Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti Cəbrayılın Cocuq Mərcanlı kəndində yerli əhalinin aktiv məşğulluğunun təminatı ilə əlaqədar görüləcək işlərin müzakirəsinə dair müşavirə keçirib.
Nazirlikdən verilən məlumata görə, tədbirdə vurğulanıb ki, prezident İlham Əliyevin ölkəmizin hərbi gücünün artırılması üçün həyata keçirdiyi uğurlu siyasət nəticəsində dünyada qüdrətli ordulardan biri olan Azərbaycan Silahlı Qüvvələrinin ötən ilin aprel döyüşlərində qazandığı parlaq tarixi qələbə minlərlə hektar torpağın işğaldan azad olunması ilə yanaşı, Cocuq Mərcanlı kəndində də təhlükəsiz yaşayışın bərpasına imkan verib. Dövlət başçısının 2017-ci il 24 yanvar tarixli sərəncamına əsasən, Cocuq Mərcanlı kəndində aparılan böyük bərpa-quruculuq işləri burada müasir tələblər səviyyəsində yaşayış şəraitinin yaradılmasına, kəndin gözəl evləri və məktəbi, uşaq bağçası, məscidi, bütün infrastrukturu, daimi suyu, elektrik enerjisi, təbii qazı, asfalt yolları olan müasir və abad bir yaşayış məntəqəsinə çevrilməsinə səbəb olub.
Dövlət Məşğulluq Xidmətinin rəisi Anar Bədəlbəyli aktiv məşğulluq tədbirlərinin təşkili zamanı işğal altında olan rayonlar üzrə işsiz və işaxtaran vətəndaşların məşğulluğunun təminatının daim diqqətdə saxlandığını, bu sahədə məqsədyönlü işlərin aparıldığını qeyd edib: "Dövlət Məşğulluq Xidməti tərəfindən həyata keçirilən aktiv məşğulluq tədbirləri nəticəsində bu ilin yanvar-oktyabr aylarında 43 746 nəfər işsiz və işaxtaran şəxs münasib iş yerləri, 919 nəfər haqqı ödənilən ictimai işlərlə təmin olunub. Xidmətin xətti ilə 2 920 nəfər üçün əmək bazarında rəqabətə davamlı peşələr üzrə peşə hazırlığı və əlavə təhsil kursları təşkil olunub".
Müşavirədə Cocuq Mərcanlı kəndində və ətraf ərazilərdə yerli əmək bazarının vəziyyəti, mövcud məşğulluq sahələri, əmək resursları, aktiv əmək bazarı proqramlarının, o cümlədən, özünüməşğulluq proqramının icrası üçün yerli potensial və s. ilə bağlı geniş müzakirələr aparılıb, aidiyyəti üzrə təkliflər verilib.
Qeyd olunub ki, hazırda bu kənddə iqtisadiyyat əsasən əkinçilik və heyvandarlıq üzərində qurulub. Kənd sakinlərinin bu ənənəvi fəaliyyət sahələri üzrə ailə əməyinə əsaslanan fərdi təsərrüfatlarını qurmaları, eləcə də mövcud təsərrüfatlarını genişləndirmələri özünüməşğulluq proqramı vasitəsilə dəstəklənəcək. Eyni zamanda, Cocuq Mərcanlı kəndində yerli sakinlərdən öz doğma kəndlərində müxtəlif ictimai-iaşə xidmətlərinin göstərilməsi üçün fərdi təsərrüfatlar, istehsal və ya emal yönümlü müəssisələr qurmaq istəyənlərin özünüməşğulluq proqramına cəlb edilməsi təmin olunacaq. Müvafiq hallarda seçdikləri fəaliyyət növlərində zəruri peşə bacarıqlarına yiyələnmələri üçün onların peşə hazırlığına cəlb olunmalarına da imkan yaradılacaq.
Ümumilikdə, bu kənddə əhalinin səmərəli məşğulluğunun artırılması üçün məqsədyönlü işlər aparılacaq. Bu tədbirlər həm yerli sakinlərin məşğulluğunun artırılmasına, həm də ərazidə iqtisadi həyatın daha da canlanmasına, kiçik sahibkarlığın genişlənməsinə əlavə dəstək olacaq.
C.ABASOV