Bugünlərdə Azərbaycan-Türkiyə ədəbi əlaqələri çərçivəsində Türk Ədəbiyyat Vəqfinin (TƏV) geniş nümayəndə heyəti ölkəmizə səfərdədir.
Azərbaycan Yazıçılar Birliyi (AYB) və Türkiyənin Azərbaycandakı səfirliyinin Mədəniyyət müşavirliyinin birgə həyata keçirdiyi layihədə məqsəd hər iki ölkə arasındakı ədəbi əlaqələri daha da inkişaf etdirmək, dəyərli söz-sənət adamlarını yaxından tanıyıb-tanıtmaqdır.
Dünən TƏV rəhbərliyi Türkiyənin Azərbaycandakı böyük elçisi Erkan Özoralla görüşüb, daha sonra isə Atatürk Mərkəzində TƏV-in çap etdiyi tanınmış yazıçı Mir Cəlal Paşayevin “Kəmtərovlar ailəsi” kitabının təqdimat mərasiminə qatılıblar.
Bugünkü proqrama əsasən isə, qonaqlar AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli ilə görüşəcək, əməkdaşlıq məsələlərini müzakirə edəcəklər.
Daha sonra heyət AYB-nin sədri, Xalq yazıçısı Anarla görüşəcək, Azərbaycan və Türkiyə arasındakı ədəbi əlaqələrin mühkəmləndirilməsi istiqamətində müqavilələr imzalayacaqlar. Görüşdə, eyni zamanda, Anarın TƏV tərəfindən çap edilmiş “Yaxşı padşahın nağılı” kitabının da yazıçıya təqdim olunması gözlənilir.
Həmçinin, bu gün saat 15.00-da AYB-nin “Natəvan” klubunda Türkiyənin böyük ədəbiyyatşünas alimi Əhməd Kabaklının Azərbaycan dilinə uyğunlaşdırılmış “Yunus Əmrə” kitabı təqdim olunacaq. Böyük türk şairi Yunus Əmrənin həyat və yaradıcılığına güzgü tutulan kitabı dilimizə gənc yazarlar Şahanə Müşfiq və Cavid Qədir tərcümə edib. Nəşrin redaktoru ədəbiyyatşünas Seyfəddin Hüseynli, elmi redaktoru filologiya elmləri doktoru, professor Asif Rüstəmlidir.
Saat 18.00-da isə Rəşid Behbudov adına Mahnı Teatrında Əhməd Kabalının xatirəsinə həsr olunmuş ədəbi-bədii tədbir keçiriləcək. Tədbirdə Türkiyə və Azərbaycanın tanınmış ədəbiyyat adamlarının, rəsmilərin iştirakı nəzərdə tutulur. Mərasim Türkiyənin məşhur xalq sənətçisi Əsəd Kabaklı və Azərbaycanın Əməkdar artisti Mehriban Zəkinin iştirakı ilə konsert proqramı ilə davam edəcək.
Mərasimdən sonra Türkiyə səfirliyinin Mədəniyyət və Turizm Müşavirliyi adından qonaqların şərəfinə ziyafət təşkil olunacaq.
Sabah isə qonaqların Sumqayıt şəhərinə səfəri nəzərdə tutulur. Onlar şəhərlə tanış olduqdan sonra Sumqayıt Poeziya evində ədəbi tədbirə qatılacaqlar.
Tədbirlərin koordinatoru Azərbaycan və Türkiyədə tanınmış yazıçı İmdat Avşardır. Azərbaycan- Türkiyə ədəbi əlaqələrinin genişləndirilməsi və iki ölkənin bir-birinin ədəbiyyatı ilə yaxından tanış olması üçün bu səfərin əhəmiyyətinin böyük olduğunu vurğulayan koordinatorun sözlərinə görə, bu cür layihələr gələcəkdə daha da inkişaf etdiriləcək.
Türkiyədən Azərbaycana təşrif buyurmuş nümayəndə heyətində TƏV-in başqanı Sərhat Kabaklı, “Türk Dünyası” dərgisinin redaktoru Bəxtiyar Aslan və TƏV-in müdiri Özcan Ünlü də var. Onlar Türkiyənin tanınmış şair və nasirləridir. “525-ci qəzet” bu böyük ədəbiyyat bayramı münasibətilə onların əsərlərini oxuculara təqdim edir.
1952-ci ildə Türkiyənin Elazığ şəhərində doğulub. Ali təhsilini tamamladıqdan sonra 1976-cı ildə Bitlis Əhlət bölgə məktəbində işləməyə başlayıb. 40 ildən çoxdur ki, təhsil sahəsində çalışır. Türk Ədəbiyyatı Vəqfinin başqanıdır. 2000-ci ilə qədər yazdığı şeirlərini “Öncə göyərçinləri vurdular” adlı kitabında toplayıb.
Sərhat KABAKLI
Gün gələr...
Gözəllik bağçasında bir səhər
Yamanlıq dizə gələr.
“Qorxulu nağıllar”la uyutduğumuz,
Nənnilərlə, laylalarla böyütdüyümüz
Körpələrimiz
“Öz”ə gələr!..
Gün gələr,
Çiçəklərlə bəslənər ümid budaqları.
Və bir sevinc sarar
Dörd mövsümü dörd yandan,
Bahara gəlməyən mutluluq
Tutar yolları,
Gözə gələr!..
Gün gələr,
Lal-kar gecələrin səssizliyində
Bir qapı döyülər...
Acı-şirin hər dəminə həsrətlə yandığımız
Və əsla geri dönməyəcək sandığımız
Keçmişimiz
Bizə gələr!..
Könül vadisini bir hüzün sarar,
Səslənər yamaclar,
Çeşmələr ağlar.
Göz baxar, ürək yanar, qan qaynar,
Aşıq vulkanları könlündə arar,
Coşqunluq
Saza gələr!..
Gün gələr,
Göz çeşmələrinin quruduğu
İsti bir yay günündə
“Bir əski canan” ağlar!..
