|
|
|
|
İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İqtisadi və Ticarət Əməkdaşlığı üzrə Daimi Komitəsinin İstanbulda keçirilən 33-cü sessiyasında əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov qurumun Əmək Mərkəzinin Nizamnaməsini imzalayıb.
Nazirlikdən verilən məlumata görə, Nizamnamənin Azərbaycan tərəfindən imzalanmasından sonra sessiyanın bağlanış iclası keçirilib. Tədbirdə yekun söz Azərbaycan tərəfinə verilib.
Nazir S.Müslümov qeyd edib ki, İƏT-in Bakıda yaradılması nəzərdə tutulan və təşkilatın ixtisaslaşmış qurumu olacaq Əmək Mərkəzinin əsas məqsədi əmək, məşğulluq, sosial müdafiə və insan kapitalının inkişafı sahəsində üzv dövlətlərin səylərinin birləşdirilməsi, üzv dövlətlərin müvafiq qurumlarının və digər aidiyyəti İƏT təşkilatlarının fəaliyyətinin əlaqələndirilməsi, üzv dövlətlərdə əmək şəraitinin yaxşılaşdırılması, sosial tərəfdaşlığın gücləndirilməsi, layiqli əməyin tətbiqi, məşğulluq imkanlarının genişləndirilməsi və dayanıqlı sosial müdafiə sisteminin formalaşdırılmasını təşviq etməkdir: "Türkiyə İƏT Əmək Mərkəzinin Nizamnaməsini 2017-ci ilin 10-11 iyul tarixlərində Fil Dişi Sahili Respublikasında keçirilmiş İƏT Xarici İşlər Nazirlərinin 44-cü sessiyası çərçivəsində imzalayıb. Azərbaycan Nizamnaməni imzalayan ikinci dövlətdir. İƏT Əmək Mərkəzinin formal olaraq təsis edilməsi üçün onun Nizamnaməsinin 10 ölkə tərəfindən imzalanması tələb olunur və yaradılmış imkandan istifadə edərək mən digər İƏT üzv dövlətlərini sözügedən Nizamnaməni imzalamağa dəvət edirəm".
Nazir bildirib ki, Azərbaycan İslam həmrəyliyinin güclənməsinə mühüm töhfələr verir: "Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə 2017-ci il "İslam Həmrəyliyi İli" elan edilib. Bu il Azərbaycanın IV İslam Həmrəyliyi Oyunlarına yüksək səviyyədə ev sahibliyi etməsi isə İslam həmrəyliyinin möhkəmlənməsinə ölkəmizin mühüm töhfəsi olub".
S.Müslümov hazırda Azərbaycanın 2025-ci ildə Beynəlxalq Sərgilər Bürosunun ümumdünya sərgisinə ev sahibliyi etmək üçün namizədliyini irəli sürdüyünü vurğulayıb. Nazir diqqətə çatdırıb ki, ümumdünya sərgisi bütün mədəniyyətlərə bərabərlik və hörmət prinsipinə əsaslanan müxtəlifliyi sərgiləmək üçün bir platformadır: "Bu sərgilər qlobal müzakirələr və əməkdaşlıq üçün bütün beynəlxalq ictimaiyyəti nadir bir məkanda bir araya gətirir. Buna görə də Azərbaycan bu universal platformaya ev sahibliyi etmək üçün ən yaxşı məkanlardan biridir. Azərbaycanın sərgi üçün təklif etdiyi "İnsan kapitalını inkişaf etdirək, daha yaxşı gələcək quraq" mövzusu da bütün dünya üçün mühüm əhəmiyyət kəsb edir. Çünki bütün inkişafın və innovasiyaların əsasında insan kapitalı dayanır".
S.Müslümov fürsətdən istifadə edərək, sessiyada iştirak edən İƏT-ə üzv dövlətlərin nümayəndələrini ölkələri tərəfindən Azərbaycanın "Expo 2025" sərgisinə namizədliyini dəstəkləməyə çağırıb.
C.ABASOV