Şərqlə Qərbi birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istismara verilməsindən sonra Cənubla Şimal arasında nəqliyyat dəhlizinin yaradılması istiqamətində Azərbaycanla İranın birgə həyata keçirdiyi fəaliyyət ölkəmizin beynəlxalq imicinə, nüfuzuna müsbət təsirlər vəd edir.
Tikinti mərhələsində olan Astara-Astara dəmir yolu Azərbaycana iqtisadi dividentlər gətirməklə yanaşı, dövlətimizin geosiyasi əhəmiyyətini artıracaq. Rəsmi Bakı bu layihə ilə həm də Ermənistan-Azərbaycan münaqişəsi müstəvisində işğalçı dövlətə böyük zərbə vurur, İrəvanın blokada vəziyyətini daha da gücləndirir. Düşmən ölkə bununla regionun "Tənha adası"ına çevrilməkdədir. Ona görə də, nəqliyyat dəhlizinin yaradılması istiqamətində İranla əməkdaşlıq dövlətimiz üçün mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda, rəsmi Tehranın bu layihəyə xüsusi önəm verməsi Qərb dövlətləri ilə soyuq münasibətlər fonunda üzləşdiyi maliyyə-iqtisadi problemlərdən çıxış imkanı yaradır. Bu mənada, martın 28-də İran İslam Respublikasının prezidenti Həsən Ruhaninin Azərbaycana növbəti dəfə reallaşdırdığı rəsmi səfər təkcə nəqliyyat dəhlizi istiqamətində yox, ümumilikdə bir çox sahələrdə, o cümlədən, bəzi mübahisəli məsələlərdə real nəticələrin əldə olunmasına imkan yaradıb. Söhbət Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi çərçivəsində Rəşt-Astara dəmir yolu xəttinin tikintisinin maliyyələşdirilməsiylə yanaşı, Xəzər dənizində neft yataqlarının birgə işlənilməsindən gedir. Təsadüfi deyil ki, tərəflər sənədlər imzalayıb bir çox məsələlərdə əməkdaşlıq əlaqələri üçün razılaşdıqlarını bəyan etdikdən sonra təşkil olunan birgə mətbuat konfransında çıxış edən prezident İlham Əliyev bu iki məsələni xüsusi vurğulayıb: "Xəzər dənizində birgə fəaliyyət və Astara-Rəşt dəmir yolunun tikintisi ilə bağlı olan sənədlər tarixi əhəmiyyət daşıyır. Çünki, bu sənədlərin reallaşması nəticəsində həm Xəzər dənizində, həm nəqliyyat sahəsində bizim əməkdaşlığımız daha da yüksək pilləyə qalxacaq və eyni zamanda, bu, regional əməkdaşlığa da çox müsbət təsir göstərəcək".
İlham Əliyev qeyd edib ki, Azərbaycanla İran arasında bütün sahələrdə əlaqələr inkişaf edir, iki ölkə beynəlxalq arenada daim bir-birini dəstəkləyir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, beynəlxalq hüququn norma və prinsipləri əsasında həll olunması ilə bağlı İranın daim rəsmi Bakının haqlı mövqeyini dəstəklədiyini deyən dövlət başçısı bildirib ki, Azərbaycan da bütün beynəlxalq məsələlərdə daim İranın yanındadır.
