Almaniyanın İctimai Televiziyası (ZDF) Ermənistanın ağır sosial-iqtisadi həyat şəraiti ilə bağlı reportaj hazırlayıb.
İrəvanda sorğu-araşdırma aparan alman jurnalist Volfqanq Zimmerman hesab edir ki, ölkədə fərdi və ümumi inkişafdan söhbət gedə bilməz: "Yoxsul əhali, korrupsiya bataqlığına bulaşmış siyasətçilər və ölkədən qaçan gənclər - Ermənistanda gündəlik həyatı yalnız bunlar əks etdirir".
Reportajda qeyd olunub ki, aparılan son araşdırmaların nəticəsinə görə, Ermənistan əhalisinin təxminən 3-də 2-si qısa vaxt ərzində ölkəni tərk etmək haqqında düşünür: "Çünki ölkədə ağır siyasi və sosial-iqtisadi vəziyyət hökm sürür".
Bildirilib ki, rəsmi statistikaya görə, Ermənistan əhalisinin 30 faizdən çoxu yoxsulluq şəraitində yaşayır: "Həqiqətdə isə yoxsul ermənilərin sayı daha çoxdur".
Alman jurnalistin sözlərinə görə, "Transparency İnternational" təşkilatının ölkələr üzrə korrupsiya indeksində Ermənistan Efiopiya, Vyetnam kimi ölkələrlə birlikdə 107-ci yeri tutur: "İqtisadiyyat bir neçə oliqarxın əlində cəmləşib. Hakim elitanın qohumluq əlaqəsi olmayan şəxslər biznesdə heç bir şansa malik deyillər".
V.Zimmerman qeyd edib ki, Ermənistanın məhkəmə sistemində də ədalətdən söhbət gedə bilməz. Seçki sahəsində də eyni vəziyyət hökm sürür: "Parlament və prezident seçkiləri zamanı çoxsaylı saxtakarlıq faktları üzə çıxır. Seçki siyahılarında ölmüş insanların adlarının qeyd olunması kütləvi xarakter alıb.
Daha sonra reportajda bildirilib ki, Ermənistan vətəndaşları qarşısında tək çıxış yolu var: ölkəni birdəfəlik tərk etmək. Bu ölkəni tərk edən insanların dəqiq sayını söyləməyin olduqca çətin olduğunu deyən müəllifin fikrincə, yalnız təxmini rəqəmlər səsləndirmək olar: "Hakimiyyət ildə 30-40 min vətəndaş itirdiklərini deyir. Ölkədən gedənlərin əksəriyyəti isə Rusiyaya köç edir".
SSRİ-nin dağılmasından sonra Ermənistanı daha çox 16-30 yaş arasında olan vətəndaşların tərk etdiyini deyən V.Zimmerman gənc nəsli itirməklə Ermənistanın öz gələcəyindən də məhrum olduğunu vurğulayıb.
Sonda müəllif Ermənistanın Azərbaycan və Türkiyə ilə gərgin münasibətlərinə də toxunaraq işğalçı siyasətinə görə, İrəvanın regionda təcrid olunmasını onun inkişafının qarşısını alan əsas səbəb kimi önə çıxarıb.
Ceyhun ABASOV