Gürcüstan Azərbaycanlılarının Milli Konqresi (GAMK) son günlər yerli mediada Azərbaycan və Türkiyə əleyhinə yer almış məlumatlardan narahatdır.
APA-nın Gürcüstan bürosunun məlumatına görə, GAMK sədri Əli Babayev bu gün Tbilisidə keçirdiyi mətbuat konfransında deyib ki, bu cür məlumatlar reallığı əks etdirmir.
O bildirib ki, bəzi onlayn və çap KİV-də Azərbaycanda yaşayan gürcülərin dini hüquqlarının pozulması barədə qeyri-dəqiq məlumatlara yer verilir. "Bəzi onlayn KİV-lər məlumatı dəqiqləşdirmədən qeyri-obyektiv informasiyalar yayır və bu da Gürcüstan ictimaiyyətində yanlış fikirlər formalaşdırır. Biz bu cür dezinformasiyalara etiraz edirik və bəzi yerli KİV-ləri dəqiq və obyektiv olmağa çağırırıq".
Ə. Babayev həmçinin müxalif “Vətənpərvərlər Alyansı” Partiyasının liderlərindən biri, vitse-spiker İrma İnaşvilinin Türkiyə əleyhinə bu günlərdə səsləndirdiyi bəyanatlara da etirazını bildirib: "Bu cür bəyanatlar Gürcüstanın dost Türkiyə və Azərbaycanla münasibətlərinə zərər yetirmək istəyən qüvvələrin marağına xidmət edir. Gürcüstan qonşu Azərbaycan və Türkiyə ilə hər sahədə münasibətləri inkişaf etdirir və ölkələr arasında mehriban qonşuluq münasibətləri var".
Qeyd edək ki, İ. İnaşvili Rusiya ilə yanaşı Türkiyənin də Gürcüstan üçün təhlükə olduğunu bəyan edib. O, Türkiyənin Gürcüstan ərazisinin 33 faizini işğal etdiyi bildirib.