Türkiyə Afrinin terrorçulardan təmizlənməsi üçün "Zeytun budağı" hərbi əməliyyatlarını davam etdirir. Əməliyyatlara yanvar ayının 20-də başlanılıb.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan əməliyyatların yaxın günlərdə başa çata biləcəyini istisna etməyib. Xatırladaq ki, ABŞ-ın Mərkəzi Qüvvətlər(CENTCOM) komandanı Cozef Votel son açıqlamasında Yaxın Şərqdə vəziyyətin daha da gərginləşəcəyini və amerikalı hərbçilərin Menbicdən çəkilmək niyyətində olmadığını bildirib.
Millət vəkili Sahib Alıyev hesab edir ki, türk ordusunun "Zeytun budağı" antiterror əməliyyatına başlayandan bəri ən böyük uğurun əldə edildiyi, yəni Burseya dağının ələ keçirildiyi gün verilən bu açıqlama əslində Ankaranın atdığı addımların boşuna olduğunu göstərmək niyyəti daşıyır və son dərəcə təhlükəlidir. Onun sözlərinə görə, bütün strateqlər, o cümlədən, Türkiyə rəhbərliyi də yaxşı bilir ki, Menbic təmizlənməsə, Afrinin ələ keçirilməsinin elə də böyük önəmi olmayacaq: "Yəni həm Türkiyənin torpaq bütünlüyünə təhdid, həm də terror təhlükəsi baxımından bu, çox vacibdir. Çünki Menbic amerikalıların əlində olduğu halda İraqdan Aralıq dənizə qədər dəhliz açmaq və bu dəhliz boyunca kürd dövləti yaratmaq planını reallaşdırmaq yenə də mümkündür. Ola bilsin ki, bununla bağlı Rusiya ilə xırda bir bazarlığa ehtiyac duyulsun. Rusların bu məsələdə amerikalılarla anlaşacağı elə də çətin görünmür. Ona görə də Türkiyə nə yolla olursa-olsun, Menbici təmizləməlidir.
General Votelin sözləri, bundan öncə isə Türkiyə və ABŞ prezidentlərinin telefon danışıqları zamanı meydana çıxan reallıq isə göstərir ki, Vaşinqton öz hərbçilərini oradan çəkmək istəmir və Yaxın Şərqin xəritəsini dəyişmək üçün terrorçularla başlatdığı işbirliyini də davam etdirmək niyyətindədir.
Belədə Menbicdə Amerika və Türkiyə ordusunun üz-üzə gəlmək təhlükəsi yaranır. Təbii ki, bu, bir çox səbəblərdən indi o qədər də ağlabatan görünmür. Ancaq iki ölkə arasında ziddiyyətlərin daha da kəskinləşəcəyi və ermənilərin də bundan faydalanmağa can atacaqları heç şübhəsizdir. Fikrimcə, biz bütün bunlara hazır olmalı, ilk növbədə ermənilərin yaranmış vəziyyətdən faydalanmalarının qarşısının alınması yönündə önləyici addımlar atılmalıdır".
Siyasi şərhçi Elçin Mirzəbəyli isə hesab edir ki, separatizmə qarşı mübarizə aparmaq hər bir dövlətin haqqıdır. Onun sözlərinə görə, "Zeytun budağı" əməliyyatı Türkiyənin daxili məsələsi deyil: "Zeytun budağı" əməliyyatı Türkiyənin daxili məsələsi olmadığı üçün qardaş ölkə göründüyü kimi bu əməliyyatı keçirmək üçün digər dövlətlərlə razılaşma əldə etdi və bununla da Rusiya qüvvələri Afrindən geri çəkildi. Məsələnin hüquqi tərəfləri bundan ibarətdir və bu konteksdən də məsələdə presedent axtarmağı düzgün hesab etmirəm. Lakin terrorizmə, separatizmə qarşı mübarizə aparmaq hər bir dövlətin vəzifəsidir. Hətta ölkə sərhədlərindən kənarda da olsa, Azərbaycan öz ərazi bütövlüyünə, vətəndaşların təhlükəsizliyinə təhdid yaradan istənilən faktın aradan qaldırılması üçün müvafiq addımlar ata bilər. Bu, beynəlxalq təcrübədə də, indiki halda da "Zeytun budağı" əməliyyatı kontekstində özünü açıq şəkildə büruzə verir ".
Siyasi-şərhçi əlavə edib ki, əgər biz sözügedən əməliyyatla Azərbaycanın keçirməsi ehtimal olunan hərbi əməliyyatları presedent kimi müqayisə etsək, o zaman ölkəmiz bu əməliyyatları Ermənistan ərazisində aparmalıdır: "Çünki işğalı, terroru, separatizmi dəstəkləyən, müdafiə edən Ermənistandır. Əgər söhbət Dağlıq Qarabağdan gedirsə, o zaman bunu "Zeytun budağı" əməliyyatı ilə əlaqələndirmək yanlışdır".
"Zeytun budağı" əməliyyatı Türkiyənin təhlükəsizliyinin təmin edilməsi məqsədilə terrorizmə və separatizmə başqa bir dövlətin ərazisində keçirildiyi üçün bu əməliyyatın Dağlıq Qarabağ münaqişəsinə presedent olması məsələsini doğru hesab etmirəm. Dağlıq Qarabağ və digər işğal olunan ərazilərin Azərbaycanın tarixi torpaqlar olduğunu deyən siyasi-şərhçi söyləyib ki, burada mövcud olan terrorizmə və separatizmə, qeyri-qanuni hərbi birləşmələrə qarşı əməliyyatlar keçirmək ölkəmizin haqqı, hüququ və daxili məsələsidir".
Millət vəkili Azər Badamov isə deyib ki, Türkiyə ölkə prezidenti Rəcəb Tayyip Ərdoğanın rəhbərliyi altında güclənir, dünyaya sözünü deyir. Dünya tarixində də Türkiyə həmişə yeri görünən hegemon dövlət olub. Onun sözlərinə görə, Türkiyə hər zaman İslam dünyasında birlik yaratmağa çalışır: "Türkiyə haqq-ədalət tərəfdarıdır. Avropanın da qorxduğu odur ki, müsəlman dövləti olan Türkiyə yenə güclənsin və Avropada mövqeləri möhkəmlənsin. Ona görə də Avropanın istədikləri Türkiyə mütəmadi terrora məruz qalsın, gücdən düşsün və parçalansın. Amma Türkiyə də özünü müdafiə edə bilən qürurlu ölkədir. Heç kimə imkan verməz ki, kimsə onun haqqını tapdalasın. Afrin bölgəsindəki hərbi əməliyyatlar da bu xarakter daşıyır. Bəzi dairələr Türkiyəyə mütəmadi terrorlarda maraqlıdır və PKK/ YPG -nı müasir silahlarla silahlandırır. Türkiyə bunun qarşısını almağa qadirdir. Afrin bölgəsindəki uğurlu əməliyyatları da bunu deməyə imkan verir".
PƏRVANƏ