|
|
|
|
"Prezident kimi mənim əsas vəzifəm Azərbaycan torpaqlarının qaytarılmasıdır, ərazi bütövlüyünün bərpa edilməsidir və bu gün biz bunu döyüş meydanında edirik".
İlham Əliyev
İl 2003. Oktyabrın ilk günü. Növbəti prezident seçkisinə iki həftə qalır. O vaxtkı Prezident, Ümummilli lider Heydər Əliyev prezidentliyə namizəd İlham Əliyevə dəstək çağırışı ilə xalqa müraciətində özünün əsasını qoyduğu, qayəsində Azərbaycanın əbədi müstəqilliyi, siyasi baxımdan sivil və çağdaş, iqtisadi baxımdan güclü və sarsılmaz dövlət amili dayanan siyasəti davam etdirə biləcək dəqiq ünvanı göstərir: "...İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm".
Azərbaycanın müasir siyasi tarixində yeni mərhələnin əsasını qoyan 2003-cü ilin 15 oktyabr seçkilərindən keçən 17 illik bir tarix xalqın qətiyyən yanılmadığını, öz taleyini hər zaman güvəniləsi siyasi liderə etibar etdiyini dönə-dönə təsdiqlədi. Respublikanın ictimai-siyasi, sosial-iqtisadi və mənəvi həyatında yeni intibah mərhələsi kimi qiymətləndirilən bu seçkilər və ondan sonra ölkədə həyata keçirilən çoxşaxəli mütərəqqi islahatlar xalqın strateji seçiminin alternativsizliyini sübuta yetirdi.
Ümummilli lider Heydər Əliyevin siyasi məktəbinin yetirməsi, zəmanəsinin nüfuzlu, uzaqgörən və qətiyyətli siyasi liderlərindən olan Prezident İlham Əliyevin bu illər ərzində yürütdüyü ardıcıl və məqsədyönlü siyasət ölkəmizin dayanıqlı və dinamik inkişafını təmin etdi, Azərbaycanı regional güc mərkəzinə, söz sahibi dövlətə çevirdi.
İlk dəfə iştirak etdiyi Prezident seçkiləri ərəfəsində geniş xalq kütlələri ilə görüşündə "Bir dənə də olsun çadır düşərgəsi qalmayacaq", - deyən Prezident İlham Əliyev verdiyi vədə ən qısa zamanda əməl etdi: 2007-ci ilin dekabrında ölkədəki sonuncu çadır şəhərciyi tarixin arxivinə köçürüldü. Ötən müddətdə məcburi köçkünlər üçün bütün infrastruktura malik yeni qəsəbələr salındı, çoxsaylı yaşayış binaları inşa edildi, 300 min nəfərdən artıq məcburi köçkün ev və mənzillərlə təmin olundu.
2016-cı ilin aprel ayında təcavüzkar Ermənistan dövlətinin cəbhənin müxtəlif istiqamətlərində törətdiyi təxribatlara cavab olaraq müzəffər Azərbaycan Ordusunun başlatdığı əks-həmlə əməliyyatları fonunda isə məcburi köçkünlərin mənzil-məişət problemlərinin həlli ilə yanaşı, Qarabağa qayıdışın da əsası qoyuldu. Cəbrayılın Cocuq Mərcanlı kəndinə qayıdan həyat cənab Prezidentin xalqın sosial-iqtisadi inkişafı ilə paralel hərbi sahədə atdığı addımların, ümumilikdə isə 1994-cü ildə atəşkəsin imzalanması və beynəlxalq iqtisadi əməkdaşlıq platformasının yaradılmasından bu günə qədər davam etdirilən ordu quruculuğu prosesinin əyani təcəssümü idi. Dövlətimiz sülh danışıqlarının nəticə vermədiyi halda müharibə yolu ilə tarixi ədaləti bərpa etmək hüququnu həmişə öz əlində saxlayırdı. Hələ 2007-ci il iyununda Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin növbəti buraxılış mərasimdəki çıxışında "Dağlıq Qarabağ heç vaxt Ermənistana birləşməyəcəkdir. Bunu Ermənistanda və Dağlıq Qarabağda nə qədər tez başa düşsələr, onlar üçün bir o qədər də yaxşıdır... Əminəm ki, bizim siyasi gücümüz, iqtisadi inkişafımız, hərbi gücümüz, Vətənə olan sevgimiz məsələnin həllinə gətirib çıxaracaq, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək, Azərbaycan bayrağı Şuşada, Xankəndində, Dağlıq Qarabağda dalğalanacaqdır" - deyən Prezident Azərbaycan dövlətinin qarşısında dayanan ən vacib məsələnin işğal altındakı torpaqlarımızın qaytarılması olduğunu bəyan etmişdi.