H.Ruhani isə bildirib ki, Azərbaycanla İranın geniş əməkdaşlıq üçün güclü iradəsi var: "Gələcəkdə dərman istehsalı, səhiyyə və enerji mübadiləsi sahələrində əməkdaşlığımızı genişləndirə bilərik. Enerji, turizm sahələrinə və digər sahələrə kapital qoyuluşu ilə əlaqədar əməkdaşlıq qurmaq mümkündür. Bu, onu göstərir ki, qarşılıqlı mənafe və ortaq proqramların icrası müstəvisində birgə addımlar ata bilərik. İki prezidentin və iki dövlətin qəbul etdiyi qərarların icrası üçün ciddi səylər göstərilməlidir. Banklar arasında əməkdaşlıq qarşımızda duran əsas məsələlərdən biridir. İki ölkənin müştərək komissiyası çalışmalıdırlar ki, bu sahədə əməkdaşlıq yaxşılaşsın. Biz iqtisadiyyat, həmçinin, maliyyə və pul mübadiləsi sahələrində əlaqələrimizi genişləndirə bilərik. İkinci məsələ yaxşı ticari əlaqələrin qurulmasıdır. Yəni, azad ticarətin bərqərar olması üçün belə qərara gəlindi ki, müştərək komissiya fəaliyyətini gücləndirsin. Bununla da iqtisadiyyat və ticarət sahələrində əlaqələrimizi genişləndirə bilərik. Turizm sahəsində yaxşı addımlar atılıb. İndi onun şahidiyik ki, hər iki tərəfdən yüz minlərlə insan bir-birinin ölkələrinə səfər edir. Bu da göstərir ki, bölgədə böyük və tarixi olan iki ölkə arasında yaxın əlaqələr var".
İran prezidenti qeyd edib ki, regional və siyasi müstəvidəki məsələlər, həmçinin, elm, texnologiya sahəsində əməkdaşlıq üçün hər iki ölkənin iradəsi mövcuddur: "Bu fikirdəyik ki, bölgədəki məsələlər siyasi yolla həllini tapmalıdır. Biz bu qənaətdəyik ki, Yəməndəki problem siyasi yolla tənzimlənməlidir və hərbi yolla həll olunmamalıdır. Belə düşünürük ki, Suriya məsələsi də siyasi vasitələrlə həll yollarını tapmalıdır. Bununla əlaqədar bölgədəki ölkələrin göstərdiyi səylərlə bağlı Azərbaycanın və İranın baxışları eynidir. Biz belə düşünürük ki, Qarabağ problemi də siyasi yolla tənzimlənməlidir. Azərbaycan və Ermənistan dövlətlərinin səyi ilə biz bölgədə möhkəm sabitliyin bərqərar olmasının şahidi olmaq istəyirik. Biz şadıq ki, bu müstəvidə diplomatik səylər göstərilir. Bizim üçün əhəmiyyətlidir ki, ölkələrin ərazi bütövlüyü və bölgənin coğrafiyası dəyişməməlidir. Dünya ictimaiyyətinin hörmətlə yanaşdığı beynəlxalq prinsiplər məsələnin həlli üçün alətə çevrilməlidir. Bizim gələcək üçün istəyimiz müştərək mənafelərimizin, dövlətlərimiz və dünya üçün Azərbaycan və İran xalqları arasındakı əlaqələrin və iki dost dövlət arasındakı səmimi münasibətlərin gücləndirilməsidir".
İran prezidenti H.Ruhaninin ölkəmizə səfəri ilə bağlı "525"ə fikirlərini bildirən Azərbaycan Milli Elmlər Akademiyasının Qafqazşünaslıq İnstitutunun direktoru, Milli Məclisin deputatı Musa Qasımlı qeyd edib ki, Bakıda aparılan danışıqlar iki ölkə arasında münasibətlərin inkişafı üçün olduqca əhəmiyyətlidir: "İran bizim cənub qonşumuzdur. Mehriban münasibətlərin olması hər iki tərəfin faydasınadır. Bu baxımdan səfəri əhəmiyyətli hesab edirəm. Fikrimcə, əməkdaşlıqda hələ istifadə edilməyən böyük potensial var".
"Atlas" Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu isə bildirib ki, Bakıda əsas müzakirə mövzusu şimal-cənub nəqliyyat xətti və Astara-Rəşt dəmir yolunun tikintisi üçün vəsaitin ayrılmasıyla bağlıdır.
