|
|
|
|
"Bəşəriyyətin ən çətin və sınaq qarşısında olduğu bir dönəmdə BMT-nin dünyada sülhün, tərəqqinin, əmin-amanlığın simvoluna çevrilməsi vacibdir".
Bu sözləri Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev deyib. Onun sözlərinə görə, Azərbaycan da arzu edir ki, bu beynəlxalq təşkilat dünyada təhlükəsizliyin, sülhün, dayanıqlı inkişafın və bir sıra digər məsələlərdə dövlətləri və vətəndaş cəmiyyəti qurumlarını bir araya gətirməklə bəşər övladının firavan yaşamasına, tərəqqisinə öz töhfəsini verəcək: "Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün hələ keçən əsrin 90-cı illərinin əvvəllərində BMT tərəfindən qəbul edilmiş dörd qətnamənin prinsiplərinə riayət olunmaması bir azərbaycanlı kimi hamımızı üzür. Biz haqlı olaraq bu qətnamələrin, qərarların icra mexanizmlərinin tapılması istiqamətində qəti addımların atılmasını tələb edirik. Bununla yanaşı, BMT həm də geniş funksiyalara və qurumlara malik bir beynəlxalq təşkilatdır. Məhz bu cəhətdən bu təşkilatla əməkdaşlığa xüsusi yanaşmaq və əməkdaşlığı genişləndirmək lazımdır".
U.Mirzəyev qeyd edib ki, rəhbərlik etdiyi Beynəlxalq Avrasiya Mətbuat Fondu uzun illərdir BMT strukturları ilə əməkdaşlıq edir: "Təsadüfi deyil ki, BMT-nin Sosial-İqtisadi Şurasının QHT bölməsinin əsas məşvərətçi statuslu üzvü kimi Beynəlxalq Avrasiya Mətbuat Fondu hər zaman dünyada sülhün və sabitliyin qorunması, münaqişələrin aradan qaldırılması, dayanıqlı inkişafın təmin edilməsi, sosial-iqtisadi proqramların icrası istiqamətində işlərin görülməsində BMT-nin əsas tərəfdaşlarından biridir".
Ceyhun ABASOV