Ötən gün Bakının Yasamal rayonununda 175 saylı tam orta məktəbdə İslam Həmrəyliyi İli mövzusunda tədbir-konsert keçirilib.
Tədbirin təşkilatçısı Gülşən Şiriyeva bildirib ki, bu il Bakıda keçirilən İslam Oyunları İslam Həmrəyliyi İlinin canlı nümunəsidir: "Mən də bir ingilis dili müəllimi kimi bugünkü tədbiri təşkil etməyi özümə borc bildim".
Tədbirin aparıcıları Ləman Əlizadə və Coşqun Kərimli İslam həmrəyliyinin önəmindən danışıblar. Onlar qeyd ediblər ki, multikulturalizm ilinin təbii davamı kimi 2017-ci ilin İslam Həmrəyliyi İli elan olunması çox böyük siyasi uzaqgörənliklə irəli sürülən ideyadır.
Müxtəlif islam bayraqları ilə səhnəyə qalxan uşaqlar simvolik olaraq tədbirin mahiyyətini vurğulayıblar. Sonra ayrı-ayrı türk xalqlarından mahnılar və rəqslər ifa ediblər. Şagirdlər, həmçinin, müxtəlif türk dillərində şeirlər oxuyublar.
"O olmasın, bu olsun" tamaşasından Fidan Tahirli, Nərgiz Əliyeva və Hüseyn Tahirlinin ifa etdikləri səhnəcik tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb. Şagirdlər islam və həmrəylik haqqında ingilis dilində atalar sözləri və deyimlər söyləyib, "Nar çubuğu" hekayəsindən səhnəcik canlandırıblar. Müxtəlif islam ölkələrinə aid təqdimat-sujetlər göstərilib.
Sonra məktəbin direktoru Qələndər Qələndərov çıxış edərək şagirdlərin əməyini yüksək qiymətləndirdiyini bildirib.
Qarabağ qazisi, rəssam Tərlan Eyvazov çıxışında gənclərin və uşaqların parlaq gələcək vəd etdiklərini, bunun milli mədəni inkişafımızın mühüm bir hissəsi olduğunu deyib.
Tədbirdə müəllimlər, valideynlər və media nümayəndələri iştirak ediblər.
Sonda məktəbin direktoru tərəfindən Gülşən Şiriyevaya gördüyü yüksək təşkilati işlərə görə diplom təqdim edilib.
MÜŞFİQ