Dünən Heydər Əliyev Mərkəzində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə təşkil olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Tədbirdə dövlət qurumlarının nümayəndələri, Milli Məclisin deputatları, ali məktəb rektorları, təhsil işçiləri, şagirdlər iştirak ediblər.
Mərasimdə çıxış edən təhsil naziri Ceyhun Bayramov bildirib ki, ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri arasında keçirilən “Ən yaxşı təqdimat” müsabiqəsi Heydər Əliyev Fondu, Yeni Azərbaycan Partiyası, Təhsil, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirlikləri, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqları Respublika Komitəsi tərəfindən birgə təşkil olunub. Müsabiqənin nəticələrinə əsasən, 8 nəfər birinci, 14 nəfər ikinci, 18 nəfər üçüncü dərəcəli diploma, 25 nəfər isə tərifnaməyə layiq görülüb.
Baş nazirin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi Əli Əhmədov deyib ki, Azərbaycanda təhsil sahəsi geniş islahatlar yolundadır. Bu islahatlar Azərbaycan təhsilini yeni inkişaf mərhələsinə çatdıracaq. Ə.Əhmədov qeyd edib ki, son illərdə təhsil sahəsində çox böyük irəliləyişlər əldə edilib: “Təhsil sahəsində böyük islahatlar həyata keçirilir. Bu da öz bəhrəsini verməkdədir. İlham Əliyevin təhsilə xüsusi önəm verməsi heç də təsadüfi deyil”.
Ə.Əhmədov bildirib ki, təhsil Azərbaycanın inkişafının ən fundamental əsaslarından biri kimi dəyərləndirilir. O hesab edir ki, bu gün dövlət siyasətində təhsilə önəm verilməsi gələcəkdə Azərbaycanın inkişafı üçün daha etibarlı əsasların qurulması baxımından çox ciddi, geniş meydan açacaq: “Bu gün elə bir ölkə tapmaq mümkün deyil ki, onun inkişafında təhsil qədər xüsusi rol oynayan başqa bir amil olsun. Hər bir ölkə öz inkişafına görə təhsilə borcludur. Bizim ən çox diqqət yetirməli olduğumuz məsələ də təhsilin Azərbaycanın ciddi fundamental əsasına çevrilməsidir”. Ə.Əhmədov qeyd edib ki, bu gün Azərbaycan təhsilinin qarşısında duran vəzifələr genişdir: “Bu gün Azərbaycanın çox böyük təhsil ordusu - müəllimlər və şagirdlər təhsilin qarşısında duran vəzifələri dərk edə bilirlər. Təhsil Azərbaycanın ən qüdrətli, vacib inkişaf yollarından biri olacaq”.
Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov da müsabiqənin əhəmiyyətini vurğulayıb. Müsabiqənin təşkilatçılarından olan Heydər Əliyev Fondunun fəaliyyət istiqamətlərindən danışan Anar Ələkbərov bildirib ki, Fond ölkəmizin tərəqqisi və xalqımızın rifahına xidmət edən genişmiqyaslı layihələr həyata keçirərək Ümummilli lider Heydər Əliyevin ideyalarını davam etdirir: “Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə reallaşan konkret layihələrlə, əməli işlərlə Fond bütün xalqımızın hörmət və etibarını qazanmağa nail olub. Biz, eyni zamanda, öz humanitar fəaliyyətimizlə beynəlxalq ictimaiyyətin rəğbətini qazanan ölkənin ən böyük qeyri-hökumət təşkilatı kimi Azərbaycanı dünyada layiqincə təmsil edirik. Bütün bu çoxşaxəli fəaliyyətin təməlində ulu öndər Heydər Əliyevin ideyaları və bu ideyalara xidmət amalı dayanır. Bugünkü müsabiqə onu göstərir ki, Azərbaycan gəncliyi Ümummilli lider Heydər Əliyevin xalqımızın qarşısındakı misilsiz xidmətlərini, onun müəllifi olduğu dövlət quruculuğu konsepsiyasını dərindən öyrənməyə böyük maraq göstərir. Bu da Azərbaycanın gələcəyinin etibarlı əllərdə olduğunu göstərir”.
Anar Ələkbərov bildirib ki, Heydər Əliyev Fondu təhsil sahəsinə hər zaman xüsusi diqqət ayırıb. Fondun prezidenti, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın bu sahəyə verdiyi önəmin bariz nümunəsi kimi ölkənin hər yerində, ən ucqar kəndlərdə belə yeni məktəb binalarının tikintisini və həyata keçirilən digər layihələri misal göstərmək olar.
Tədbirdə nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə, Milli Məclisin deputatı Səttar Mehbalıyev də çıxış ediblər.
Sonra müsabiqənin qaliblərinə mükafatlar təqdim olunub.
S.QARAYEVA