Gözyaşları sərin irmaqlar kimi çağlar,
Ürəyimizdəki
Közə gələr!..
Bil, oğlum...
Orkun, Burak, Melih, Fatih,
bu şeir sizlərə ünvanlanıb!
Gün gedəndə, Ay gələndə gəl, oğlum,
Cahan gülər sən güləndə, gül, oğlum!..
Tezcə böyü, tezcə boy at, tez, oğlum,
Xain gəzən bu yaylada gəz, oğlum!..
Sən güclüsən, əngəl bilmə, aş, oğlum,
Sən böyüksən, olmalısan baş, oğlum!..
Gün içində gələcəkdir gün, oğlum,
Salacaksan bu cahana ün, oğlum!..
Haqqa tapın qiyamətədək, oğlum,
Dönmə, sakın, qalmış olsan tək, oğlum!..
Səndən başlar sonsuzluğa yol, oğlum,
Dörd bir yana atmalısan qol, oğlum!..
Çörəyini ac olanla böl, oğlum,
Haram yemə, haqq uğrunda öl, oğlum!..
Kor düyünü qılıncınla çöz, oğlum,
Səndə yanar məndə yanan köz, oğlum!..
Xəyanətə yuvarlanmaq yox, oğlum,
Qılıncını xain qəlbə sox, oğlum!..
Zülüm dolu səltənətdən en, oğlum,
Zalımlara duymalısan kin, oğlum!..
Daim olsun ürəyində qor, oğlum,
Hesabını bu dünyada sor, oğlum!..
Əcdadını xeyrət ilə an, oğlum,
Utanc deyil, sənə verir şan, oğlum!..
Tarixə sən verəcəksən can, oğlum,
Gün gələr ki, torpaq istər qan, oğlum!..
Nəfs, kibir məntiq udan div, oğlum,
Dikbaş olma, insanları sev, oğlum!..
Bircə yol var, haqq yoludur, bul, oğlum, -
YERi bilmək, GÖYü bilmək... Bil, oğlum!...
Şeirdən qaçış
İllərdir ürəyimdən dönən sudur şeir
Çiyidi çıxmış meyvə,
Və özümlənmiş buğda...
Öz yığılır içimdə, mən məni anladamam
Bu öz məni uyutmaz,
Mən bu yüklə yatamam!..
Kerəyimdə, qeyb olmuş nəslin
Soyuq ayaq izləri,
Qarışqa addımıyla boşluğa yürüyürəm,
Qovuşacağım ölkə, işıq, erguvan və rəng,
... Elə isə
Boşluğun o tərəfində sonsuzluq görürəm...
Misra ömür misalı...
Təkrar, təkrar və təkrar!..
Bir təranədir ümid,
Hər addımında həsrət var...
Günəşin doğuşundan günəş batana qədər,
Um... gözlə... gözlə... unut!..
Mən bir qələm xəstəsi
Və bir təkrar ustası...
“Təranə” ürəyimə bir ürküntü verir.
Bir gün məni doyuran və aşan hər düşüncə,
Bir qütb qabarıb-enməsində boğulmaq qədər komik,
Sonra mənə bir “töküntü” gəlir!..
Mən bir “mənlik” dublyoru,
Bir qələm bəzirganı...
Ruhum dar, ürəyim dar, anlamım qıt,
Zaman dar...
... Və qələmimi qırdım...
Artıq yazmayacağam...
Zamani-dara qədər!..
Gecənin üstünə nurlu dan gedər
Bir gün axın başlar qutlu diyara,
Hələlik sorulur anaya yara.
Bir şəhid başını verməz əğyara,
Can bədəndən ayrılsa da, tən gedər!
Gün olur təbilə toxmaq vurulu r,
Hesablar məhşərdən öncə sorulur,
İndi ürəyimiz yanır, burulur,
Yaslı ordu o gün haqqa şən gedər.
Bir dərd ki, ürəkdə qabarıb daşan,
Bir çilə minlərcə minləri aşan,
Gün gələr ki, rəfə qalxar şöhrət, şan,
Uyuşan ürəyə laxta qan gedər.
İstini ararkən günəşlər batar,
İşığa həsrətkən gündüzlər yatar,
Bir “dua” zülmətə aydınlıq qatar,
Gecənin üstünə nurlu dan gedər.
Könül əri ərənlərin yanında,
Xainlərlə hesablaşma günündə,
Haqqa varan bu safların önündə,
Qara baxtlı, könül taxtlı xan gedər!..
Əsarət günlərində Azərbaycanla həmdərdlik
Hər zaman uzaqlara dikilincə gözlərim,
Mən ağlamaq istərəm, ağlamaq istərəm mən.
Qafqazımı Ağrıya bağlamaq istərəm mən,
Bu coşqun Araz kimi çağlamaq istərəm mən.
Bir zaman açılınca dar küçədə əllərim,
Yalvararaq Rəbbimə azadlıq dilərəm mən.
O zaman ki, solubdur hər küçədə güllərim,
Mənə ölümdür o gün, ölümü bilirəm mən!..
O zaman ki Yaradan yerə, göyə “ol” demiş,
Öz atama ol demiş, qurda, quşa “ol” demiş,
Quranı rəhbər vermiş, “uğurunda öl” demiş,
O gündən bu günəcən uğrunda ölürəm mən!..
O zaman ki, Qafqazım baş qaldırdı Xəzərə,
Dərə oldu al-qanım, irmaq oldu hər dərə,
Rəbbim, mənim özümü türkün olduğu yerə
Qovuşdur, al canımı... Sənə yalvarıram mən!..
Zülmətə güllə sıxmaq
Hörmətli ustadım Əhməd Kabaklıya
Acılarla bəslənən bütün dərd irmaqları,
Yüzminlərlə illərdir ta ürəyinə axar.
Keçmişlə gələcəyin birləşdiyi nöqtədən
Üzünə titrər həyat, hey gözlərinə baxar...
