Prezident İlham Əliyevin İsveçrə səfəri olduqca səmərəli görüşlərin keçirilməsi, iki və çoxtərəfli münasibətlərin inkişafı, yerli və xarici şirkətlər arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində danışıqların aparılması ilə yadda qalıb.
Dünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün Davosa gedən dövlət başçısı İlham Əliyev səfər çərçivəsində İsveçrə prezidenti Alain Berset, Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili, Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər naziri Xəlid Əl Falih, İsrailin baş naziri Benyamin Netanyahu və digər ölkə və təşkilat rəhbərləri ilə təkbətək görüşlər keçirib, tərəflər arasında qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub. Həmçinin, prezident İlham Əliyev dünyanın ən böyük investisiya qurumu olan ABŞ-ın "Black Rock" şirkətinin təsisçisi Lourens Fink, Rusiyanın "LUKOİL" şirkətinin prezidenti Vahid Ələkbərov, "Chevron" şirkətinin korporativ biznes inkişafı üzrə vitse-prezidenti Cey Prayer, "Royal Phillips" şirkətinin baş icraçı direktoru Frans van Houten və digər xarici şirkətlərin rəhbər şəxsləri ilə danışıqlar aparıb, ölkəmizin son illərdə əldə etdiyi uğurlar, həyata keçirdiyi irimiqyaslı layihələr barədə tərəfləri məlumatlandırıb, əlaqələrin inkişaf perspektivləri müzakirə edilib.
Prezident, həmçinin, Davos İqtisadi Forumunun "Strateji baxış: Avrasiya" adlı interaktiv iclası və "Neft və qaz sənayesi siyasəti üzrə liderlərin toplantısı" adlı sessiyasında iştirak edib.
Xüsusilə ölkə başçısının "Strateji baxış: Avrasiya" adlı tədbirdə çıxışı geniş rezonans doğurub, maraqlı fikirlərin bildirilməsi, ciddi mesajların verilməsiylə digərlərindən fərqlənib. İnteraktiv iclasda Azərbaycanın daxili və xarici siyasəti ilə bağlı ona ünvanlanan sualları cavablandıran prezident əvvəlcə ölkəmizin region dövlətləri ilə münasibətləri barədə mövcud reallıq barədə məlumat verib, rəsmi Bakının Cənubi Qafqaz və Xəzər regionunda Ermənistandan başqa heç bir dövlətlə probleminin olmadığını deyib. Azərbaycanla Ermənistan arasında münasibətlərin gərgin olmasının isə torpaqlarımızın 20 faizinin işğal edilməsi, ermənilərin Dağlıq Qarabağda törətdiyi vəhşiliklərlə bağlı olduğunu tədbir iştirakçılarının diqqətinə çatdıran İlham Əliyev işğalçı ölkənin yürütdüyü təcavüzkar siyasəti, dünya birliyinin aldatmağa hesablanmış addımlarını kəskin tənqid edib: "Azərbaycanda daxili risk və ya təhdidlər mövcud deyil. Biz sərhədlərimiz boyu təhlükəsizliyimizi təmin etməliyik. Bunun ən yaxşı yolu isə öz ölkənin milli maraqlarına əsaslanaraq, eyni zamanda, qonşu dövlətlərin maraqlarını anlamaqla olduqca praqmatik və səmimi münasibətlərin qurulmasıdır. Hesab edirəm ki, Azərbaycanda biz belə bir tərəfdaşlığı qura bilmişik. Ərazilərimizin 20 faizini işğal etmiş Ermənistan istisna olmaqla, Azərbaycan bütün qonşuları ilə - Xəzərin digər sahilində yerləşən Qazaxıstan və Türkmənistan daxil olmaqla, Gürcüstan, Türkiyə, İran və Rusiya ilə çox yaxşı münasibətlərə malikdir. Regionumuzda olan hər bir ölkə ilə bizim xüsusi əməkdaşlıq formatımız var. Biz gənc müstəqil ölkəyik - cəmi 26 yaşımız var. Ancaq hesab edirəm ki, Azərbaycan, sözün əsl mənasında, müstəqil ölkə olmağa müvəffəq olub və bu, ona həqiqi müstəqil siyasət aparmağa imkan verir. Bu siyasət milli maraqlarımıza əsaslanır və heç bir qonşu dövlətin maraqlarına zidd deyil".
Daha sonra Azərbaycanın iqtisadiyyatının şaxələndirilməsi, neft və qazdan asılılığının azaldılması istiqamətində aparılan siyasət barədə məlumat verən prezident qeyri-neft sektorunun imkişafı istiqamətində atılan addımlardan, həyata keçirilən islahatlardan, onların uğurlu nəticələrindən danışıb.
Eyni zamanda, Azərbaycanın həyata keçirdiyi enerji və nəqliyyat layihələrinə toxunan dölvət başçısı bildirib ki, reallaşdırılan neft-qaz və nəqliyyat layihələri regionun enerji və nəqliyyat xəritəsini dəyişib.
