|
|
|
|
Ötən bazar günü müəllifi olduğum "Unutmadıq, şəhidim" ikicildlik kitabı da götürüb şəhidimiz Bilal Qənbərovun ailəsini ziyarət etmək üçün Bayıl qəsəbəsinə üz tutdum. Şəhidimizin bacısı Aidə xanım məni qarşılayıb, evə dəvət etdi. Gəlişimdən əvvəlcədən xəbərdar olan ailə üzvləri yolumu gözləyirdi.
Şəhidimizin anası məni qucaqlayıb bağrına basdı. Ailədə elə doğma münasibət gördüm ki, sanki illərdir tanıdığım ailənin qonağı idim. Halbuki ilk dəfə idi, bir-birimizi görürdük.
Şəhidimiz Bilal Qənbərov haqqında yazımın yer aldığı kitabımı təqdim edəndə şəhidimizin anası dedi ki, gecə yuxuda Bilalı görmüşəm, uzun müddətdən sonra ilk dəfə yuxuma gəlmişdi. Onun bu kəlmələr məni çox duyğulandırdı. Niyə məhz bu gecə? Kitabının yola düşəcəyini bildiyi üçünmü gəlmişdi anasının yuxusuna?
Can qardaşım, səni görməsəm də, doğmasan mənə. Səsini duymasam da, əzizsən mənə. Bu, elə bir sevgidir ki, bütün sevgilərdən üstün, ən uca zirvənin sahibisən sən. Bacılarının göz yaşından süzülüb, səni tanımadan sevənlərin qəlbinə dolan Bilal kəlməsisən sən. Xatirələrini xatırladıqca ananın qəlbini sızladan, yoxluğunla barışa bilməyən bir ailənin göz yaşısan sən. Yadları doğmalaşdıran, qəhrəmanım, haqqın ödənməz sənin. Sən qanınla tarix yazdın. Canınla ödədin Vətənə borcunu. Qızından qopa bilməyənim, indi qızına həsrət qalmısan.
Söhbətimiz zamanı şəhidimizin bacısı deyir ki: "Bilal cəbhəyə getməmişdən bir gün əvvəl qızının yanında idi. Zəng vurduq ki, gəl evə görüşək, dedi ki, bəlkə qızımı bir də görə bilmədim, qoy qızımla doyunca vaxt keçirim".
Sən nə gözəl qəlbin sahibisənmiş, şəhidim. Sən necə nümunəvi ata olmusan övladına. Tanrı sevdiyi bəndələrini dərgahına tez apararmış. Bəlkə o qədər sevimli bəndə oldun ki, Tanrı da səni zirvələrə layiq bildi.
Qənbərov Bilal Xanlar oğlu 1993-cü il sentyabrın 29-da Bakı şəhərində anadan olub. Bilala 1941-1945-ci illər Böyük Vətən müharibəsinin veteranı olan qəhrəman babasının adı verilib. Ailədə dörd uşaq olublar - üç bacının tək qardaşı olub Bilal.
Bilal 2000-ci ildə Səbail rayonundakı şəhid Etibar Əliyev adına 162 nömrəli tam orta məktəbin 1-ci sinfinə qəbul olunub. O, əxlaqı, tərbiyəsi, mənəvi keyfiyyətləri ilə həm müəllim, həm də şagird kollektivinin sevgisini qazanıb. 2011-ci ildə orta məktəbi bitirib. Bilal ailəli olub, bu evlilikdən Nazlı adında sevimli bir qızı var. Onun ən böyük arzularından biri ali təhsil alıb yaxşı bir peşəyə sahib olmaq, son gününə qədər dilindən düşürmədiyi Nazlını hərtərəfli böyütmək idi. Boş vaxtlarını onunla keçirər, qızına qayğı göstərərdi. Cəbhədə olanda hər dəfə "Nazlıdan muğayat olun" - deyib sağollaşarmış.
2018-ci ilin iyul ayında həqiqi hərbi xidmətə çağırılıb, 2020-ci ilin yanvarın 5-də tərxis olunub. Bilal 2020-ci il sentyabrın 29-da öz doğum günündə İkinci Qarabağ savaşınaq qatılıb, cəbhəyə yola düşüb. Ailəsi qeyd edir ki, bundan qabaqkı ad günlərini, yəni 25, 26 yaşlarını hərbi hissədə qeyd etdiyi üçün bu ad gününü başqa cür qeyd etmək istəyirmişlər: "Könüllü olaraq cəbhəyə gedəcəyini evdə deməmişdi. Evə zəng gəldi, xəbər tutduq ki, Bilal döyüş bölgəsindədir. Deyə-gülə cəbhəyə yola düşdü. O, qələbəyə çox inanırdı. Şuşaya bayraq sancmaq isə ən böyük arzusu idi".
Qəhrəmanımız Hadrut, Cəbrayıl və Füzuli şəhərlərinin alınmasında mənfur düşmənə qarşı böyük fəxarətlə vuruşub. O, ailəsi ilə danışarkən hər dəfə Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin çıxışlarının onları necə ruhlandırdığını vurğulayıb. İgidimiz dəfələrlə ölümdən dönüb. 3 noyabrda, məhz Şuşa uğrunda gedən döyüşlərdə Şəhidlik zirvəsinə yüksəlib. 5 noyabrda Bilalın ailəsinə şəhid olma xəbəri gəlib. Bütün ailə, Bilalı sevənlər, qonşular, dost-tanış bu xəbərdən bərk sarsılıb. Hər kəs onun qələbə sevinci ilə geri dönəcəyinə inanırmış. Vətənin mərd oğlu Bilal Qənbərov 6 noyabrda Badamdar qəbiristanlığında torpağa tapşırılıb. Ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə köklərinin bağlı olduğu Borçalı mahalın fəxri, şəhid Bilal Qənbərov "Vətən uğrunda" medalı ilə təltif olunub.
Bu gün Azərbaycan Bilal və onun kimi Vətən üçün canından keçən şəhidlərimizin və qazilərimizin igidliyinin bəhrəsini görür.
Onlar bir daha sübut etdilər ki, Qarabağ Azərbaycandır! Bizə zəfər sevincini yaşadan və üçrəngli bayrağımızı Qarabağ səmalarında dalğalandıran oğullarımızla fəxr edir, şəhidlərımızın ruhu qarşısında baş əyirik.
Ruhun şad olsun, şəhidim!
Şəhidlər ölməz, Vətən bölünməz!