Ermənistan prezidenti Serj Sarkisyan Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasında yalan, böhtan dolu çıxışı ilə özü özünü bir daha ifşa etmiş oldu.
Azərbaycana qarşı həyata keçirilən cinayətlərin, etnik təmizləmə siyasətinin, Xocalı soyqırımının başında dayanan Sarkisyan öz çıxışı ilə həm də bir daha onu sübut etdi ki, sülh prosesindən çox-çox uzaqdadır. AŞPA-da təmsil olunan 40-dan çox ölkənin deputatlarını aldatmağa çalışan Sarkisyan məhz həmin qurumun Azərbaycan ərazilərinin işğalı ilə bağlı qətnamə qəbul etdiyini deyəsən unutmuşdu. Əks halda həm Ermənistandakı vəziyyət, həm də Dağlıq Qarabağ məsələsi ilə bağlı yalan məlumat verməkdən çəkinərdi. Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, qurumun vitse-prezidenti Səməd Seyidovun tutarlı faktları qarşısında aciz qalan Sarkisyan vəziyyətdən yenə də yalan danışmaqla, beynəlxalq qurumların işğal faktı ilə bağlı qəbul etdiyi qətnamələri danmaqla çıxmaq istədi. Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan ərazilərindən dərhal çıxmasına dair BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini, AŞPA-nın, Avropa İttifaqının və digər qurumların qətnamələrini danan Sarkisyan əslində özünü gülüş hədəfinə çevirmiş oldu. Çünki bu qətnamələr açıqdır və istənilən an onlarla tanış olmaq mümkündür. Bəllidir ki, Ermənistan blokada vəziyyətindədir, iqtisadi böhran yaşayır, əhalisi aclıqdan əziyyət çəkir və ölkəni kütləvi şəkildə tərk edir. Üstəgəl, Dağlıq Qarabağ münaqişəsinin həllində göstərdiyi qeyri- konstruktiv mövqe İrəvanın vəziyyətini daha da ağırlaşdırıb.Ölkənin belə acınacaqlı vəziyyətdə olduğu halda AŞPA tribunasından həqiqətə uyğun olmayan məlumatlar səsləndirməyi ancaq əli günahsız insanların qanına batmış Sarkisyan edə bilirdi və etdi də.
Azərbaycan Xarici İşlər Nazirliyinin açıqlamasında da Ermənistan rəhbərliyində olan şəxslərin cinayət məsuliyyəti daşıdıqları vurğulandı: “Ermənistan rəhbərliyi və Ermənistan Xarici İşlər Nazirliyinin instutisional yaddaş pozğunluğu və ya amneziyadan əziyyət çəkdiyini nəzərə alaraq, onlara Ermənistanın o zaman müdafiə naziri və hazırda prezidenti olan Serj Sarkisyanın Böyük Britaniyadan olan jurnalist Tomas de Vala açıqlamasını xatırlatmaq istərdik. Tomas De Valın müəllifi olduğu “Qara Bağ: Ermənistan və Azərbaycan sülh və müharibədən” adlı kitabın 172-ci səhifəsində Serj Sarkisyanın dedikləri istinad kimi yazılıb. “Xocalıdan əvvəl Azərbaycanlılar düşünürdülər ki, ermənilər mülki insanlara qarşı əl qaldıra bilməzlər. Amma biz bu streotipi sındıra bildik. Tomas de Val açıqlamasında bu müsahibənin səs yazısına da malik olduğunu bildirib”.
XİN bəyan edib ki, müasir beynəlxalq hüquqa uyğun olaraq, insanlıq əleyhinə cinayət və soyqırım əməli olan Xocalı faciəsinin törədilməsinə görə Ermənistanla bərabər, Ermənistanın hərbi-siyasi rəhbərliyində olan şəxslər də cinayət məsuliyyəti daşıyırlar: “Ermənistanın hərbi-siyasi rəhbərliyi istintaqa ifadə verməyə özündə cəsarət taparsa və Xocalı soyqırımı ilə əlaqədar beynəlxalq tribunal təşkil olunarsa, Azərbaycanın prokurorluq orqanları tərəfindən aparılan istintaq işi çərçivəsində Xocalı faciəsinə görə onların cinayət məsuliyyətini sübut edən daha təfərrüatlı faktlar, o cümlədən, şahid ifadələri, məhkəmə ekspertiza rəyləri təqdim oluna bilər”.