Gələcək kirli deyə dünyaya qəhr etmədin,
Yaman yazılmış deyə qədərə küfr etmədin,
Yıxılanı qaldırdın, könüldə təhr etmədin,
Feyz verdiyin hər fidan zülmətə güllə sıxar.
Himmətinlə millətə can verən canlar gəlir,
Yırtılır dərinliklər, nur yüklü tənlər gəlir,
Gözəlliklərlə dolu o aydın günlər gəlir,
Doğar məna günəşi, qaranlıqları yıxar.
Aldanmaq mənə qaldı
Aldanmaq mənim üçündü!..
Ha mələyə,
Ha şeytana...
Ağ sabahlar yerinə
Bir qaranlıq axşama...
Aldanmaq mənim üçündü
Sənə!..
Bəlkə gözlərin dilindən
Xəbərsizdi gözlərim,
Ümid, yüksəklərdə bir budaqdı...
Səadət bəlkə sənindi,
Amma
Əllərim boş qalmadı...
Aldanmaq mənə qaldı!..
Qaralama
Qara daşlar ağ topuğa qan eylər,
Vallah, qara qardaş, gün qara gündür.
Soysuz biri bir dərdimi min eylər,
Vallah, qara qardaş, gün qara gündür.
Qara daşım ağ topuğu dələndə,
Dimdik başım qara yerə gələndə,
Saxta dostum əhvalıma güləndə,
Vallah, qara qardaş, gün qara gündür.
Qara daş üstündə qara yazılar,
Qara daş altında körpə quzular,
Sızıldar, sızıldar, içim sızıldar,
Ağla, qara qardaş, gün qara gündür.
Amma
Ürəyi burxulur insanın tutqun gecələrdə,
Yamaclardan yuvarlanan könül çığırtılarını
İstəsən sən də duyarsan, birdənəm,
Amma
Eşqi dadsan,
O incikliyin ləzzətindən doyammazsan!..
Qaranlıqlar bəlkə səni də qorxudur,
Bəlkə sənin də ulduzsuz gecələrlə başın dərddədir,
Amma sən,
Səni udan qaranlıqlara
Mənəm qədər kin duyammazsan.
Gün dönəndə
Bəlkə sənin də ürəyin burulur,
Bəlkə sən də günəşlə birlikdə getmək istərsən
Aydınlıq içindəki ölkələrə...
Amma
Sən də mənim kimi gedəmməzsən
Bu şəhərdən...
Alın yazısı
Şəhidim Aydan Baydiliyə
Bir məzar görürəm hey
Gecələrin qoynunda...
Qaraşamdımı, səlv ağacıdımı başında ağlayanı
Bir məzar görürəm hey
Qoynunda gecələrin...
“Bir tutam saç”dı yəqin kəfənin bağlayanı!..
Bir günəş doğar kimi
Gecə qırmızılığında
Könül ipə çəkilmiş
Quşüzümü budaqlarında.
Sənə dua yollaram
Sənə üsyan yollaram
Alınma mənə məzar
Alınma eləmi!..
Həm sən məni tanıyırsan, həm də mən səni...
Sənin daşında nə yazılıbsa
Mənim alnımda da o yazılıb!..
Boş ver buna, məzar!..
Əsgər uğurlama halayında marş
Şırnağın sıcağına,
Peyğəmbər ocağına,
“Təskərə”ylə dönərəm
Anamın qucağına.
Bu səslər ərşə gedər,
Əskərim Muşa gedər.
Gəl ağlama, nişanlım,
Gözyaşın boşa gedər.
Ağrının dağı daşı,
Karvanadır həm aşı.
Önümüzdə bayram var,
Ümidim bu il başı.
İspartanın tozu var,
Ərzurumun buzu var.
Buluşmaq ümidimdir,
Alnımızda yazı var.
Bu yol Yozqata çıxar,
Sevdam qat-qata çıxar.
Gözlə məni, onbeşlim,
Ümid Toqata çıxar.
Harputumu bəklərəm
Günü günə əklərəm.
Torpağı Vətən edən
Həm mənim əməklərim.
Bu torpaq ulu torpaq,
Kölgəli, sulu torpaq.
Mən barış qartalıyam,
Pəncəmdə yaşıl yarpaq.
Xəyal ölkəsi
Çirkabın, bataqlığın adına “dünya” desək,
Halvadan bütlər yapsaq, sonra onları yesək!..
Bir qütb iqlimindəcə büzüldükcə büzülsək,
Məna günəşi doğsa, buzlar kimi çözülsək...
Əl-ələ tutuşaraq “qutlu otağa” varsaq,
Bismillahla başlasaq, anlatsaq və yalvarsaq!..
Fərat olub çağlasaq, Araz olub bükülsək,
Bir coşqun rəhmət olub yarınlara tökülsək.
Haqqa qalalar qursaq, qalaya surlar hörsək,
O surlara dırmansaq, nurlu üfüqlər görsək!..
Bir vursaq min dinləsək,
min dinləsək bir vursaq,
Ədalətdən hörülmüş yeni bir dövran qursaq!..
Azərbaycan dilinə uyğunlaşdıran: İbrahim İLYASLI
ÖLÜM VƏ MAVİ QUŞ
1971-ci ildə Qəhrəmanmaraşın Elbistan İlçəsinə bağlı Ortaörən kəndində doğulub. Fərat Universitetinin Fənn Ədəbiyyatı fakültəsinin Türk dili və Ədəbiyyatı ixtisasını bitirib. Türkiyənin müxtəlif universitetlərində dərs deyib. “Türk ədəbiyyatı”, “Yeddi iqlim”, “Türk dili”, “Dil və Ədəbiyyat”, “Bizim külliyyat”, “Dərgah”, “Nilufər” kimi müxtəlif dərgilərdə məqalə, şeir, hekayə, reportaj və esseləri yayımlanıb. “Su”, “Qalaycının dediyi”, “Səssiz hekayələr - Kəndin xəbəri yox”, “Səssiz hekayələr - Cənnətin son saatları”, “Günəbaxan - Yeni Türk Ədəbiyyatı dəyərləndirmələri”, “Muhan Baliyə Məktublar” kimi şeir, hekayə və araşdırma kitablarının müəllifidir.
