Dünən "Gənclər üçün Elektron Hökumət" konfransı keçirilib.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən verilən məlumata görə, tədbirdə nazirliyinin dəstəklədiyi maarifləndirici layihələrin və Gənclər Fondunun İKT sahəsi üzrə maliyyələşdirdiyi layihələrin hesabat təqdimatları olub.
Həmçinin, tədbir çərçivəsində "Gənclər üçün Elektron Hökumət" müsabiqəsinin qalibləri mükafatlandırılıb. "Elektron Hökumət"in təbliği üzrə ən yaxşı təşkilat nominasiyası üzrə "Gənc Sahibkarlar Şəbəkəsi" İctimai Birliyi, "Region gəncləri arasında elektron hökumət həllərinin istifadəsini təbliğ edən ən yaxşı təşkilat" nominasiyası üzrə "Regional İnsan Hüquqları və Media Mərkəzi" İctimai Birliyi, "Elektron Hökumət"in təbliği üzrə ən yaxşı fərdi şəxs nominasiyasında "Elektron Hökumə"in təbliği üzrə interaktiv dərs vəsaitinin müəllifi Ofeliya Mazanova, "Dövlət xidmətlərinin elektronlaşdırılması və "www.e-gov.az" portalının inkişafı üzrə ən yaxşı təklif" nominasiyası üzrə "Biznes mühitinin Elektron hökumət portalına inteqrasiyası" təklif layihəsi ilə Orxan Kərimov birinci yerə layiq görülüb.
Konfransın sonunda gənclər təşkilatlarının "Elektron Hökumət" sahəsi üzrə maraqlandığı mövzular ətrafında müzakirələr aparılıb və təşkilatların informasiya cəmiyyətinin inkişafına verdiyi töhfənin artırılması üçün tövsiyələr hazırlanıb.
Qeyd edək ki, tədbir Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Gənclər və İdman Nazirliyi, Gənclər Fondunun dəstəyi, Məlumat Hesablama Mərkəzi, Elektron Hökumət Təlim-Tədris Mərkəzi və Gənclər Təşkilatları Milli Şurasının təşkilatçılığı ilə baş tutub.
CEYHUN