Millət vəkili, politoloq Rasim Musabəyov Sarkisyanın bu cəhdlərini mənasız adlandırıb. O deyib ki, Bakının tələbləri beynəlxalq hüquqa uyğundur və gec, ya da tez Ermənistan tərəfi geri addım atacaq: “Xalqların öz müqəddəratını təyinetmə” yalançı bəhanəsi ilə İrəvan Azərbaycana qarşı silahlı zorakılıq tətbiq edib və işğal yolu ilə əldə etdiyi əraziləri danışıqlar vasitəsilə qanuniləşdirməyə çalışır. Ermənilər özləri illüziyalara qapılaraq elə hesab edirlər ki, bizi xarici himayədarları və lobbiçiləri hesabına qəbuledilməz şərtlərlə razılaşmağa və ya mövcud status-kvo ilə barışmağa vadar edə bilərlər”.
Politoloq vurğulayıb ki, AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Ermənistan dövlətinin başçısına müraciətlə “Siz Azərbaycana qarşı müharibənin lideri olmusunuz. Niyə çıxışınızda Xocalı faciəsindən danışmadınız? Xocalıda uşaqlar, yaşlı insanlar, qadınlar daxil olmaqla 600-dən çox insan ermənilər tərəfindən öldürülüb”. Bu ittihamlarına cavab olaraq erməni prezident bəyan edib ki, siz mümkünsüzü istəyirsiniz: “Siz Qarabağın Azərbaycanın tərkinə qaytarılmasını istəyirsiniz. Azərbaycanda antierməni ritorikası o qədər yayılıb ki, siz açıq surətdə bəyan edirsiniz ki, sizə ermənilərsiz Qarabağ lazımdır. Bu, mümkün deyil. Heç vaxt da olmayacaq”.
R.Musabəyov əlavə edib ki, məhz Sarkisyan, Koçaryan və onların quldur dəstələrinin əməlləri ermənilərlə azərbaycanlılar arasında düşmənçiliyə səbəb olaraq müharibəyə çevrildi. Minlərlə insanın həlak olmasına, milyonlarla azərbaycanlının, eləcə də ermənilərin öz evlərini tərk edərək məcburi qaçqına çevrilməsində məhz onlar günahkardırlar.
Millət vəkili qeyd edib ki, Qarabağ hadisələrinin təşkilatçıları hakimiyyətə keçərək var-dövlət sahibi olublar: “Bunun üçün onlar təkcə azərbaycanlılara qarşı cinayətlər törətməyiblər, bir çox erməniləri də gələcəkdən məhrum ediblər. Bunun bariz nümunəsi olaraq milyonlarla erməni məcburi surətdə mühacirə çevriliblər. Münaqişənin 25 ili müddətində hər dörd ermənidən biri xarici ölkədə səadətini tapmaq üçün öz ölkəsini birdəfəlik olaraq tərk etdi. Ermənistan iqtisadiyyatı isə hətta sovet dövründəki səviyyəyə belə çata bilmir. Belə olan halda sual yaranır: nə maliyyə, nə də demoqrafik imkan olmadığı halda Azərbaycan torpaqlarını işğal edərək, orada ermənilərin yaşaması üçün müharibə etməyə dəyərdimi?”.
Millət vəkili vurğulayıb ki, Serj Sarkisyan və onun ətrafı Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz təkib hissəsi olduğunu yaxşı bilirlər: “Onlar heç vaxt Qarabağın Azərbaycandan ayrılmasına nail ola bilməyəcəklər. Buna görə də münaqişənin sülh yolu ilə həlli prosesini uzatmağa çalışırlar. Lakin bütün bu cəhdlər mənasızdır. Gec, ya da tez cavab verməli olacaqlar. Bu işdə heç bir hədə-qorxu, yalan, terror və təxribatlar onlara kömək etməyəcək”.
PƏRVANƏ