Bəxtiyar ASLAN
ÖLÜM VƏ MAVİ QUŞ
Ölüm mənə bir güllə surətilə gələcəyini söylədi.
Oyandım və anamın serrozdan əməlli-başlı şişmiş qarnının üstündə birləşmiş əllərini öpdüm. Anam oyandı və evin içinə bir işıq yayıldı. Divarda mavi bir hörümçək əsnədi, işıq dörd divar arasında gedib-gəlib başqa bir rəng axtardı. Bəlkə mənim bilmədiyim, kimsənin bilmədiyi, məlum olmayan bir rəng axtardı. Tanrıya bərabər dua etdik. Üzü əməlli-başlı saralmış, başqasında görsəm, şübhəsiz, qorxacağım qədər zəifləmişdi. Almacıq sümükləri dərisindən ayrılacaq kimiydi. Bütün zəifliyi və bütün arıqlamasına baxmayaraq, mənim anam idi və getdikcə mərhəməti tanrının mərhəmətinə daha çox bənzəyirdi. Bir insanın gücü tükəndikcə mərhəmətinin artması üçün mütləq ana olması lazım olduğunu ağrı-acıyla qavradım və içimdən anama qarşı, onun mənə qarşı olan duyğusuna bənzər bir mərhəmət yüksəldi. Bu, necə bir şeydi, Allahım? Göz qapaqlarını belə tərpətməyə taqəti qalmadığı bir anda, bütün kainatı sarsıdacaq qədər güclü bir mərhəməti diri tutmaq necə bir şey?
Ölüm, əlbəttə, vardı və bir girdabın qaranlıq koynuyla anamın mərhəmət dolu əriməyi, sona çatmağı arasında gedib-gedib gəlirdi. Halbuki mən getməsini və bir daha gəlməməsini, hökmən gələcəksə, anam üçün deyil, mənim üçün gəlməsini istəyirdim. Son zamanlarda üzünü həmişə divara çevirir və nəsə vəd verməyincə dönüb mənə baxmırdı. Əslində, bunu nə üçün etdiyini çox yaxşı bilirdim. Bildiyimi anam da bilirdi. Bir şeyi daha qəti bir məlumatla bilirdim; o da ölüm mələyinin qanadlarının boz olduğu idi. Mələklərin qanadlarının olduğu söz-söhbətinə həmişə inanmır və buna çox vaxt lağ edirdim. Amma indi boz qanadlı ölüm mələyi başımızın üstündə dolanıb dururdu. Bəlkə bu bozluq mələyin şəxsən özündə mövcud olan bir şey deyil, yalnız ölümün obrazıydı. Ağıla daha uyğun gələni budu. Ölümün obrazıdı və obrazın da bu şəkildə varlığı mənə uyğun bir şeydi. Bəlkə də bir başqası üçün yaşıl, qırmızı, yaxud da... Hətta mütləq qaradı. Bəlkə də rəng yox, başqa bir şeydi. Bəlkə ölümün bir obrazının olması da mənə uyğun bir durumdu. Çünki...
Amma xeyr! İnsanlar daim şeyləri obrazlaşdırırlar və sonra da həmin şeyi deyil, daha çox onun obrazını xatırlayaraq yaşayırlar. O obrazı sevib darıxırlar. O obraza nifrət edirlər, o obraza əsəbləşirlər. Və bəlkə də o obrazı öldürürlər. Bir insanı öldürmək əslində əvvəl qatilin, sonra da bütün insanların gözündə onun obrazını öldürmək deyilmi? Eşq də belə bir şeydir. İnsan bir sevgilidən çox öz içində yaşatdığı, meydana gətirdiyi, böyütdüyü sevimli obrazına aşiqdir. Çox vaxt sevgili, o obrazın yerini doldura bilməz. Hətta heç bir zaman doldura bilməz. Buna görə bütün sevgililər o obrazın gerçək sahiblərinin adıyla xatırlanır. Hamısının adı ya Leyla, ya da Züleyxadı...
Ölüm mənə bir güllə sürətilə gələcəyini söylədi.
Bunun bir həyatı soyunmaq mənasını verdiyini bilirdim. Köhnələrin təcridi dedikləri şey... Hər təcridin bir yenilənmə olduğunu da bilirdim. Yenilənmə, yenilərin yenilənmə dedikləri şey... Elə isə ölüm mənə, məni yeniləmək üçün gələcəkdi. Sürətinin heç əhəmiyyəti yox idi.
Ana və ölüm mənim zehnimdə öz obrazlarıyla tamamlanan iki şey kimi mövcud oldu. Onların həqiqi obrazlarını aşanı heç cür yarada bilmədim. Ana və ölüm səhv eləməz. Tanrı isə obraza çevrilə bilməz. Son zamanlarda ana və ölüm obrazının zehnimdə iç-içə girdiyini, bənzədiyini, sonra da get-gedə bütünləşdiyini görürəm. Boz qanadlı ölümün yavaş-yavaş qolları arasına almağa başladığı boz bir ananın əllərini öpürəm.
Yatmadım. Saat 03:21. Tam iki saat otuz doqquz dəqiqə sonra yuxarıdakı sətirləri yazmağa başlayacağam.
