Akademik, Milli Məclisin (MM) Mədəniyyət komitəsinin sədri, Rafael Hüseynov Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı keçmiş "26-lar", indiki "Sahil bağı"nın "Cümhuriyyət bağı" kimi adlandırılması təklifi ilə çıxış edib.
R.Hüseynov bu təklifini MM-in qarşıdan gələn 2018-ci il yaz sessiyası ilə bağlı parlamentin Mədəniyyət komitəsinin yanvarın 29-da ilk iclasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, həmin bağın "Cümhuriyyət bağı" adlandırılması AXC-nin 100 illiyinə ən böyük töhfələrdən biri olardı: "Hesab edirəm ki, həmin bağ "Cümhuriyyət bağı" kimi adlandırılmalıdır. Bunun çox mənəvi-siyasi önəmi var. Bu, "Cümhiriyyət ili"nə ən böyük töhfə olardı". Komitə sədri eyni zamanda bildirib ki, Azərbaycanda Cümhuriyyət bağı-parkı olarsa, onunla bağlı tarixi şəxsiyyətlərin hamısını bir yerdə anmaq olar: "Orada onların hamısını bir yerdə ziyarət edə biləcəyik. Zamanında "26 Bakı komissarı" adlanan yer vardı. O bağ vaxtı ilə Cümhuriyyətlə bağlı idi, Azadlıq parkı idi. Orada, yaxud, başqa yerdə belə bir park-bağ yaratmaq olar".
Qeyd edək ki, bundan öncə isə "525-ci qəzet"in baş redakroru, Azərbaycan Yazıçılar Birliyinin (AYB) katibi Rəşad Məcid "Cümhuriyyət ili" ilə bağlı "Sahil bağı"nın "Cümhuriyyət bağı" kimi adlandırılması təklifini irəli sürmüşdü. Onun bu təklifi bir çox ziyalılar və ictimai xadimlər tərəfindən dəstəklənmişdi.
Kamil HƏMZƏOĞLU