Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə “BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” konvensiyasının icrası ilə bağlı Azərbaycanın öhdəlikləri: nailiyyətlər, problemlər və perspektivlər” mövzusunda konfrans keçirilib.
Nazirlikdən verilən məlumata görə, 3 dekabr - Beynəlxalq Əlillər günü ilə əlaqədar keçirilən tədbirdə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov, Milli Məclisin əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli, BMT-nin Uşaq Fondunun (UNİCEF) Azərbaycandakı nümayəndəsi Edvard Karvardin, Avropa Şurasının Bakı ofisinin rəhbəri Zoltan Hernis, eləcə də ayrı-ayrı hökumət və qeyri-hökumət qurumları, əlil ictimai təşkilatlarının nümayəndələri iştirak ediblər.
Konfransda çıxış edən S.Müslümov ölkəmizdə əlilliyin qarşısının alınması, əlilliyi olan şəxslərin tibbi-sosial reabilitasiyası, onların sosial müdafiəsinin gücləndirilməsinin prezident İlham Əliyevin sosial siyasət kursunun mühüm tərkib hissəsi olduğunu vurğulayıb. Nazir bildirib ki, 2008-ci ilin oktyabr ayında BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” konvensiyasına və onun fakültativ protokoluna qoşulan Azərbaycanda müvafiq sahədə qanunvericiliyin və praktiki icra mexanizmlərinin həmin sənədə uyğunlaşdırılması üçün mühüm işlər görülüb: “Təsadüfi deyil ki, konvensiyanın icrasına dair 2014-cü ilin aprelində BMT-nin Əlillərin hüquqları üzrə Komitəsinin 11-ci sessiyasında Azərbaycan hökuməti tərəfindən təqdim edilən ilk məruzə müsbət dəyərləndirilib”.
S.Müslümov qeyd edib ki, konvensiyada müəyyən edilən öhdəliklərin səmərəli icrası məqsədilə aidiyyəti dövlət qurumları və QHT-lərin təmsil olunduğu işçi qrup fəaliyyət göstərir: “Bu qrupun əsas vəzifəsi əlillərin hüquqlarının müdafiəsi üzrə plan və strategiyaları əlaqələndirmək və icrasını təmin etməkdir. Konvensiyanın nəzərdə tutulan müstəqil monitorinq mexanizmi funksiyaları isə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən həyata keçirilir”.
Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkiliyin yolverilməz olduğunun milli qanunvericilikdə aydın şəkildə təsbit olunduğunu qeyd edən nazir diqqətə çatdırıb ki, əlilliyi olan şəxslərin məşğulluğunun stimullaşdırılması daim diqqətdə saxlanılır. S.Müslümov əlilliyi olan şəxslər üçün məşğulluq imkanlarının artırılmasının “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında, peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsində əksini tapdığını bildirib.
H.Rəcəbli isə çıxışında əlilliyi olan şəxslərlə bağlı qanunvericiliyin beynəlxalq normalara uyğun təkmilləşdirilməsi yönündə aparılan işlərdən bəhs edib, həmin şəxslərin reabilitasiya və cəmiyyətə inteqrasiya imkanlarının daim artırıldığını diqqətə çatdırıb.
E.Karvardin və Z.Hernis BMT-nin müvafiq Konvensiyasından irəli gələn yanaşmaların milli qanunvericilikdə tətbiqi ilə bağlı Azərbaycanda görülən tədbirləri yüksək dəyərləndiriblər.
Daha sonra konfrans əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədovun moderatorluğu ilə işçi sessiya formatında davam edib.
CEYHUN