|
|
|
|
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU), “Könüllülər” Kitabxana İctimai Birliyinin və Lider TV-nin birgə təşkilatçılığı ilə universitetdə Əməkdar incəsənət xadimi, şair Mirmehdi Seyidzadənin 110 illiyinə həsr olunmuş “Yazdım gözəllər eşqinə” adlı musiqili-bədii tədbir keçirilib.
Tədbirdə ADPU-nun rəhbərliyi, müəllim və tələbələri, şair və yazıçılar, ziyalılar, incəsənət xadimləri iştirak ediblər.
Tədbirin aparıcısı, Əməkdar jurnalist, fəlsəfə doktoru Qafar Əsgərzadə tədbirin keçirilməsinə verdiyi dəstəyə görə ADPU-nun rəhbərliyinə təşəkkür edib.
Bildirib ki, bu gün Azərbaycan ədəbiyyatına, mədəniyyətinə dövlət tərəfindən böyük qiymət verilir, xüsusi qayğı göstərilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva ədəbiyyata, mədəniyyətə xüsusi diqqət və qayğı göstərir. Bizim bu gün ADPU-da Əməkdar incəsənət xadimi, şair Mirmehdi Seyidzadənin 110 illiyinə həsr olunmuş tədbiri keçirməyimiz də bu diqqət və qayğının ifadəsidir. Mirmehdi Seyidzadə ADPU-nun məzunu olub. XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Mirmehdi Seyidzadə klassik uşaq şairi, dramaturq, tərcüməçi, gözəl poemalar, lirik şeirlər, qəzəllər, tərcümələr, sevilən lirik mahnıların müəllifidir.
Onun şeirləri və mahnıları böyük bir nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında mühüm rol oynayıb. O, ilk növbədə, uşaq şairidir. Uşaqların psixologiyasına, mənəvi dünyasına yaxından bələd olan şair onların qəlbinə yol tapıb. Soy-kökünə bağlı olan şair həmişə öz yaradıcılığında şifahi xalq ədəbiyyatına, dastanlara, nağıllara müraciət edib. Bunu şairin uşaqlar üçün yazdığı şeirlərindən açıq-aşkar görmək mümkündür. Eyni zamanda şairin həzin lirikası insan qəlbinin dərinliyinə nüfuz edir.
Qəlb şairi Mirmehdi Seyidzadə həm də gözəl məhəbbət şeirlərinin müəllifidir. Klassik rus və dünya ədəbiyyatına dərindən bələd olan şair ədəbiyyatımıza mahir bir tərcüməçi kimi də daxil olub. Onun rus və dünya ədəbiyyatından etdiyi tərcümələr yüksək səviyyəsi, mükəmməlliyi ilə seçilib. Klassik ədəbiyyatımızı, əruz vəznini mükəmməl bilən Mirmehdi Seyidzadə gözəl qəzəllər yaradıb. Onun şeirləri məzmun və forma baxımından fərqli olsa da, bu şeirlərdə şairin kövrək hissləri, qəlb çırpıntıları özünü büruzə verir. Onun özünəməxsus yaradıcılıq dəst-xətti, üslubu olub.
Nəğməkar şair Mirmehdi Seyidzadənin şeirlərinə dövrümüzün qüdrətli bəstəkarları mahnılar bəstələyiblər. Bu mahnılar böyük sənətkarlarımızın repertuarında xüsusi yer tutur. Onun əsərlərindəki estetik zövq və mədəniyyət, vətənpərvərlik bizim varlığımıza, qəlbimizə daxil olub. İkinci Dünya müharibəsinin iştirakçısı olmuş şair bu mövzuda da əsərlər yazıb. İndi də aktuallığını saxlayan bu əsərlər gənclərimizin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunmasında əhəmiyyətli rol oynayır. Bütün bunlarla yanaşı, Mirmehdi Seyidzadə həm də yüksək mənəviyyat, mədəniyyət sahibi, alicənab bir insan idi. Mirmehdi Seyidzadə həmişə oxucular tərəfindən maraqla oxunan, sevilən bir şair olacaq.
Tədbirdə şairin həyat və yaradıcılığı ilə bağlı videoçarx nümayiş etdirilib.
Xalq şairi Nəriman Həsənzadə, professor, şair Zahid Xəlil, Xalq artisti Eldost Bayram, şair, Əməkdar müəllim Ofelya Babayeva, Hacı Aqil Məlikov və başqaları çıxış edərək Mirmehdi Seyidzadəni istedadlı şair və dramaturq, ləyaqətli vətəndaş, görkəmli ziyalı kimi səciyyələndiriblər.
Mirmehdi Seyidzadənin qızı Əsmər Seyidzadə çıxış edərək tədbirin keçirilməsində əməyi keçən hər kəsə təşəkkür edib və atası ilə bağlı xatirələrini bölüşüb.
Tədbirdə tələbələr, şagirdlər Mirmehdi Seyidzadənin şeirlərini səsləndirib, tanınmış incəsənət ustaları şairin sözlərinə yazılmış mahnıları ifa ediblər.