Yaxud da yuxarıdakı sətirləri yazmağa başladığımdan tam iki saat otuz doqquz dəqiqə əvvələ döndüm. Bunu istədim və etdim. Çayımız hələ isti. Bu səhər ona onu sevdiyimi söylədim və axşam yeməyə dəvət etdim. Birbaşa, fikirləşmədən, heç bir izaha ehtiyac duymadan söylədim. Qəbul etdi. Bu qədər ani bir etirafın ardından bu qədər tez və müsbət qərar verə biləcəyini sanmırdım. Yemək zamanı bunun səbəbi aydın oldu. Mənim obrazım, onun zehnində yaranan obrazım inandırıcı və razı salan bir şəkildə meydana çıxmış və özü bunun necə və nə səbəbə olduğunu anlamamışdı. Bir ara ona zehnimdəki sevimli obrazından bəhs edəsi oldum. Amma dərhal imtina etdim. Bir insanı yonub bir obraza çevirmək qeyri-mümkündü və o, bu qeyri-mümkünlüyü hiss etməməliydi. Eynilə belə, bir sevimli obrazını da yonub-azaldıb bir gerçəyə, bir sevgiliyə çevirmək qeyri-mümkündü. Tanrının o qədər yaratdığı şeylər arasından bir həqiqəti tapıb ona inanmaq mümkün ikən niyə zehnimizdə meydana gətirdiyimiz obrazlara daha çox inanar və bağlanarıq?
Üstəlik, bunun acı çəkməyin ən kəsə yolu olduğunu bilə-bilə... Bunun, insanın öz yaratdığına tapınması kimi bir şey olduğunu qəbul etməliyik.
Ölüm mənə bir güllə sürətilə gələcəyini söylədi.
Anam ölümün geniş və qaranlıq açılan ağzına doğru addım-addım irəliləyirdi. Mən bunu bilir, görür və içimdə, dərinlərdə bir alov kimi hiss edirdim. Anam ölürdü və mən hələ bu səhər birinə eşq elan etmişdim. Üstəlik, ölüm mələyinin boz qanadlarının xışıltısı sözlərə çevrilərək mənə necə gələcəyini söyləmişdi. Süfrədə danışarkən, onun hazırlanan obrazlardan deyil, əksinə, birdən və öz-özünə yaranan obrazlardan olduğunun fərqinə vardım. O, öz obrazını və dəyərini özündən kəsib düzəldir, özüylə məhdudlaşdırırdı. Hər şey özüylə başlayıb özündə bitdiyi üçün də zehnimi heç vərdiş etmədiyi bir tənbəlliyə sürükləyirdi. Bir müddət sonra məhz zehnimin obraz yaratmaq ustalığını özümə isbat etmək üçün, onun özündə başlayıb bitən obrazını belə pozmağa cürət edəcəyimə əmindim. Bu pozma yeni bir obraz olaraq ortaya çıxacaq və onu da bu yeni obraza inandırmağa çalışacaqdım.
Süfrədə saçlarının sarısından bir anda anamın solmuş üzünə keçirəm. Üzünün və əllərinin damarları az qala qara deyilə biləcək bir bənövşəyiliklə qabarmış, çölə çıxacaq kimi görünür. Dodaqları gülümsəyərkən o köhnə, sağlam günlərin isti dövrlərindən nə qədər də uzaq! Yenə də sevgi və mərhəmət dolu. Tanrının mərhəmətiylə yarışa biləcək tək şey xəstə ana gülümsəməsidir, deyə düşünürəm. Gözləri doymaq bilməyən bir baxışla baxır üzümə. Gözün qarnı yox... bu baxışlarda gizlənən “bəlkə də son baxışlar” düşüncəsini, qorxusunu sezirəm. Bunu sezdiyimi bilir və üzünü səssizcə divara çevirir. Otağı tərk etməmi istəyir. “Get”, deyir. İçindən “getmə” deyən bir qışqırığın qopduğunu bilirəm. Yenə də gedirəm. Eyni qışqırıq mənim içimdən də qopur. Yenə də gedirəm. Yenə də gedir. Oturub bir az danışsam, şirin yalanlarla gözəl sabahlardan bəhs etsəm? Bir az sevinc, kiçik bir ümid? Xeyr, hər şeyi bilir. Getdikcə daha bir az əriyir.
Dünən belə bu qədər kiçik deyildi əlləri. Nəfəsi belə kiçilmiş. Saçlarımı iyləyərkən fərqinə vardım bunun.
Ölüm mənə bir güllə sürətilə gələcəyini söylədi.
Məzar daşlarını oxuyuruq. Bəziləri bizi bir xeyli məşğul edir. Axşam günəşi sərvlərin kölgəsini alıb qəbiristanlığın dərhal bitdiyi yerdə başlayan qırmızı təpəyə aparır yavaş-yavaş. Ölülərlə danışmalı. Ölülərin dillərini bilməli. Sərvlər onların dilini mütləq anlayır. Onların dili? Bütün ölülər eyni dildəmi danışır? Bu dilin adı susqunluq ola bilərmi? Yüngül bir meh saçlarını dağıdır. Sərvlər nazlana-nazlana tərpənir, çobanyastıqları titrəyir, gəlinciklər (yabani çiçəklər) təlaş içindədi... Saçlarını yığıb boynundakı ipək şərflə arxasında bağlayır. Yaşıl üstündə ağ xalları olan bir şərf. İki çiyininin arasından sarı saçlarıyla birlikdə axıb gedir.
Birməyəcək bir axış. Kürəyindən topuqlarına doğru. Sonra yerə, çəmənlərin üstünə, yavaş-yavaş bütün qəbiristanlığa, bütün şəhərə, bütün kainata... Bu sonsuz axış içində itməli. Üzümə baxıb gülümsəyir.
İçimdən keçənləri bilir. Ölüm, onun içində bu sərvlərlə birləşmiş. “Ölümün obrazı sərvdir”, deyir.
Qəbiristanlıqlar sərvlər ölkəsi kimi bir yermiş. Qəbiristanlıqlarda gerçək olan sərvlərmiş, məzarlar bir dekorasiyadan ibarətmiş. Burada deyir, sərvlərin həyatı, sərvlərin macərası vardır. Onların macərasının içində məzarların və ölülərin yeri ancaq bir evin hər hansı bir əşyası, dekorasiyası qədərdir.
