Rusiya Dövlət Duması Azərbaycanda yeni səfirin namizədliyini təsdiqləyib.
APA-nın məlumatına görə, bu barədə RİA Novosti agentliyinə Dövlət Dumasının MDB məsələləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə iş üzrə komitəsinin sədr müavini Konstantin Zatulin bildirib.
Onun sözlərinə görə, aprelin 2-də komitədə Moldova və Azərbaycana yeni səfirlərin namizədliyi məsələsinə baxılıb. Komitə Moldovada səfir postuna Oleq Vasnetsov, Azərbaycanda isə Mixail Boçarnikovun namizədliyini təsdiqləyib.
Yeni səfir təyinatı ilə bağlı fikirlərini bildirən "Atlas" Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu qeyd edib ki, əvvəllər Rusiyanın Qazaxıstandakı səfiri olmuş M.Boçarnikov Moskva-Astana münasibətlərinin inkişafı üçün az iş görməyib: "Ancaq onun verdiyi son müsahibədə bir fikir diqqətimi çəkib. Səfirin sözlərindən belə çıxıb ki, Qazaxıstan rəhbərliyi bu ölkədə yaşayan rusdilli əhaliyə daha çox diqqət göstərməlidir. Yəni dolayısıla belə çıxırdı ki, rusiyalı diplomat Qazaxıstan prezidenti Nursultan Nazarbayevin milli siyasətindən narazıdır. Bu sözləri unutmayaq. Çünki bu diplomat Azərbaycana təyin olunduqdan sonra əlindən gələn hər şeyi edəcək ki, Rusiyanın ölkəmizə təsir imkanları azalmasın, bəlkə də artsın".
Politoloqun sözlərinə görə, ötən dəfə Moskva Azərbaycana Gürcüstanda separatçılara açıq dəstək verən diplomatını səfir təyin etmək istəyib: "Beləsi erməni separatçılarına da dəstək verər. Bu səbəbdən rəsmi Bakı haqlı olaraq Moskvanın göndərmək istədiyi həmin diplomata aqreman verməyib. Məsələnin qəliz tərəfi həm də odur ki, Azərbaycana göndərilməsi planlaşdırılan Mixail Boçarnikovu Dövlət Dumasında Rusiya parlamentinin MDB məsələləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə iş üzrə komitəsinin sədr müavini Konstantin Zatulin təqdim edib. Bu o Zatulindir ki, erməni işğalını dəstəkləyir, hər fürsət düşən kimi Azərbaycanı aşağılamağa çalışır. Onun və Qarabağ məsələsində Ermənistana simpatiyası olan xarici işlər naziri Sergey Lavrovun Azərbaycana göndərmək istədiyi səfirdən şübhələnmək haqqımızdır".
Ceyhun ABASOV