və digər şirniyyatlar, kişmiş, püstə, badam, boyanmış yumurtalar süfrələrimizi bəzəyir. Çərşənbələrdə olduğu kimi, Novruz axşamında da tonqal qalanır, evlərdə ailə üzvlərinin hər birinin adına şam yandırılır.
Azərbaycanda toy şənlikləri də qədim və zəngin xalq adət-ənənələrinə söykənir. Elçi getmə, nişan taxma və toy adətlərinin dərin kökləri vardır.
Yas mərasimləri ilə bağlı da azərbaycanlıların bir maraqlı adət və ənənələri var. Qadınlar zinət əşyaları taxmır, qara paltar geyinir, qara yaylıq bağlayırlar. Bu günlər ərzində qohumlar bayram keçirməməli, toy etməməli, musiqi alətlərində çalmamalıdırlar.
Nəhayət, adət və ənənələrin milli mənəvi dəyərlər sistemində oynadığı əvəzsiz rollardan biri də hər bir ənənənin müəyyən əxlaqi məna daşıması ilə bağlıdır. Belə ki, adət və ənənələrimiz hər bir insan nəslinin yaratdığı əxlaqi dəyərləri qoruyub, yeni nəslə çatdırmaq vasitəsi kimi çıxış edir.
MİLLİ-MƏNƏVİ DƏYƏRLƏRİ, SƏNƏTİ, MƏDƏNİYYƏTİ, İNCƏSƏNƏTİ İLƏ HEYRƏT DOĞURAN AZƏRBAYCAN
Ümummilli Lider Heydər Əliyev siyasi kursunun davamçısı İlham Əliyevin uğurlu fəaliyyəti nəticəsində dövlətçilik ənənələri, milli ənənələri nəzərə alaraq ictimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni həyatın bütün sahələrində ciddi dəyişikliklər edildi və uğurlar qazanıldı. Azərbaycan bu gün dünyada ən sürətlə inkişaf edən, iqtisadi sahədə dünyada ən böyük nailiyyətləri əldə edən ölkə olaraq dünyada söz sahibinə çevrilib, etibarlı tərəfdaş kimi də özünü təsdiq edib. Dünyaya inteqrasiya olunduğumuz zamanda Azərbaycan milli-mənəvi dəyərləri, sənəti, mədəniyyəti, incəsənəti ilə heyrət doğura bilib. Bu dəyərlərin əsasında xalqın tarixi köklərini, tarixini, mədəniyyətini, qəhrəmanlığını, məişətini, sosial həyatını əks etdirən faktorlar dayanır. Belə bir tarixi irsin daşıyıcısı olan xalqın qürürla səhifələdiyi vərəqlər zənginləşir, Azərbaycanın dünyaya töhfələr verən abidəsi olduğunu sübut edir. Təbii ki, bu abidələr fərdlər tərəfindən milli düşüncənin məhsulu olaraq ortaya qoyulur. İlham Əliyev tərəfindən ardıcıl olaraq imzalanan sərəncamlarda bu ifadə təsdiqini bir daha tapır. Prezidentin sərəncamı ilə Bakıda Beynəlxalq Muğam Mərkəzinin tikilməsi, Xalça Muzeyinin inşası, regionlarda yeni muzey və musiqi məktəblərinin yaradılması və s. qədim və zəngin mədəni irsə olan diqqətdir. Eləcə də ölkə
başçısının Azərbaycanın dünyaya inteqrasiya tempinin artmasına töhfələrini verən, milli-mənəvi dəyərlərin keşiyində duran və onun inkişafına ömrünü həsr edən ziyalıların yubiley mərasimlərinin keçirilməsi, fəxri ad və mükafatların verilməsi ilə bağlı imzaladığı sərəncamlar milli dəyərlərimizə verilən qiymətin bariz nümunəsidir.
Elmin inkişafı sahəsində görülən tədbirləri də qeyd etməliyik. Məhz dövlətin həyata keçirdiyi elm sahəsindəki yeniliklər inkişaf edən Azərbaycanın elmi potensialı güclənib. Son 11 ildə həyata keçirilmiş islahatlar Azərbaycan elminin inkişafında keyfiyyətcə yeni mərhələ açmış, bu sahənin fəaliyyətini tənzimləyən qanunvericilik aktları müasirləşdirilib. İlham Əliyevin "Azərbaycan elmində islahatların aparılması ilə bağlı Dövlət Komissiyasının yaradılması haqqında", "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında", "Elmin İnkişafına Yardım Fondunun yaradılması haqqında" Sərəncamları məhz elm inkişafında önəmli sənədlərdir.
YUNESKO-nun MADDİ-MƏDƏNİ İRS SİYAHISINA DAXİL EDİLƏN AZƏRBAYCAN MUĞAMI, NOVRUZ BAYRAMI, AŞIQ SƏNƏTİ, XALÇAÇILIQ ...