E.Şahinoğlu hesab edir ki, İran prezidenti Həsən Ruhani Bakıya siyasi məsələləri, o cümlədən, Dağlıq Qarabağ münaqişəsinin həlli yollarını müzakirə etməyə gəlməyib: "İranın bu istiqamətdəki mövqeyində dəyişiklik yoxdur".
Azərbaycanın İrana dəmir yolu xətinin inşası üçün 500 milyon dollar kredit ayırdığını deyən politoloq İran-Azərbaycan münasibətləri tarixində bunun bir ilk olduğunu qeyd edib. Onun sözlərinə görə, İrana heç bir dövlət böyük yatırım qoymur: "Əgər bu layihə Azərbaycanın geosiyasi və geoiqtisadi maraqlarına cavab verməsəydi, biz də bu yatırımı etməzdik" .
Mərkəz sədri qeyd edib ki, rəsmi Bakı "Şimal-Cənub" layihəsi vasitəsilə Ermənistanın təcridini gücləndirir, İran isə özü təcriddən çıxmağa çalışır: "Demək, Şimal-Cənub nəqliyyat dəhlizi Azərbaycan üçün vacib olduğu qədər İran üçün də mühüm əhəmiyyət kəsb edir. Birincisi, İran bu dəmir yolu vasitəsilə Avropa bazarlarına birbaşa çıxış imkanı qazanacaq. Bu xəttin Bakı-Tiflis-Qars dəmir yoluna birləşməsi də mümkündür. İkincisi, Tehran bu layihələrə qoşulmaqla Amerikanın İranı təcridetmə siyasətini zəiflədəcək. Ona görə Tehran bu layihəyə və verilən kreditə görə bizə minnətdar olmalıdır".
Milli Məclisin deputatı Tahir Kərimli isə qeyd edib ki, İran və Azərbaycan prezidentlərinin son 4 ildə 11 dəfə görüşməsi ölkələrimiz arasında əlaqələrin get-gedə möhkəmlənməsindən xəbər verir.
O, "Trend"ə bildirib ki, əməkdaşlığı tarixi köklərə bağlı olan İran və Azərbaycanın münasibətlərinin səviyyəsinin yüksəlməsi mühüm əhəmiyyət kəsb edir: "Budəfəki görüşdə də mühüm sazişlər imzalanıb. Bu sənədlərdən ən əhəmiyyətlisi Xəzər dənizində müvafiq blokların birgə işlənilməsi haqqında Anlaşma Memorandumu və Astara-Rəşt dəmir yolu hissəsinin tikintisinin maliyyələşdirilməsi haqqında sazişdir. Səfər çərçivəsində digər sahələrdə - ekologiya, idman, mədəniyyət və səhiyyə sahələrində də sazişlər imzalanıb. Bu o deməkdir ki, artıq İranla Azərbaycan daha da yaxınlaşır. İranla Azərbaycan arasında ikitərəfli görüşlərlə yanaşı, üçtərəfli və dördtərəfli formatda da görüşlər keçirilir. Bu isə o deməkdir ki, bu görüşlər regionda sülhün, təhlükəsizliyin qorunmasına səbəb olur. Hesab edirəm ki, İranla Azərbaycan arasında ticarət dövriyyəsi artacaq, digər sahələrdə əməkdaşlıqla bağlı irəliləyişlər əldə ediləcək".
T.Kərimli əlavə edib ki, Azərbaycanla münasibətlərin inkişafında İran ictimaiyyəti də maraqlıdır və bu əməkdaşlığa dəstək verir: "İran vətəndaşlarının son vaxtlar Azərbaycana gəlişi artıb. Bu da turizm sahəsinin qarşılıqlı inkişafı və sərmayə qoyuluşunun artımına töhfədir".
Millət vəkili onu da qeyd edib ki, səfər çərçivəsində İran prezidenti Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən fikirlər səsləndirib: "Həsən Ruhani Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bildirib və bu münaqişənin siyasi yolla həllinin tərəfdarı olduğunu deyib".
Ceyhun ABASOV