"Azərbaycanda investisiya mühiti kifayət qədər əlverişli şəkil alıb, ölkəmizdə təkcə neft deyil, qeyri-neft sektoruna yatırılan investisiyaların da həcmi artıb".
Bu barədə siyasi məsələlər üzrə ekspert Elçin Mirzəbəyli xaricə sığınmış bəzi şəxslərin səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, həmin şəxslərin məqsədi yalnız Azərbaycana qarşı mənfi rəy formalaşdırmaqdan ibarətdir.
Xatırlatmaq yerinə düşər ki, keçmiş diplomat Arif Məmmədov Brüsseldə keçirdiyi mətbuat konfransında heç bir fakta əsaslanmadan prezident seçkilərinin nəticələri haqqında qərəzli fikirlər səsləndirib, həmçinin, ölkədə iqtisadi durumun ağırlığından yazıb. O, iddia edib ki, vəziyyət getdikcə daha da pisləşir.
E.Mirzəbəyli isə onun siyasi bilgiləri kimi iqtisadi bilgilərinin də dedi-qodu üzərində qurulduğunu vurğulayıb: "Son illər ərzində ölkəmiz nəhəng layihələrdə iştirak edir. Biri artıq başa çatıb, söhbət Bakı-Tbilisi-Qars dəmiryolu layihəsindən gedir. Bu layihənin əhəmiyyəti bütün dünyaya məlumdur. TAP, TANAP layihələrinin həyata keçiriməsi istiqamətində də fundamental irəliləyişlər əldə edilib. Bu baxımdan onun fikirləri dedi- qodudan başqa bir şey deyil. Çünki söhbət əgər iqtisadi durumdan, iqtisadi vəziyyətdən gedirsə, həqiqətən neftin ucuzlaşması burada bəhanə gətirilirsə, Azərbaycan həmin böhran dövrünü geridə qoyub, neftin qiymətinin ciddi şəkildə artması müşahidə olunur. Ekspertlərin son açıqlamalarına görə, yaxın dövrlərdə 80-100 dollar arasında dəyişən neft qiymətlərinin bazarda oturuşması mümkündür. Neftin bahalaşmaq ehtimalı daha çoxdur, nəinki ucuzlaşması. Digər tərəfdən, Azərbaycan başqa enerji resurslarından da gəlir əldə etməyə başlayıb. Yaxın zamanlarda bu proses baş verəcək və həmçinin, ölkə faktiki olaraq nəqliyyat dəhlizlərinin mərkəzinə çevrilir. Azərbaycan ərazisində son dövrlərdə Cənub Şərq, Şimal Cənub layihələrinin həyata keçirilməsi istiqamətində ciddi addımlar atılır. Bakı-Tbilisi-Qars digər nəqliyyat layihələri ilə enerji təşkil edərək funksionallığı artıracaq. Yəni Azərbaycan üzərindən yükdaşınmalardan da ciddi gəlirlər əldə olunacaq. Faktiki olaraq bu gün Azərbaycanın logistik mərkəzə çevrildiyi heç kimə sirr deyil, belə olan təqdirdə dedi-qoduların bəsit bir təfəkkürdən, qərəzdən qaynaqlandığı şübhə doğurmur".
E.Mirzəbəyli əlavə edib ki, bu günə qədər A.Məmmədovun və ölkəmiz əleyhinə digər kampaniya aparanların iddialarına diqqət yetirsək, görərik ki, məqsəd yalnız Azərbaycana qarşı mənfi rəy formalaşdırmaqdan ibarətdir: "Bu adam həm diplomat kimi fəaliyyəti dövründə, həm də sonrakı dövrdə ayrı-ayrı ölkələrin xüsusi xidmət orqanlarının nəzarətində olub və ilk gündən Azərbaycanın diplomatik uğurlarının deyil, təmsil etdiyi hansısa kəşfiyyat strukturlarının maraqlarının müdafiəsi ilə məşğul olub. İndiki şəraitdə də onun Azərbaycana ünvanladığı fikirlərinin şübhəsiz ki, hər hansı bir formada əsası yoxdur. Havadan götürülmüş, ünvansız və heç bir fakt söykənməyən mülahizələrdir. Azərbaycanda seçkiləri izləyən insanlar prosesin necə aparıldığının açıq şəkildə şahid olublar. Çoxsaylı beynəlxalq təşkilatlar və müşahidəçilər seçkilərin şəffaf şəraitdə keçirildiyini bildiriblər. Bu baxımdan da onun uzaqdan uzağa virtual üsulla müəyyənləşdirdiyi qüsurlar təbii ki, virtual təfəkkürünün məhsuludur".
E.Mirzəbəyli hesab edir ki, bu şəxsin personasına xüsusi diqqət yetirməyə dəyməz: "Nə bir diplomat, nə siyasət adamı, nə də bütövlükdə bir şəxsiyyət kimi formalaşmayıb və yenə deyirəm, üz qarasıdır. Çünki onun səsləndirdiyi fikirlərə, "Ağ qərənfil hərəkatı" yaratmaq iddialarına və digər məsələlərə diqqət yetirəndə, açıq şəkildə görmək olar ki, bu adamın ciddi psixi problemləri var".
Siyasi ekspertə görə, Arif Məmmədov adlı birinin olduğunu heç kim bilmir: "Onun diplomat olduğu dövrdə söylədiyi fikirlər hansı şəkildə Azərbaycan ictimai rəyinə təsir edirdisə, indi dövlətinə və millətinə qarşı xəyanət mövqeyi açıq şəkildə sərgilədiyi dövrdə səsləndirdiyi fikirlər bir o qədər təsir edir. Arif Məmmədov adlı adamı bu gün də soruşsanız, Azərbaycanda heç kimi tanımır. Trollardan və saxta virtual profillərdən başqa".
PƏRVANƏ