“Odlar Yurdu” Gənclər İctimai Birliyi Türkiyənin Düzcə şəhərində “Erasmus Plus” proqramı çərçivəsində “Hayat Boyu Öğrenimi Destekleme” Dərnəyi tərəfindən həyata keçirilən, sosial media kampaniyalarına həsr olunmuş beynəlxalq layihənin tərəfdaşı olub.
Ümumilikdə 7 gün müddətində (14-21.01.2018) davam edən layihədə Albaniya, Azərbaycan, Bolqarıstan, Latviya, Makedoniya, Rumuniya, Slovakiya, Tunis, Türkiyə və Yunanıstandan 40 nəfər gənclər təşkilatlarının nümayəndələri və fəal gənclər iştirak edib. Azərbaycan 4 nəfərlik nümayəndə heyəti ilə təmsil olunub.
Türkiyə Cümhuriyyəti Avropa Birliyi Nazirliyinin təşkilatçılığı ilə Avropa Komissiyasının “Erasmus+” proqramı çərçivəsində baş tutan layihənin əsas məqsədi gənclərin diqqətinə sosial media kampaniyalarının əhəmiyyətini çatdırmaq, onlar arasında bu istiqamətdə fikir mübadiləsi aparmaq, gənclərin sosial media kampaniyaları hazırlaması istiqamətində bacarıqlarının inkişaf etdirilməsinə xidmət etmək idi.
Birliyin sədri Nigar Ələsgərova bildirib ki, bu səpkidə olan beynəlxalq layihələrdə formatından asılı olmayaraq, istər təlim kursu istərsə də gənclər mübadiləsi proqramı olsun, ənənəvi olaraq ölkələrin mədəniyyət gecələri keçirilir:
"Tərəfdaşı olduğumuz bütün bu kimi layihələrdə ölkəmizi layiqincə təmsil etməyə çalışırıq. Sayca 17-ci olan beynəlxalq layihəmizdə də Azərbaycan mədəniyyət gecəsinə xüsusi hazırlamışdıq. Tariximiz, uğurlarımız, mədəniyyətimizdən mümkün olduğu qədər geniş məlumat verməyə çalışdıq. Layihə iştirakçılarının təəsüratları çox yüksək idi".