Ermənistan hakimiyyətinin Türkiyə-Azərbaycan-Rusiya münasibətlərinə qarşı həyata keçirdiyi fəaliyyət növbəti dəfə iflasa uğradı.
Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekçinin Ankaranın Avrasiya İqtisadi İttifaqı ilə gömrük sahəsində anlaşmaq müqaviləsi imzalamaq niyyətində olduğunu açıqlaması işğalçı ölkəni həm qıcıqlandırdı, həm də provakasiya xarakterli fəaliyyəti üçün bəhanə rolunu oynadı. Məsələ ətrafında məqsədli şəkildə yaradılan əsas narahatlıq müxtəlif vaxtlarda gündəmə gətirilən Türkiyə-Ermənistan sərhədlərinin açılması ilə bağlıdır.
Xüsusilə qeyd edilməlidir ki, bu tip informasiyalar Ermənistan mediası və Rusiyada ermənilərə yaxınlığı ilə seçilən mətbu orqanlarda daha çox yayılmaqdadır. Belə məlumatlarda Avrasiya İttifaqında bütün qərarların konsensusla qəbul olunduğu əsas götürülərək Türkiyə ilə qurum arasında müqavilənin imzalanması zamanı Ermənistanın iki ölkə arasında sərhədlərin açılması məsələsini şərt kimi irəli sürəcəyi bildirilir. Guya bununla da işğalçı ölkə 25 ildən sonra blokada vəziyyətindən çıxmış olacaq. Hərçənd, Dağlıq Qarabağ münaqişəsi həll olmadan Türkiyə-Ermənistan sərhədlərinin açılması üçün göstərilən təşəbbüslərin nəticə vermədiyi dəfələrlə müşahidə edilib. 2009-cu ildə imzalanan Türkiyə-Ermənistan protokollarının icra edilməməsinin iki əsas səbəbi Azərbaycan və Türkiyə ictimaiyyətlərinin məsələyə reaksiyaları idi. Halbuki, Türkiyənin Avropa Birliyinə üzv kimi qəbul edilməsi yolunda rəsmən açıqlanmayan əsas şərtlərdən biri Ermənistanla münasibətlərin normallaşdırılması, sərhədlərin açılması idi. Buna baxmayaraq, 2009-cu il mayın 13-də, o zaman Türkiyə baş naziri olan Rəcəb Tayyib Ərdoğanın Bakıya səfəri zamanı Milli Məclisdəki çıxışında verdiyi bəyanat mövcud şərtlər altında - Dağlıq Qarabağda işğal bitmədən Türkiyə-Ermənistan sərhədlərin açılmayacağanı göstərdi. Türkiyənin digər rəsmi şəxsləri də dəfələrlə Dağlıq Qarabağda işğal dayandırılmadan sərhədlərin açılmayacağını bəyan ediblər.
Eyni zamanda, unutmaq olmaz ki, Türkiyə-Ermənistan sərhədlərinin bağlı olması yalnız Azərbaycanla əlaqəli deyil. Ermənistanın müstəqillik bəyannaməsində, dövlət gerbində və konstitusiyasında Türkiyəyə qarşı ərazi iddiaları yer alır. Hətta Ermənistan Konstitusiya Məhkəməsinin 12 yanvar 2010-cu il tarixli qərarında Türkiyə-Ermənistan protokollarının Ermənistanın müstəqillik bəyannaməsinin və konstitusiyasının əlaqədar (Türkiyəyə ərazi iddiası irəli sürən) maddələrinə zidd şərh olunmayacağı qeyd olunurdu. Bu o deməkdir ki, Türkiyənin Ermənistana hansı güzəştə getməsindən asılı olmayaraq, ermənilərin nə uydurma "soyqırım"ının tanınması, nə təzminat almaq, nə də ərazi iddialarından geri durmaq fikirləri var.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakıya gerçəkləşdirəcəyi səfərin Azərbaycan-Türkiyə münasibətlərinə yeni təkan verəcəyi şübhəsizdir. Bu mənada, Türkiyə-Ermənistan sərhədlərinin açılmasıyla bağlı xəbərlərin bu ərəfələrdə tirajlanması bir reallığı da üzə çıxarır. Təbii ki, əsas məqsəd Ankara-Bakı münasibətlərinə xələl gətirmək, prezidentlərin Bakı görüşünə mənfi təsir etməkdir. Lakin həmişə olduğu kimi, bu gün də bədxah düşmənlərimizin bu çirkin fəaliyyəti heç bir nəticə vermədi. Çünki geosiyasi maraqların fövqündə olan Azərbaycan-Türkiyə münasibətlərin xarakterini yalnız iqtisadi-siyasi əlaqələrin yüksək səviyyədə olması müəyyən etmir, xalqlarımızı ortaq din, mədəniyyət, dil və əsassız iddialara qarşı müştərək mübarizə tarixi birləşdirir.
Məsələ ilə bağlı "525"ə fikirlərini bildirən "Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə" İctimai Birliyinin sədri, hərbi ekspert Emin Həsənli qeyd edib ki, Türkiyə dövlətinin prezidenti, baş naziri və digər yüksək çinli rəsmiləri dəfələrlə bəyan ediblər ki, Ermənistanla sərhədlərin açılmasının yolu Dağlıq Qarabağın Azərbaycana qaytarılmasıdır: "Bundan başqa, Ermənistan Türkiyəyə qarşı ərazi və uydurma "soyqırımı" iddialarından əl çəkməsə, iki ölkə arasında nəinki sərhədlərin açılması, o cümlədən, diplomatik münasibətlərin qurulması mümkün deyil. İşğalçı ölkə isə bu siyasətindən əl çəkmir".
