Məlum olduğu kimi bu il martın 2-də Ermənistanda prezident seçkiləri keçiriləcək. Artıq hazırkı prezident Serj Sarkisyan öz namizədini də irəli sürüb.
Hakim Respublikaçılar Partiyasının prezidentliyə namizədi Ermənistanın Böyük Britaniyadakı səfiri Armen Sarkisyandır. Partiyanın lideri, prezident Serj Sarkisyan ötən həftə səfir Armen Sakisyanla öz iqamətgahında görüşüb və bu barədə müzakirələr aparılıb. Armen Sarkisyan namizədlik təklifini cavablandırmaq üçün vaxt istəyib. Belə ki, o, parlament, işgüzar dairələr, ziyalılar, siyasi və qeyri-siyası təşkilatlar, erməni diasporu və Dağlıq Qarabağın erməni icmasının nümayəndələri ilə görüşdükdən sonra yekun qərarını verəcək.
Serj Sarkisyanın prezidentlik müddəti aprel ayında başa çatır və o, üçüncü dəfə seçkilərdə iştirak edə bilməz. Ona görə də Sarkisyanın yenidən hakimiyyəti ələ keçirməyə hədəflənmiş planı var. Parlamentli respublikaya keçid əslində Serj Sarkisyanın yenidən Ermənistanda hakimiyyətdə qalmasına hesablanıb.
Belə ki, Sarkisyanın rəhbərlik etdiyi hakim partiyanın təşəbbüsü ilə irəli sürülən və 2015-ci ildə qəbul olunmuş yeni konstitusiyasına görə prezident birbaşa ümumxalq səsverməsi ilə deyil, parlament tərəfindən seçilir. Məlumdur ki, parlamentdə çoxluq təşkil edən Sarkisyanın partiyasının öz namizədinin qələbəsini təmin etməsi şansı böyükdür. Sarkisyanın planı isə baş nazir vəzifəsinə yiyələnməkdir. Yəni Ermənistan yeni idarəetmə üsuluna keçir və əsas səlahiyyətlər də məhz baş nazirdə olacaq.
Bəs prezidentliyə yeni namizəd kimdir? Ermənistanın Böyük Britaniyadakı səfirinin 65 yaşı var. Yerevan Dövlət Universitetini nəzəri fizika və riyaziyyat ixtisası üzrə bitirib. O, diplomat kimi bir sıra ölkələrdə, o cümlədən Böyük Britaniya, Avropa İttifaqı, Belçika, Niderlandlar, Lüksemburq və Vatikanda çalışıb. 1996-cı ilin noyabr ayından 1997-ci ilin fevral ayına kimi Ermənistanın baş naziri olub.
Ölkənin yeni konstitusiyasına əsasən Ermənistan prezidenti son altı il ərzində Ermənistanda yaşayan, səsvermə hüququna malik olan, erməni dilini bilən və 40 yaşına çatmış Ermənistan vətəndaşı ola bilər. Prezident Milli Məclis tərəfindən 7 il müddətinə seçilir, və səlahiyyətlərini yerinə yetirdiyi dövrdə heç bir partiyanın üzvü ola bilməz. Eyni şəxs ikinci dəfə bu vəzifəyə seçilə bilməz. Seçilmək üçün namizəd parlament üzvlərinin ümumi sayının üçdə birinin səsini qazanmalıdır. Yəni namizədin lehinə 105 nəfərdən ibarət parlamentin ən azı 79 üzvü səs verməlidir. Hakim Respublika Partiyası parlamentdə çoxluq təşkil edir, yəni 65 səsə malikdir . BBC-nin məlumatına görə, hakim ERP və onunla koalisiya təşkil edən Daşnaksutyun fraksiyaları birlikdə belə istədikləri namizədin qələbəsini təmin edə bilməzlər. Parlamentin müxalif "Yelk" (Çıxış) fraksiyası öz namizədini təklif edir və iqtidar namizədinin əleyhinə səs verəcəyini bəyan edib. Belə ki, hakim koalisiyaya namizədinin qələbəsini səsvermənin ilk mərhələsində təmin etmək üçün parlamentin sayca ikinci, liderinin adını daşıyan, "Tsarukyan" fraksiyasının dəstəyi gərəkdir. Fraksiyanın üzvü Naira Zohrabyan deyib ki, "Tsarukyan" fraksiyası öz münasibətini Armen Sarkisyanın razılığından sonra bildirəcək.
