"Azərsu" Açıq Səhmdar Cəmiyyəti Ümummilli lideri Heydər Əliyevin 95 illik yubileyi ilə əlaqədar ağacəkmə aksiyası keçirib.
Cəmiyyətdən verilən məlumata görə, Hövsan Aerasiya Stansiyası ərazisində təşkil olunmuş ağacəkmə kampaniyasında müxtəlif növdə 1000-dən çox ağac əkilib, yaşıllıqlar salınıb. Ağacəkmə tədbirində "Azərsu"nun idarə və müəssisələrinin kollektivləri fəal iştirak ediblər.
Bildirilib ki, "Azərsu" ölkədə ekoloji vəziyyətin yaxşılaşdırılması məsələlərinə xüsusi diqqət yetirir və yaşıllaşdırma tədbirlərinə öz töhfəsini verməkdədir. Yaşıllaşdırma tədbirləri çərçivəsində son illər cəmiyyətin idarə və müəssisələrinin, hidrotexniki qurğularının yerləşdiyi ərazilərdə 450 hektar yaşıllıq sahəsi yaradılıb. 195 minə qədər müxtəlif növ ağac və kol bitkiləri, 570 mindən çox mövsümi gül əkilib.
Həmçinin, məlumatda qeyd olunub ki, ölkəmizdə ekologiyanın qorunması və ətraf mühitin sağlamlaşdırılması Heydər Əliyevin çoxşaxəli fəaliyyətinin mühüm tərkib hissəsi olub. Təbiətin mühafizəsi, ekoloji vəziyyətin yaxşılaşdırılması və vətəndaşların sağlam təbii mühitdə yaşamasını etmək Azərbaycanın inkişaf strategiyasının prioritet istiqamətlərindən biridir. Heydər Əliyevin əsasını qoyduğu bu siyasəti onun layiqli davamçısı prezident İlham Əliyev uğurla davam etdirilir. Dövlət başçısının Azərbaycanda ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair imzaladığı sənədlər və bu sahədə həyata keçirilən layihələr ekoloji sabitliyin qorunmasına töhfələr verməkdədir. Heydər Əliyev Fondunun və İDEA İctimai Birliyinin təşəbbüsü və dəstəyi ilə həyata keçirilən layihələrin də ölkəmizdə yaşıllıqların artırılmasında, mövcud yaşıllıq sahələrinin qorunmasında mühüm rolu var.
C.ABASOV