Suriyanın birləşmiş müxalifəti Cenevrədə birbaşa danışıqlar aparmağa hazırdır.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Danışıqlar üzrə komissiyanın rəhbəri Nəsr Həriri bəyan edib.
Onun sözlərinə görə, bu gün müxalifət nümayəndələri BMT-nin Suriya üzrə xüsusi elçisi Staffan de Mistura ilə görüşəcəklər. “Biz birbaşa danışıqlara hazırıq”, deyə N.Həriri vurğulayıb.
Rəsmi Dəməşqin nümayəndə heyəti noyabrın 29-da İsveçrəyə gəlib. Nümayəndə heyətinə Suriyanın BMT-dəki daimi nümayəndəsi Bəşər Cəfəri başçılıq edir.
Qeyd edək ki, Suriya üzrə danışıqların 8-ci raundu noyabrın 28-də Cenevrədə start götürüb.