Müstəqillik illərində sürətlə inkişaf edən Azərbaycanda yüksək seçki mədəniyyəti formalaşıb.
Bunu sechki-2018.az saytına açıqlamasında “XXI Əsrin Qadınları” İctimai Birliyinin sədri Mahirə Əmirhüseynova bildirib.
Aprelin 11-də keçiriləcək prezident seçkilərinə hazırlıq prosesindən danışan İctimai Birlik sədri deyib: “Mərkəzi Seçki Komissiyası seçkilərin yüksək səviyyədə hazırlanıb, azad, ədalətli və şəffaf keçirilməsi üçün lazımi tədbirləri görür. Prezidentliyə namizədlərin çıxışlarını izləyirik. Bir qadın təşkilatı kimi, Bakıda və regionlarda müxtəlif tədbirlər keçiririk. Təşkilat üzvlərimiz, bütövlükdə qadın hərəkatı prezident seçkilərində fəal iştirak edir. Əminəm ki, xalqımız öz layiqli namizədinə səs verəcək”.
Azərbaycanda bütün dünyaya nümunə ola biləcək seçki mühitinin formalaşdığını qeyd edən Mahirə Əmirhüseynova bildirib ki, ölkəmizdə demokratik seçkilərin keçirilməsi üçün bütün addımlar atılıb. Seçki məntəqələrində veb-kameraların quraşdırılması, səsvermənin gedişini izləyəcək xarici müşahidəçilərin çoxluğu, təkmilləşdirilmiş qanunvericilik bazası bunu bir daha təsdiqləyir.