Təhsil sahəsində aparılan genişmiqyaslı islahatlar internat məktəblərində də təhsilin keyfiyyətnin yüksəldilməsinə müsbət təsirini göstərib.
Son altı ildə Təhsil Nazirliyinin tabeliyindəki internat məktəblərini 4 min 291 nəfər bitirib. Onlardan 265-i ali məktəblərə, 197-si kolleclərə və 736-sı isə ilk peşə ixtisas təhsili müəssisələrinə daxil olub.
Təhsil Nazirliyinin De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsinin rəisi Məlahət Hacıyevanın dediyinə görə, hər il olduğu kimi, bu tədris ilində də 600-dən yuxarı balla ali təhsil müəssisələrinə qəbul olan abituriyentlər arasında internat məktəbinin məzunları da var. Bu şagirdlərin ali və orta ixtisas müəssisələrinə qəbul imtahanlarına hazırlıqları dərsdən sonra həmin məktəblərin müəllimləri tərəfindən aparılır.
O bildirib ki, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar ali və orta ixtisas təhsil müəssisələrində ödənişli formada təhsil aldıqları zaman təhsil haqqından azaddırlar. Onların təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Bununla bağlı Təhsil Nazirliyinin müvafiq müraciəti əsasında "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" qanunda dəyişiklik edilməsi barədə" qanun qəbul edilib.
S.QARAYEVA