Dünən Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda ulu öndər Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan institutun direktoru, akademik İradə Hüseynova Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısındakı xidmətlərindən danışıb: "Məhz onun səyi nəticəsində Azərbaycan müstəqil inkişaf, tərəqqi yolunda inamla addımlayır. 14 iyul 1969-cu ildə Heydər Əliyev Azərbaycanda ilk dəfə siyasi hakimiyyətə gəlmiş, beləliklə, dövlətimizin həqiqi inkişafı da həmin gündən başlayıb. Bir sıra daxili, xarici ünsürlərin təsirindən siyasətdən uzaqlaşmış ulu öndər xalqın təkidi, istəyi ilə 15 iyun 1993-cü ildə ikinci dəfə Azərbaycana rəhbərlik etməyi öz üzərinə götürdü. Ölkənin çox ağır vəziyyətdə olduğu dövrdə belə çətin vəzifəni məsuliyyətlə icra etmiş Heydər Əliyevin uzaqgörənliyi, müdrikliyi, parlaq zəkası nəticəsində vətəndaş müharibəsi, böhranın qarşısı alınmış, siyasi sabitlik təmin edilib".
Tədbirdə çıxış edən AMEA-nın müxbir üzvü İlham Şahmuradov Heydər Əliyevin dünya tribunalarında cəsarətli nitqlərini xatırlayıb, xalqımızın haqq səsini duyuran unikal şəxsiyyət olduğunu qeyd edib. Professor Səftər Süleymanov ümumilli liderin ordu quruculuğundakı misilsiz xidmətlərindən bəhs edib. Tədbirin yekununda İradə xanım Müasir Azərbaycanın məhz Heydər Əliyevin - bütün həyatını doğma xalqına həsr etmiş, milli dövlətçiliyin əsasını qoymuş dahi liderin əməyinin bəhrəsi olduğunu deyib. Sonda ümumilli liderin həyat və fəaliyyətinə həsr olunmuş sənədli film nümayiş etdirilib.