Ölümü yüngülləşdirmək üçün söyləyir bunları, bilirəm. O danışdıqca içimdə bir ana divara tərəf çevrilib ağlayır. Anam niyə həmişə divarlara ağladı? Ölsəydi, görəsən məzar daşına nə yazılardı? Məndən soruşur.
Bu haradan çıxdı indi? Hirslənirəm, amma israr edir. Bir məzar daşından yaddaşımda qalan bir-iki misranı oxuyuram. Razı qalmır. “Mavi bir quşun qanad açması üzünün sahilindən...”, deyirəm. Bu, xoşuna gəlir.
Bunu onun üçünmü, anam üçünmü söylədiyimi mən belə bilmirəm. “Demək, mən ölsəm, üzümün sahilindən mavi bir quş qanad açacaq”, deyir, gülümsəyir. O an, həqiqətən, ölümü düşünür. Gülümsəməsi belə qorxudan sınmış. “Üstümdə ağacmı əkərsən, gülmü?..”
Ölüm mənə bir güllə sürətilə gələcəyini söylədi.
Qaranlıq əməlli-başlı çökür. Karvan-karvan insanlar gəlir. Böyük otaqda oturub Quran oxuyurlar, sonra çıxıb gedirlər. Gedərkən hamısıyla əl tuturam. Bu adamlar kimdi? Hamısı məni tanıyır, amma mən heç birisini tanımıram. Bütün üzlər eyni. Önümdən siluetlər keçib gedir. Eyni siluet təkrar-təkrar keçib gedir. Qaranlığın bütün üzləri, bütün səsləri udmağını, hər şeyin üstünü örtməyini istəyirəm. Ölümün belə üstünü örtə biləcək bir qaranlığın çıxıb gəlməsini istəyirəm. Bağçaya qaçıram, tut ağacının altına. Gecələri belə quşlar kimi yuva qurduğum tut ağacının altında anamı tapıram, yapyalnız oturmuş halda. Qəribə bir işarəylə məni çağırır. Bağçamıza bahar gəlmiş, əriklər çiçəkləmiş. Almaların çiçəkləməsinə hələ var. Tutlar yamyaşıl... Qaraya çalan yaşıllara bürünmüş tutlar. Anam bir neçə adım kənarda dayanıb, amma səsi çox uzaqlardan çağırırmış kimi “gəl”, deyir mənə.
II
Ölüm mənə, bir güllə surətilə gələcəyini söylədi.
Aşağıda, dərənin içində, söyüd ağaclarının qaranlığı tündləşdirən gecənin qoynunda bir mauzer açıldı. Mauzerin səsi ağacların təpəsində ulduzların işığıyla gümüşlənən cılız yarpaqları ürpərtdi. Güllə lülənin yivlərindən burula-burula, qıvrıla-qıvrıla, birindən digərinə adlaya-adlaya irəliləyir, gecənin əməlli-başlı boşalan oynaqlarını gərməyə başlayırdı. Başımın üstündə asılı qalan bağlamanın tellərindən birinin qopduğunu duydum. Qopan tel boşluğu incə bir fitlə biçməyə başladığında ölümün az əvvəl mənə çatan pıçıltısını yenidən tapdığımı sandım. Bağçadakı tut ağacının ən incə, ən zərif, ən körpə yarpağının bir tük kimi havada fırlanmağa başladığını gördüm. Ölümün səsi belə məndəki yenilənmənin başlamasını təmin etməlidi. Qaranlığın içindən küləyin necə keçdiyini, o tut yarpağının boşluqda necə fırlanmağa başladığını bəlkə də buna görə görə bilirəm. Hər şey bir anda baş verib bitmişdi. Ölümün mənə bir güllə sürətilə gələcəyini söyləməsiylə mauzerin açılması, mauzerin açılmasıyla sazın telinin qopması, telin qopmasıyla tut yarpağının havada fırlanmağa başlaması... Hamısı bir anda, eyni vaxtda olmuşdu. Yenə eyni anın içində üzümü, güvələrin sətir aralarını yeyib tək bir hərfinə belə toxunmadıqları müqəddəs bir kitab olaraq gördüm.
Güllə lülənin içində, yivlərin arasında burula-burula irəliləməyə başlayanda üzümdəki müqəddəs kitabın işığının sürətiylə səni, sənin üzünə mənim üzümdən əks olunan hərfləri tanımağa, oxumağa çalışırdım.
Güllənin lülənin ilk yivini burulması, qopan telin fitlə özünü yaxşıca eşitdirməyə başlaması, tut yarpağının boşluğu tanıması içimdə böyük bir sualın oyanmasına səbəb oldu. Yüzümdəki müqəddəs kitab, həqiqətən, mənim üzümdə idimi, yoxsa əslində, ölüm bir güllə surətilə gələcəyini sənə söyləmiş, bu kitab sənin üzündəmi açılmışdı? Mənim üzümdəki kitab bir əks olunma ola bilərdimi? Heç tanımadığımız bu əlifbanın özü və əks olunması hansımızın üzündəydi? Doğrusunu bilmədiyimiz bir əlifbanın əks olunmasını, tərsinə dönmüş halını da bilə bilməzdik, əlbəttə. Amma işdə məndə bir yenilənmə başlamışdı. Lakin eyni yenilənmənin səndə başlamadığına dair əlimdə tək bir dəlil belə yoxdu. Bütün bunların ölümün fərqli obrazlarla özünü göstərməsi, eşitdirməsi olmasını diləyərək səni əlindən tutub bir-birimizə bir şeyin sözünü verdiyimiz yerə apardım. Nə söz verdiyimizi söyləmək istəmirdim. Necəsə o yerə çatdığımızda ağılına gələcək ilk şey bu olacaqdı.