Aprelin 9-da prezidentlik səlahiyyətləri başa çatan Serj Sarkisyanın yeni hakimiyyət strukturunda rolu barədə hələlik konkret bir fikir söylənməsə də, onun istər baş nazir, istərsə də hər hansı başqa bir simada faktiki hakimiyyət başçısı rolunu əlindən verməyəcəyindən heç kəs şübhələnmir. Yeni konstitusiyaya görə də prezident ölkə başçısı sayılır, lakin onun səlahiyyətləri xeyli məhdudlaşır. Faktiki ölkə başçısı səlahiyyətlərinə isə baş naziri sahiblənir. Yeni konstitusiyaya əsasən, ölkə silahlı qüvvələrinin ali baş komandanı artıq prezident deyil, baş nazir olur. Silahlı qüvvələr isə ölkə hökumətinə tabe olur. Təhlükəsizlik Şurasına da baş nazir rəhbərlik edir. Prezidentin nə sülh, nə də müharibə elan etmək hüququ olur. Hökumətin təklifi ilə bu səlahiyyətə Milli Məclis malikdir. Hökumət hərbi vəziyyət elan edib, xalqa müraciətlə çıxış edə bilər. Xarici siyasət də hökumət proqramı əsasında işlənib hazırlanır və hökumət tərəfindən həyata keçirilir.
Deməli, Ermənistanda idarəetmədəki dəyişiklik sadəcə görüntü xatirinə olacaq. İdarəetmə sadəcə sözdə yenilənəcək, amma eyni siyasət, eyni yanaşma davam edəcək. Yeni prezidentin səlahiyyətləri çox aşağı olacaq və S.Sarkisyan baş nazir postuna yiyələnməklə özünün əvvəlki siyasətini davam etdirəcək. Beləliklə də Sarkisyan hökumət başçısı kimi Ermənistan rəhbərliyində qalacaq. Bu səbəbdən Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında da hər hansı dəyişiklik gözlənilmir. Danışıqlarda böyük ehtimalla yenə də S.Sarkisyan iştirak edəcək, çünki artıq qeyd edildiyi kimi prezidentin böyük səlahiyyətləri olmayacaq. Və Sarkisyan elə qaldığı yerdən də davam edəcək, münaqişənin həllinin uzadılması, onun "dondurulmuş" vəziyyətdə saxlanılması üçün çalışacaq.
Sarkisyanın bir neçə gün əvvəl AŞPA sessiyasında çıxışı zamanı səsləndirdiyi fikirlər də deyilənləri sübut edir. Əgər işğalçı ölkənin rəhbəri Avropanın 40-dan artıq ölkəsinin təmsil olunduğu bir beynəlxalq təşkilatda heç nədən çəkinmədən, soyqırım, etnik təmizləmə, işğal siyasətindən utanmadan yalan dolu çıxış edirsə, beynəlxalq ictimaiyyəti aldadırsa, deməli, onun hakimiyyəti müddətində Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında hansısa tərəqqi gözləməyinə dəyməz. Bu yalnız o halda baş verə bilər ki, işğalçıya beynəlxalq birlik tərəfindən təzyiqlər edilsin, ATƏT-in həmsədr dövlətləri öz qətiyyətli mövqelərini ortaya qoysunlar. Hələ ki, nə bu təzyiqlər var, nə də ki, həmsədr dövlətlərin qətiyyəti.
PƏRVANƏ