Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev Meksika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Rodriqo Labardini ilə görüşüb.
Xidmətdən verilən məlumata görə, görüşdə ölkələrimiz arasında mövcud dostluq və əməkdaşlıq əlaqələrindən və bu münasibətlərin daha da dərinləşdirilməsi və möhkəmləndirilməsi üçün görülən işlərdən danışılıb. Xidmət rəisi Meksikanın qanunverici orqanı tərəfindən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və Xocalı soyqırımı ilə əlaqədar qətnamələrin qəbul edilməsinin Azərbaycan tərəfindən yüksək qiymətləndirildiyini deyib.
Bildirib ki, Azərbaycan artıq mötəbər beynəlxalq tədbirlərin, o cümlədən, idman oyunlarının keçirildiyi bir məkan kimi tanınır.
F.Nəbiyev son illər Azərbaycanda sürətli sosial-iqtisadi inkişafın təmin edilməsi, enerji-nəqliyyat və digər sahələrdə beynəlxalq layihələrin həyata keçirilməsi, əhalinin həyat səviyyəsinin yüksəldilməsi və bütün bunların nəticəsi olaraq aprelin 11-də keçirilən prezident seçkilərində İlham Əliyevin yenidən xalqın etimadını qazanaraq növbəti dəfə Azərbaycan prezidenti seçilməsini məmnunluqla diqqətə çatdırıb.
Ölkəmizdə əldə olunan uğurların və respublikamızın əlverişli coğrafi mövqeyinin miqrasiya proseslərinin daha da intensivləşməsinə gətirib çıxardığını qeyd edən xidmət rəisi vaxtilə ölkə ərazisini tərk etmiş vətəndaşların geriyə dönmə tendensiyasının artdığını və Azərbaycanın miqrasiya baxımından mənşə ölkəsindən təyinat ölkəsinə çevrildiyini bildirib. Respublikamızın miqrasiya qanunvericiliyi haqqında söhbət açan F.Nəbiyev ölkəmizdə ilk dəfə qəbul edilmiş Miqrasiya Məcəlləsinə digər ölkələrdə böyük marağın olduğunu deyib. O, ölkəmizin miqrasiya sahəsində BMT, BMT QAK, BMqT, Aİ, MSİBM və s. kimi beynəlxalq təşkilatlarla əməkdaşlığı dərinləşdirdiyini söyləyib. Qeyd edilib ki, görülmüş işlərin nəticəsi olaraq ölkəmizdə miqrantların hüquqlarının müdafiəsi beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilib.
Turizmin inkişafı ilə bağlı görülən işlərə toxunan xidmət rəisi 2017-ci ilin əvvəlindən "ASAN Viza" sisteminin tətbiqi nəticəsində ölkəmizə gələnlərin sayının artım dinamikasından bəhs edib. O cümlədən, ölkəmizdən Avropa və digər ölkələrə qanunsuz yolla getmək üçün tranzit ölkəsi kimi istifadə hallarına qarşı səmərəli mübarizə tədbirlərindən söhbət açılıb.
Dünyada baş verən miqrasiya prosesləri barədə fikir mübadiləsi ilə davam etdirilən görüşdə F.Nəbiyev 2017-ci il dekabrın 4-dən 6-dək Meksikanın Puerto-Vallarta şəhərində keçirilən "Təhlükəsiz, nizamlı və tənzimlənən miqrasiya üzrə qlobal kompakt"ın qəbul ediləcəyi hökumətlərarası konfransın hazırlıq görüşündə Azərbaycanı təmsil edən nümayəndə heyətinin iştirakı barədə danışıb. Miqrasiya üzrə beynəlxalq əməkdaşlığın genişləndirilməsinin, bu sahədə idarəetmənin gücləndirilməsinin və təkmil miqrasiya idarəçiliyi üçün vahid cəmiyyət yanaşmasının təşviqinin qarşıya qoyulmuş məqsədlərə daha tez çatmaqda öz töhfəsini verəcəyinə inam ifadə edən xidmət rəisi Azərbaycanın bu istiqamətdə öz təcrübəsini bölüşməyə hazır olduğunu deyib.
Səfir Azərbaycanın miqrasiya sahəsində müasir tələblərə cavab verən qanunvericilik bazasına xüsusi maraq göstərib. Azərbaycanın mövcud miqrasiya idarəçiliyi ilə daha yaxından tanış olmaq üçün qarşılıqlı əlaqələrin genişləndirilməsinin vacibliyini qeyd edib. Diplomat iki ölkə arasında əlaqələrin böyük əhəmiyyət daşıdığını və bu əlaqələrin bundan sonra da davam etdiriləcəyinə əminliyini bildirib.
Ceyhun ABASOV