Küçənin ortasında bir-birimizə içində ölümün, mərhəmətin, ananın obrazları sıxlaşmış baxışlarla bir-birimizə baxdıq. İkimiz də susaraq danışır, hər şeyi bilir və bir-birimizə bildirirdik. Anam məni bir dəfə çağırmışdı və ölüm gələcəyini, həm də surətiylə birlikdə söyləmişdi. Sən, ölümün sənə gələcəyinə inanmaq istəyirdin. Amma sənin hələ bir çağıranın olmadığını söyləyərək səni bu inancdan qurtarmağa çalışırdım. Güllə lülənin bütün yivlərini adlayaraq boşluğa atıldığı anda yanımızda ağ bir at meydana çıxdı. O anda bunun ölümün öz obrazı olduğunu anladım. Məğlub olmuşdum. Boz qanadlarıyla gözlədiyim ölüm, ağ bir at olaraq çıxıb gəlmişdi. Ölüm belə bir şeydi, deyə fikrimdən keçdi, öz obrazını özü yaradır. Bir sıçrayışla ata mindim.
Beləcə sənə də fürsət vermədim. Mənim bir şey etməyimə gərək qalmadan at qanadlandı. İçimdə, anama qovuşacağımın, səni getmək üçün çırpındığın ölümün əlindən almış olmanın xoşbəxtliyilə ayrılığın ağrısı boğuşurdu.
Ölüm mənə bir güllə sürətilə gələcəyini söylədi.
Atın belindəki səfərim sonsuz bir boşluğa açılan bir uçurumun kənarında sona çatdı. At özbaşına dayananda güllə düşməkdə olan tut yarpağını deşərək gəlib sol böyrümə girdi. İçimdən ağ bir işığın göyə doğru yüksələrək məndən uzaqlaşdığını gördüm. Hüznlü bir xoşbəxtliklə arxasınca baxdım. Geriyə, üstümə doğru qərənfillər atırdı. İşığın yüksəldiyi yerdə anamı, qollarını açmış gülümsəyən anamı gördüm. Gözlərimi son bir səylə açanda başım dizlərində idi. Yanaqlarından süzülən yaşlar üzümə tökülürdü. Beləcə səni ilk və son dəfə gözyaşları vasitəsiylə öpürdüm. Son nəfəsimi verdiyimdə anamın məzarından mavi bir quş havalandı, gəlib üzünün sahilinə qondu.
İndi mən də mavi bir quş olaraq hərdənbir çıxıb gəlir, üzünün sahilinə qonuram. Sənə ilk və son öpüşümü təkrarlayıb dururam. Üzünün sahilindəki o mavi quşun nə vaxt qanad açacağını bilirsənmi?
Çevirən: Eyvaz Zeynalov
1968-ci ildə Ordu şəhərində doğulub. Şeir, hekayə və esseləri “Mavəra”, “Kardələn”, “Türk ədəbiyyatı”, “Qum yazıları”, “Ay vaxtı”, “Heca”, “Yeddi iqlim”, “Dil və Ədəbiyyat” və başqa dərgilərdə yayımlanıb.”Məndən öncə”, Eşq olur”, “Qorxuya türkü”, “Eşq gündəliyi”, “Təslimiyyət”, “Atəş gözəli”, “Ata, anama qışqırma”, “Hər şey birdən-birə”, “Ustad və ağac məcmuəsi”, “Otuz üç məsəl” kimi şeir, esse, roman kitablarının müəllifidir.
Özcan ÜNLÜ
HƏYAT BİLGİSİ
Sudəm üçün
Bu gün belə edək;
Bağrımızdakı daşları tullayaq
Qadınlar və uşaqlar küçədən keçərkən
Yerdən bir çiçək götürüb
Dünyanın qəmzəsinə taxaq.
Bu gün belə edək;
Mavi bir istiridyenin boynuna minib
Balaca Şahzadəylə şəkər portağalı soyub
Qoyaq işıldaböcəklərin baş ucuna
Sonraya saxlayaq işıltılı söhbətləri.
Bu sənin bildiyin bir mahnı da ola bilər
Bəlkə də bildiyin bir oyun - pozma
Lüləyə ver köksündə böyüyən nəfəsi
Yanıb-yaxılaraq və qəmli-qəmli
Büllur bir kasadan damcılayan eşqi
Doldur ürəyinin zirzəmisinə.
Belə olsun, bu gün belə edək;
Azğın çaylar boyunca
Buz kəsən barmaqlarımıza baxmadan
Yaxud başımıza yağan odları isladıb
Sərək dünyanın damına
Sənin gözlərinə baxınca bəlkə
Tərsinə dönər qədəri insanın.
İndi duraq və belə edək, qızım;
Bazarlara vuraq özümüzü
Piştaxtaların başına pərvanə kimi dolanıb
Yaxşılıq axtaraq birmənalı
Yaşıl bir ərik-kəməzən
Alyanaq alma
Almaya saray qurmuş bu əsmər qurd
Bilsin zərər gəlməz ona da
Tulladığımız daşlardan.
BALAT
Bir ürəyi var, bəli, hər küçənin
Qapıları kilidli.
Daxma dəhlizləri
Hər evin bir çıxmazı
Və yorğun odası
Boşuna hər hərfin bir anlamı
Hər anlamın bir paltosu olduğu
Sərin axşamüstüləri hər qapı önünün
Çəyirtkəli anaları
Qaçışan uşaqları
Hisli dirəklərlə gərilmiş fanilaları
Basma ətəkləri iki balkon arası,
Dodağı çəyirtkə duzu anaların
Bir ürəyi var bəli, hər küçənin
Hər hərfin bir anlamı
Hər anlamın bir paltosu
Hər paltonun bir Balatı.
ANA, YUXUM ÇOX AĞIR
Mənə toxunma, ana, yüküm çox ağır
Ona qədər say əgər gəlməsəm
Bil ki qəlbimə düşmüş gözünün görmədiyi
Rüzgarın ütülədiyi daranmış saçlarım
Ümiddən yeni çıxmış ikindi türkülərim
Bizim heç qurtuluş günümüz yoxmu ana
Düşməni dənizə tökdüyümüz-filan
Məsələn, saraylar yapdığımız ha bir də
Quran kitab eşqinə səssizcə öpdüyümüz
Budaqda albalı və alma yerdə çiyələk dəməti
Əlbət bir İsmayıl vardır hər evin eyvanında
Çıxarsan keşkələri sonsuz qədərdən
Qədərimə təslim olmuş fırtınalı gecələrdə
İsmayılın oluram söz verirəm ana
Mənə toxunma ana yüküm çox ağır
Ona qədər say əgər gəlməsəm
Çəkic cibimdə
BU QAN DAYANMAZ
“Ey qan, dayan”ın müəllifi, şair Cumalı Ünaldıya
1.
