Suraxanı rayonu Qaraçuxur qəsəbəsi 104 saylı məktəbdə və Günəşli qəsəbəsi 278 saylı məktəbdə hüquq-mühafizə əməkdaşlarının iştirakı ilə "ağ ölüm”lə mübarizə haqqında maarifləndirici tədbir baş tutub.
Tədbirlərdə çıxış edən Suraxanı Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Namiq Həsənov vurğulayıb ki, bu gün bütün ölkəmizdə, o cümlədən də Suraxanıda narkomaniyaya qarşıdavamlı işlər aparılır: "Həm ölkə prezidenti İlham Əliyevin, həm daxili işlər naziri polkovnik Ramil Usubovun qarşıya qoyduğu vəzifələrdən biri də ölkə əhalisini, xüsusilə, yeniyetmə gəncləri, məktəbliləri maarifləndirib, onların sağlam həyat tərzinin təmin olunmasına yardım etməkdir. Bu məqsədlə də rayon polis şöbəsinin müvafiq əməkdaşları davamlı şəkildə görüşlər keçirir, tədbirlər keçirir və hər kəsə "ağ ölüm”ün gətirdiyi bəlaları izah edirlər”.
N.Həsənov qeyd edib ki, aparılan məqsədyönlü tədbirlər nəticəsində Suraxanıda narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi əvvəlki illərlə müqayisədə xeyli aşağı düşüb.
Onun sözlərinə görə, bunun əsas səbəblərindən biri rayon ərazisində aparılan maarifləndirmə işi, həmçinin "qaynar xətt”in yaradılmasıdır:
"Bu görüşlər iştirakçılara müsbət təsir göstərir, onların "ağ ölüm”dən uzaq durmasına yardım edir. Ona görə də bu istiqamətdə işlərimizi bundan sonra da davam etdirəcəyik”.