Toplantıda əsas diqqət çəkən məqamlardan biri ölkə başçısına Azərbaycanda siyasi fəallıq, insan hüquqları və mətbuat azadlığı ilə bağlı vəziyyət barədə verilən sual idi. Müəyyən maraqlara xidmət edən təşkilatlar tərəfindən hazırlanan və qeyri-obyektiv statistikaya istinadla verilən suala olduqca geniş və dəqiq izahla cavab verən prezident vurğulayıb ki, ölkədə bütün fundamental azadlıqlar, o cümlədən, mətbuat azadlığı təmin edilir: "Mətbuat tamamilə azaddır. Azərbaycan əhalisinin 80 faizi internet istifadəçisidir. İnternetin azad, senzuranın olmadığı və əhalinin mütləq əksəriyyətinin internet istifadəçisi olduğu halda mətbuat azadlığının məhdudlaşdırılması haqqında danışmaq əsassızdır".
Vaxtaşırı olaraq ölkəmizə qarşı insan hüquqları, mətbuat azadlığı istiqamətində həyata keçirilən hücumlara toxunan İlham Əliyev qeyd edib ki, Azərbaycan müstəqil siyasət yürüdən dövlətdir: "Bu siyasət milli maraqlarımıza söykənir... Biz heç kəsə qarşı oyun aparmırıq və heç bir riskli və milli maraqlarımıza uyğun olmayan kampaniyanın tərkib hissəsi deyilik. Yəni, hücumların səbəblərindən biri bəzilərinin Azərbaycanı kiçik dövlət üçün artıq dərəcədə müstəqil hesab etməsidir. Bəzi QHT-lərin belə reytinqləri ölkəmizi gözdən salmaq, nüfuzumuza xələl gətirmək və Azərbaycanı qeyri-demokratik dövlət kimi təqdim etmək məqsədi daşıyır. Bu isə qətiyyən belə deyil".
Mövzu ilə bağlı "525"ə fikirlərini bildirən Milli Məclisin deputatı Sahib Alıyev bildirib ki, bir sıra xarici ekspertlərin fikrincə, Rusiyayla İranın qonşuluğunda yerləşməsi Azərbaycan üçün böyük təhlükədir: "Həqiqətən də həm Rusiya, həm də İranda elə çevrələr var ki, güclü və müstəqil Azərbaycanın olması, yumşaq desək, onların maraqlarına uyğun gəlmir. Amma artıq hər iki dövlətdə o da dərk edilməyə başlanıb ki, Azərbaycanın müstəqil və güclü olması müəyyən dərəcədə onların da maraqlarına cavab verir".
S.Alıyevin sözlərinə görə, Dünya İqtisadi Forumu çərçivəsində "Strateji perspektivlər: Avrasiya" adlı paneldə "Prezident Əliyev, bu il üçün Avrasiya ilə bağlı baxışınız nədən ibarətdir və Azərbaycan olduqca gərgin və hətta təhlükəli regionda necə davranacaqdır" sualına aydınlıq gətirərkən dövlət başçısı bir növ bunun, yəni Azərbaycanın əleyhinə yönələn reallığı öz xeyrinə necə çevirdiyinin sirrini açıb. İlham Əliyev bildirib ki, "coğrafi baxımdan əsas qonşularından kiçik olan ölkə üçün düzgün balansı tapmaq və bu qonşuluqdan üstünlük kimi istifadə etmək çox vacibdir. Çünki böyük qonşular həm də böyük bazar deməkdir. Bizim üçün isə ən yaxşı bazar qonşu dövlətlərin bazarlarıdır. Qarşılıqlı maraq, maraqların balanslaşdırılması və digərlərinin daxili işlərinə müdaxilə olunmaması, habelə regionda əməkdaşlıqla bağlı praqmatik yanaşmanın mövcudluğu ölkəmizin uğurlarının, daxili sabitliyin və yaxşı gələcək perspektivlərin səbəblərindəndir".
Baxın, praqmatik, milli maraqlara cavab verən siyasət budur: təhlükə və təhdidi qarşılıqlı faydalı əməkdaşlığa çevirmək. Ancaq orası da var ki, bu praqmatik siyasətin aparılması heç də asan deyil. Qərbdə də elə çevrələr var ki, onlar Azərbaycanın iki böyük qonşusuyla praqmatik yox, qarşıdurma siyasəti aparmasını istəyirdilər və indi də o istək qüvvədədir. Bu qarşıdurma isə ölkəmiz üçün fəlakət, region üçün xaos demək olduğundan Azərbaycan onu rədd edib. Ona görə də dövlətimiz "insan haqlarının ən çox pozulduğu, mətbuat azad olmadığı" ölkələrdən biri kimi təqdim olunur. Azərbaycan prezidenti bu məsələyə də çox dəqiq və dolğun cavab verib".
Ceyhun ABASOV