Çoxdan unutdum narın dadını
Amma narın odunu unutmadım
Bir evdən yana darıxmaq belə bir şeydir
Bir uşaqdan yana darıxmaq bir ailəni
Axşam sərinində taxta eyvanda
Oturan qəhqəhələrə qoşmaq
2.
Çoxdan unutdum zeytunun dadını
Amma zeytunun qoxusunu unutmadım
Tərifsiz kədərlər içində yaşamaq
Belə bir şeydir Fələstində
Ölmək hökümsüz itib getmək
Bir itkin ilan kimi həyatdan
Qaldıraraq bütün daşları yerindən
Bir qılınc zərbəsi endirərək həyata
Heç zaman almayacağı o son dərsi vermək
3.
Çoxdan unutdum əncirin dadını
Amma əncirin türküsünü unutmadım
Bir dosta varmaq kimidi ölüm burada
Quşlara yem atmaq çəyirdək çıtlamaq
Və oturub seyr etmək öz kədərini
Çoxdan keçib getmiş həyatına baxıb
Vidalaşmaq öz gözləriylə hər sabah
Yalançı bir gələcək röyası qaralayıb
Düşərək tərəkəsinə ümidin
Burada Qəzzada kiçik bir çimərlikdə
Qumlara gömülən fit səslərinə ağlamaq
4.
Çoxdan unutdum, rica edirəm
Artıq bəhanələr başdan sonacan qan
İndi mənim bu gün doqquz canımmı olsun
Bir canım Əhədə fədamı olsun
Bir canım Zəkəriyyəyə müjdə
Bir canım Ramezə həyatmı olsun
Bir canım İsmailə qurban
Qalan beş can isti yorğanın altında
Utanc içində bir titrətməmi olsun
Söylə vicdan susma neçə canım olsun
MƏNİ ƏN ÇOX DARIXDIĞIN YERLƏRDƏ SAXLA
Gözümü açdım və yumdum
Səsim kökündən qopardılmış buğda dəməti
Qaranlıq bir odada ayna - surətin
Bax sevgilim kölgəmin
Nar yanağın
Hamı getdi daha kimsə yoxdu elə deyilmi
Tənha küçədən keçərkən sən
Mənə bənzəyən
Ah bilmədim öncə
Sənin gəlişin şeirdir baharın gəlişi kimi
Bir uşağın röyası kimi
Yuxulu zaman bağçalarında
Uzat əlini qorxma
Nə qədər ləkə varsa silindi
Portağal qoxulu nəfəsini də al yanına
İyun eyvanına kurul keyfinin
Axsın iki yanından nağıllar
Çıx gəl kimsəyə yaxın olmadan
Kimsəyə uzaq
Sənə bir şey söylədim saxla onu
Tavanın arasında saxla
Bir vəd kimi məsələn, yağmurlu axşamlarda
Get və məni ən çox darıxdığın yerlərdə saxla
Torpaq qoxusu dəyməmiş nar yanağın
Yuvarlaq biçimli addımlarına
Yoldaşlıq etsin gün boyu
Məni suların alov dənizində
Ürəyinin düz orasında saxla
ZƏKİ MÜREN DƏ GÖRƏCƏK SİZİ
Sağ olun əfəndim
Var olun
Yaxşı ki varsınız
Biləmmədik yetmişinci mərtəbədə
Unutduq sərxoşluğumuzu
Avtomobil dayanacağınıza bağladıq atımızı
Sağ olun əfəndim
Yaxşı ki, dəmiri icad etdiniz
Kirəmitləri toz bibər
Etiketləri un etdiniz
Nə yaxşı etdiniz Youtube etdiniz
Musiqi qutularını
Sağdan saydıq əfəndim siz çıxdınız
Soldan saydıq yenə siz
Nə gözəl də çıxdınız
Ərköyün maşınlarınıza sayğı duyarıq
Ayaqlarınızın turabı olarıq
Həddimizi bilirik əfəndim
Oralar buralar hər yerlər sizin
Parklar ağaclar da
Sizin əmrinizlə uzanar bığlarımız
Saqqallarımız əmrinizlə çıxar
İstəsəniz çıxmaz vurmayın əfəndim yetər
Yuxu söyləyəcəkdim əfəndim
Nağıl söyləyəcəkdim
Türkü-filan
Əfv edin həddim deyil
Buyurun bağlayın dilimizi
Gözümüzmü
Çəkinməyin çəkin milinizi
Sağ olun əfəndim
Nur olun
Varlığımız ərməğan olsun varlığınıza
Amma sakın unutmayın
Zəki Müren də görəcək sizi
SİMURĞ RÖYASI
“Fariğ olmam eyləsən yüz min cəfa, sevdim səni”
Şeyx Qalib
Sənə söylədim say yorğun cümlələri
Yastığına qobur qoy və üstündə uyu
Alnının çuxuruna buraxdığım röyaları
İstiliyinlə sar gözlərin kimi qoru
İtirilən getmişdir qalsa da, əldə hüzün
Bu hüzzam təknəsində yoğur özünü
Bax bu sənin qəmzən bu sənin səsin
Bu da mənə qalan yalqız qovaq kölgəsi
Sənə verdim say ömrümün qalanını
Aldırma saçım başım pərişan peşman
Bir qağayı kimi qalsam da skamyanda
Röyanda oyanan bir simurğam mən
Azərbaycan dilinə uyğunlaşdıran: İbrahim İLYASLI