Mayın 7-də "Joly joker Baku"da xeyriyyə tədbiri keçirilib.
Tədbirdə "Shane Baku" dil məktəbinin təsisçisi və İELTS və TOEFL üzrə təlimçi Jalə Bəhramovanın hazırladığı ev şirniyyatlarının yarmarkası təşkil olunub. Xeyriyyə yığıncağını giriş sözü ilə açan Jalə Bəhramovanın əzizi Leyla Dostəliyeva bildirib ki, onlar artıq bir neçə ildir ki, bu cür tədbirlər keçirirlər.
Tədbirdə iştirak edən Zəngilan rayon icra hakimiyyətinin şöbə müdiri Maya Bağırova, ADU-nun alman dilinin leksikologiyası və üslubiyyəti kafedrasının baş müəllimi Nailə Hüseynova, Vergilər Nazirliyi yanında Milli Gəlirlər departamentinin dövlət vergi müfəttişi, iqtisad elmləri üzrə fəlsəfə doktoru Günel Behbudova, AFAM qrup idarəetmə heyətinin üzvü, "Azərbaycan" universitetinin beynəlxalq əlaqələr şöbəsinin müdiri Əli Həsənov və digərləri öz çıxışlarında Jalə Bəhramovanın bu təşəbbüsünü müsbət qiymətləndirib, həmçinin, onun bir insan kimi müsbət keyfiyyətlərindən söz açıblar.
Artıq uzun illərdir ki, tələbələrlə çalışan İELTS üzrə mütəxəssis isə öz növbəsində gələn bütün qonaqlara, o cümlədən, valideynlərinə, müəllim yoldaşlarına, yetirmələrinə təşəkkür edib.
Qeyd edək ki, şirniyyat yarmarkasında əldə olunan gəlir böyrək çatışmazlığından əziyyət çəkən Söhbət Əliyevanın müalicəsi üçün ayrılıb.
Kənan NOVRUZOV