2016-cı ilin dördgünlük Aprel döyüşlərindən 2 il sonra, 2018-ci ilin may ayında Naxçıvan istiqamətində həyata keçirilən Günnüt əməliyyatı sülh danışıqları ilə bağlı qeyri-konstruktiv mövqe tutmaqda davam edən düşmən ölkəyə artıq ikinci xəbərdarlıq idi. Hərçənd Ermənistanda Serj Sarkisyan rejimini devirərək hakimiyyətə gələn Nikol Paşinyan sələfinin səhvlərindən nəticə çıxarmaqdansa, daha ağılsız, irasional ritorikaya üstünlük verdi. Azərbaycanın işğal olunmuş Xankəndi şəhərinə gedərək "Qarabağ Ermənistandır və nöqtə" sərsəmləməsi ilə Nikol Paşinyan sülh danışıqlarının üzərindən birdəfəlik xətt çəkdi. Rusiya Federasiyasının Soçi şəhərində keçirilən "Valday" Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında çıxışı zamanı buna cavab olaraq "Qarabağ Azərbaycandır və nida işarəsi", - deyən Azərbaycan Prezidenti Ermənistan hərbi-siyasi rəhbərliyinin işğal faktına görə məsuliyyətdən yayına bilməyəcəyinə işarə etdi.
Bu ilin iyul ayının 17-də Ermənistan-Azərbaycan sərhədinin Tovuz rayonu istiqamətində hərbi təxribata əl atan düşmən beynəlxalq hüquqa məhəl qoymadığını, artıq əməli fəaliyyətə keçdiyini də nümayiş etdirməkdən çəkinmədi. Şanlı Azərbaycan Ordusunun sərt müqaviməti ilə üzləşən azğın düşmən geri oturdulsa da, daha böyük təxribat törətmək üçün hazırlıqlarını davam etdirdi. BMT və digər beynəlxalq təşkilatların onlayn formatda keçirilən zirvə toplantılarında işğalçı ölkənin yeni hücuma hazırlaşması barədə dünya ictimaiyyətini məlumatlandıran, xəbərdar edən ölkəmizin rəhbəri regionda istənilən hərbi toqquşmanın məsuliyyətini Ermənistan dövlətinin daşıyacağını diqqətə çatdırırdı. Dövlətimizin başçısı Ermənistana hava yolu ilə edilən hərbi yardımlar barədə təkzibolunmaz faktlar ortaya qoyaraq, münaqişənin həlli ilə bağlı vasitəçilik öhdəliyi daşıyan ATƏT-in Minsk qrupu ölkələrini, o cümlədən, həmsədr dövlətləri məlumatlandırdı. Hətta dövlətimizin başçısı rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığında da bu ölkədən Ermənistana hərbi vasitələrin daşındığına dair konkret sübutları təqdim etdi, mövcud vəziyyətin Azərbaycan cəmiyyətində haqlı suallar yaratdığını bildirdi. Dövlət başçısının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı siyasi müstəvidə həyata keçirdiyi sistemli fəaliyyət Azərbaycanın haqlı mövqeyini daha da gücləndirdi. Beynəlxalq əlaqələrinin genişləndirilməsi və iqtisadi potensialının artırılmasına xüsusi diqqət yetirən cənab Prezident cəsarətli, proqmatik və rasional siyasəti ilə qarşıdakı maneələri aşaraq ölkəmizin düşmən qarşısında hərbi-siyasi üstünlüyünü bir qədər də möhkəmləndirdi.
Nəhayət, sentyabrın 27-də Ali Baş Komandanın əmri ilə Silahlı Qüvvələrimiz cəbhəboyu təxribat törədən Ermənistan ordusuna qarşı əks-hücum əməliyyatlarına başladı. İşğalçı ölkənin 30 il ərzində möhkəmləndirmə işləri apardığı təmas xəttini Azərbaycanın müzəffər Ordusu qısa zamanda yararaq Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı rayonlarını, 150-dən çox kənd və qəsəbəni, onlarla strateji yüksəkliyi düşmən tapdağından azad etdi. Heç şübhəsiz, əldə edilən bu möhtəşəm qələbələrin əsas ilhamverici qüvvəsi Xalq-Ali Baş Komandan-Ordu birliyidir. Bu mübarizədə dinindən, milli və etnik mənsubiyyətindən, harada dünyaya göz açmasından asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı qarabağlı olduğunu ortaya qoyur.
Bu gün bütün Azərbaycan xalqı milli həmrəylik nümayiş etdirərək həm ön, həm də arxa cəbhədə müzəffər Ali Baş Komandan İlham Əliyev və rəşadətli Azərbaycan Ordusuna birmənalı dəstəyini nümayiş etdirir, cəmiyyətdə yüksək döyüş əhval-ruhiyyəsini qoruyub saxlayır. İşğalçı Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mülki yaşayış sahələrini hədəf aldığı, çoxsaylı dinc insan təlafatları ilə nəticələnən təcavüzkar aksiyaları belə, mübariz xalqımızın iradəsini və döyüş əzmini sarsıda bilmir. Azərbaycan xalqı müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında daha da sıx birləşərək, bu haqq savaşında Ordumuzun zəfər çalacağına bitib-tükənməyən inamını ifadə edir.
Azərbaycanın bütün bölgələrində olduğu kimi, bu günlər mənim yaşadığım Masallı rayonunda da sarsılmaz ruh yüksəkliyi müşahidə olunur. Əhalinin yüksək vətənpərvərlik ruhu, rayon rəhbərliyi ilə camaat arasında hökm sürən birlik və həmrəylik, yağı düşmənin tapdağındakı torpaqlarımızın işğaldan azad edilməsi uğrunda savaşan rəşadətli Ordumuza olan sonsuz sevgi və rəğbət böyük fərəh və qürur doğurur. Masallı rayon camaatı bu gün hamılıqla dövlətçiliyə sədaqətini, Silahlı Qüvvələrimizə dəstəyini nümayiş etdirir, çoxsaylı rayon gəncləri könüllü olaraq Ordu sıralarına qoşularaq Vətənin bütövlüyü uğrunda aparılan döyüşlərdə cani-dildən iştirak edir, igidlik, qəhrəmanlıq göstərirlər.
Bu gün Azərbaycan tarixinin ən şərəfli günlərini yaşayır. Bu mənada, hər birimiz bu şanlı günlərə şahidlik etdiyimizə görə mübaliğəsiz olaraq özümüzü bəxtəvər saya bilərik. İndiyə qədər təqvimlərdə şəhər və rayonlarımızın, kənd və qəsəbələrimizin işğal tarixlərini göstərən qara haşiyəli günlərin kədərini qəlbində daşıyan bizlərə bu günlər düşmən əsarətindəki torpaqlarımızın azad edildiyi müqəddəs tarixi günləri yaşamaq səadəti nəsib olur. Dünənəcən ruhən əzilmiş, sınmış, taqətdən düşmüş halda bomboz həyat sürən, zaman etibarı ilə ən azından son bir neçə onillikdə qalibiyyət sevincinə tamarzı qalan, zəfərə təşnə olan bizlər bu gün qəlbimizdə Ali Baş Komandanımızın rəhbərliyi ilə müzəffər Ordumuzun şəhər və rayonlarımızı, qəsəbə və kəndlərimizi bir-birinin ardınca işğaldan azad etməsi xəbərlərinin sonsuz sevincini daşıyır, fərəh və coşğusunu yaşayırıq. Bu gün hər birimizin içində tezliklə bütün torpaqlarımızın düşmən işğalından qurtulacağına və o yerlərdə üçrəngli Azərbaycan bayrağının dalğalanacağına böyük və sarsılmaz ümid var. Nakam şairimizin illər öncə dediyi kimi, inanırıq ki, "böyük günlər, şanlı günlər, şən günlər hələ qarşımızdadır". Uzun illərdən bəri həsrətində olduğumuz, xəyallarımızdakı bu əvəzsiz, möhtəşəm günləri isə bizə Ali Baş Komandanımızın sərkərdəliyi ilə müşkülləri mümkünə çevirən şanlı Azərbaycan Ordusu, mətin əsgər və zabitlərimiz bəxş edirlər.
Tanrı əsgər və zabitlərimizi qorusun!
Yaşasın müzəffər Azərbaycan Ordusu!
Qarabağ Azərbaycandır!