E.Həsənli hesab edir ki, Türkiyənin Avrasiya İqtisadi İttifaqı ilə əlaqələrində Ermənistanla sərhədlərin açılması məsələsi şərt kimi irəli sürülə bilməz: "Ankaranın bu addımı atacağı real deyil. Regionda Türkiyə ilə Rusiya arasında münasibətlərin yaxşılaşması Ermənistanın yox, Azərbaycanın xeyrinədir. Bu mənada, ermənilər Türkiyə ilə Rusiya arasında baş verən təyyarə qalmaqalından sonra ciddi cəhdlə çalışırdılar ki, bu münasibətlər daha da korlansın. Xüsusən Rusiyanın siyasi elitasında olan, Xarici İşlər Nazirliyində fəaliyyət göstərən erməni əsilli siyasətçilər bu istiqamətdə iş aparırdılar. Həmçinin, həmin ermənilər Bakı-Moskva əlaqələrini pozmaq istiqamətində də fəalliyyətlərini ortaya qoyublar. Lakin düşmənin cəhdləri həmişə uğursuzluqla nəticələnib".
Ermənistanın bölgədə çox ağır vəziyyətdə olduğunu deyən hərbi ekspert bildirib ki, bu fonda regionda Türkiyə-Gürcüstan-Azərbaycan, Rusiya-Azərbaycan-İran formatları daim işlək vəziyyətdədir: "Nəticədə Ermənistan bütün iqtisadi layihələrdən kənarda qalıb. Son dövrlər işğalçı ölkənin ciddi cəhdlə reallaşdırmağa çalışdığı İran-Ermənistan-Gürcüstan qaz xətti və dəmir yolu layihələri də iflasa uğradı. Bunun əksinə, Şimalla Cənubu, Şərqlə Qərbi birləşdirən nəqliyyat dəhlizləri Azərbaycanın iştirakı ilə həyata keçirilməyə başladı. Bütün bu layihələrdən kənarda qalan Ermənistan mənasız dövlətə çevrilib".
Türkiyəni regionda və dünyada böyük nüfuz sahibi olan dövlət kimi xarakterizə edən E.Həsənlinin sözlərinə görə, Ermənistan bu ölkə ilə sərhədlərin açılmasını həmişə arzulayıb: "Həmçinin, Ermənistan Azərbaycanla da əlaqələr qurmağı istəyir. Lakin işğalçı ölkə beynəlxalq hüquqa əməl etmək fikrində deyil. İşğalçı ölkə rəhbərliyi getdikcə məhvə sürükləndiklərini görür və ona görə də ortaya bu cür iddialar atmaqla öz vəziyyətini yaxşılaşdırmağa, daxili auditoriyanı müəyyən müddətlik də olsa sakitləşdirməyə çalışır. Halbuki, Türkiyə Avrasiya İqtisadi İttifaqına üzv kim qəbul edilsə belə, düşmən ölkə ilə sərhədlərin açılması mümkün olmayacaq".
QHT sədri deyib ki, əgər Ermənistan Türkiyə ilə sərhədlərin açılmasını, o cümlədən, Azərbaycanla münasibətlərini yaxşılaşdırmaqla ağ günə çıxmaq istəyirsə, işğal siyasətinə son qoymalı, zəbt etdiyi Dağlıq Qarabağ və ətraf rayonları geri qaytarmalıdır.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın bu yaxınlarda Bakıya edəcəyi səfərə toxunan E.Həsənli əlavə edib ki, iki ölkə arasında əlaqələrin kökündə tarixi bağlılıq, dil, din birliyi və dostluq, qardaşlıq münasibətləri dayanır: "Azərbaycanla Türkiyənin möhkəm təməllər üzərində qurulmuş əlaqələrini sarsıtmaq mümkün deyil. Bakı və Ankara strateji müttəfiqlərdir. İki ölkə arasında çox böyük siyasi, iqtisadi, hərbi layihələr həyata keçirilir. Ermənistana görə, nəinki qardaş Türkiyə, heç bir ölkə Azərbaycanla münasibətlərə xələl gətirmək istəməz".
Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakıya səfəri 10-11 sentyabr tarixlərinə planlaşdırılıb. Səfərin iki ölkə arasında strateji tərəfdaşlıq əlaqələrinin inkişafı, daha da yüksəldilməsi baxımından mühüm məsələləri əhatə edəcəyi gözlənilir. Türkiyə prezidenti sonuncu dəfə Azərbaycana iki il əvvəl, 2015-ci ilin iyunun 12-də "Bakı-2015" Birinci Avropa Oyunlarının rəsmi açılış mərasimi ilə bağlı səfər etmişdisə, daha sonrakı il iki dəfə planlaşdırılan səfər konkret səbəblərə görə baş tutmamışdı. R.T.Ərdoğan 2016-cı ilin fevralın 18-də Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının növbəti iclasının keçirilməsi üçün geniş nümayəndə heyəti ilə Gəncəyə səfər edəcəkdi. Lakin Ankarada terror aktının törədilməsi səbəbindən səfər təxirə salınmış, daha sonra martın 15-ə təyin olunmuşdu. Ancaq martın 13-də Ankarada yenidən terror hadisəsi baş verdi. Bu da səfərin yenidən təxirə düşməsinə ciddi səbəb idi. Ancaq Azərbaycan prezidenti İlham Əliyev qardaş Türkiyə xalqı ilə terrorla mübarizədə həmrəylik nümayiş etdirərək görüşün təyin olunduğu gün Bakıda deyil, Ankarada keçirilməsi təşəbbüsü ilə çıxış etmişdi. Nəticədə Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının növbəti iclası Türkiyə paytaxtında baş tutmuşdu.
Ceyhun ABASOV