Qloballaşan dünyada milli dövlətçilik ideyalarının yeni nəsillərə daim aşılaması, dövlətin mədəni tərəqqisi, sivil dünya birliyinə inteqrasiyası prosesi kimi ali dəyərlərə xüsusi olaraq diqqət yetirilir. Azərbaycanın tərəqqisi və xalqımızın rifahı naminə Heydər Əliyevin zəngin irsindən bəhrələnərək və onun Azərbaycançılıq məfkurəsini təbliği istiqamətində Heydər Əliyev Fondu böyük layihələr həyata keçirir. Fondun prezidenti, Vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə Azərbaycan muğamı, Novruz bayramı, aşıq sənəti, xalçaçılıq, tar ifaçılıq sənəti və s. YUNESKO-nun maddi-mədəni irs siyahısına daxil edilib. Bu, Azərbaycan xəzinəsinə ayrılan diqqətdir. 26 Avqust Beynəlxalq Muğam Günü kimi qeyd olunur. BMT tərəfindən Novruz bayramı Beynəlxalq Gün kimi qəbul edilib. Azərbaycan mədəniyyətini və incəsənətini əks etdirən xalça, kilim, antik mis qablar və əşyalar, milli musiqi alətləri, ölkənin müxtəlif məkanlarını əks etdirən fotolar, milli geyimlər də Azərbaycanın tarixinin, bu gününün təqdimidir.
AZƏRBAYCANIN MİLLİ DƏYƏRLƏRİNİ, TARİXİ İRSİNİ DÜNYADA TƏBLİĞ EDƏN HEYDƏR ƏLİYEV FONDU
Fondun təşəbbüsü ilə nəşr olunan kitablarda Azərbaycan mətbəxi, mədəniyyəti, təbiəti və sair barədə məlumatlar verilib. Qərb və Şərq sivilizasiyalarının kəsişməsində yerləşən Azərbaycanın mədəniyyətinə, milli dəyərlərinə bu şəkildə yanaşma yetişən nəsildə mövcud dəyərlərə məhəbbət yaradır. Qərblə Şərqin qovuşuğunda yerləşən Azərbaycan və onun paytaxtı Bakı bir çox dövrlərdə dünya mədəni irsinə layiqli töhfələr vermişdir. Bu proses indi də davam edir. Bu gün Bakı Şərqin bütün gözəlliklərini özündə əks etdirən Qərb şəhəri kimi, yaxud da Qərb cazibəsini özündə əks etdirən Şərq paytaxtı kimi qəbul olunur.
Ölkəmizdə beynəlxalq tədbirlərin keçirilməsi, dinindən, irqindən asılı olmayaraq, saysız insanların Azərbaycana səfəri bu diyarın sivilizasiyaların qovuşuğunda yerləşdiyinə əsaslanır və müxtəlif tədbirlərin Azərbaycanda təşkili ölkəmizin beynəlxalq nüfuzunu daha da artırır. Fondun təşəbbüsü ilə Fransanın San-Trope şəhərində "Azərbaycanın mədəni zənginlikləri" adlı sərgisi, Fransanın Mejev şəhərində, Afinada, Hannoverdə və başqa məkanlarda Azərbaycan mədəniyyəti günlərinin keçirilməsi, Parisdə Reza Deqatinin Azərbaycana həsr olunmuş fotosərgisinin açılışı və s. Azərbaycan milli dəyərlərinin, tarixi irsinin təbliğində əhəmiyyətlidir.
2009-cu ildən Azərbaycanın gözəl guşələrindən biri olan Qəbələdə Beynəlxalq Musiqi Festivalının keçirilməsi ilə milli musiqi mədəniyyəti tarixində yeni ənənənin təməli qoyulub. Dünyanın müxtəlif ölkələrinin musiqiçilərini Qafqaz Albaniyasının paytaxtı olan, zamanın, mədəniyyətin izini daş yaddaşına həkk edən Qəbələyə toplayır.
Azərbaycan bu və ya digər nailiyyətlərlə yanaşı, mövcud olan dinlərarası, millətlərarası münasibətlərdə belə artıq dünya üçün örnək, tolerantlıq və dözümlülük ənənələri ilə zəngin olan dövlətdir. Ölkədə son 11 il ərzində 250-yə yaxın məscidin tikilməsi, təmir edilməsi dini kökə bağlılığın, adət-ənənələrə sadiqliyin nümunəsidir. Bu sırada Bibiheybət, Təzəpir, Əjdərbəy, Şamaxı kimi məscidləri vurğulamaq yerinə düşər. Bu yaxınlarda isə Qafqazın ən böyük məscidi olan möhtəşəm, əzəmətli Heydər Məscidinin tikilməsi Azərbaycanda dini ənənələrə sadiqliyinin göstəricisidir.
Bu gün artıq ölkəmiz müxtəlif beynəlxalq tədbirlərin məkanına çevrilib. Bir çox ölkələrin nümayəndələri məhz ölkəmizdə təşkil olunan beynəlxalq tədbirləri, idman yarışlarını, eləcə də mədəniyyət tədbirlərini izləmək üçün məhz bizim ölkəmizə səfər edirlər. 2017-ci ilin Azərbaycanda "İslam Həmrəyliyi ili" elan edilməsi təsadüfi deyil. İslam həmrəyliyi Azərbaycandakı multikultural mühitin özlüyündə təbii bir davamıdır. İslam həmrəyliyi ancaq İslam aləmi daxilində olan həmrəyliyi nəzərdə tutmur, bu, həmçinin İslam aləmi ilə digər konfessiyalar arasında həmrəyliyin də harmoniyası deməkdir. Prezidentin Azərbaycanı bu il bu ideyaların, idealların mərkəzində duran, onları həyata keçirən bir ölkə kimi təsəvvür etməsi və o hədəflərə doğru cəmiyyəti, qurumları, sadə azərbaycanlıları dəvət etməsi ölkə daxilində də, beynəlxalq aləmdə də son dərəcə əhəmiyyətli, dünyamız üçün son dərəcə vacib siyasi, ideoloji, mənəvi addımdır.
İsgəndər HƏSƏNOV
Yazı Azərbaycan Respublikasının Prezidenti Yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçündür.