|
|
|
|
Müasir dövrdə dünyada etnik separatizm meyillərinin güclənməsi regional və beynəlxalq təhlükəsizliyin təmin olunmasına, bəşəriyyətin sülh və əmin-amanlıq şəraitində yaşamasına mənfi təsir göstərən mühüm amillərdən biridir.
Hazırda dünyada 220 milyon nəfərdən çox əhalini və 12,7 milyon kvadratkilometr ərazini əhatə edən 50-dən çox əsas etnik separatizm ocağı mövcuddur. Etnik separatizmin nəticəsində yaranan münaqişələrin 20-dən çoxu hərbi toqquşmalarla müşayiət olunur. Təəssüf ki, bü gün Azərbaycan da dünyada separatizmdən, etnik təmizləmədən ən çox əziyyət çəkən ölkələrdən biridir. Azərbaycan 1980-ci illərin sonlarından başlayaraq erməni separatmi ilə üzləşib və insanlarımız etnik təmizləməyə məruz qalıblar. Hazırda ölkəmizin ərazisinin 20 faizi Ermənistanı işğalı altındadır, bir milyona yaxın vətəndaşımız isə qaçqın və məcburi köçkün vəziyyətində yaşayır. Qeyd edilən bu problem hazırda təkcə Azərbaycan üçün deyil, bir sıra digər postsovet ölkələri üçün də çox aktualdır. Gürcüstan, Moldova, Ukrayna da separatizmdən əziyyət çəkir. Təbii ki, separatizm dövlətlərin ərazi bütövlüyü məsələsinə açıq təhdid yaradır. Amma təəssüf ki, beynəlxalq hüquq normalarının açıq şəkildə pozulmasına baxmayaraq bu normaları qorumalı olan beynəlxalq qurumlar öz öhdəliklərinə əməl etmirlər. Beynəlxalq qurumlar separatizm dalğasına qarşı açıq mübarizə aparmaqdan çəkinirlər və bu da çox ağır nəticələrə gətirib çıxara bilər. Çünki artıq Avropa özü separatizmdən əziyyət çəkməyə başlayıb.
Azərbaycan prezidenti İlham Əliyev bir neçə gün əvvəl Nazirlər Kabinetinin ötən ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bu mövzuya toxunaraq deyib ki, bir həqiqətdir ki, hazırda Avropanın özü separatizmdən əziyyət çəkir və görür ki, separatizm nədir: "Biz isə aqressiv separatizmlə üzləşmişik. Bizə qarşı soyqırımı törədilmişdir. Bizim vətəndaşlarımız öz doğma torpaqlarından silah gücünə çıxarılmışdır. Əlbəttə, dünyada, o cümlədən Avropada separatizmin baş qaldırması beynəlxalq ictimaiyyətə bir siqnaldır ki, yalnız vahid yanaşma tətbiq olunmalıdır. Biz həmişə bunu demişik. Mən dəfələrlə bunu deyirəm ki, bütün münaqişələrə, bütün separatizm təzahürlərinə vahid yanaşma tətbiq olunmalıdır, ikili standartlara yer olmamalıdır, bundan əl çəkilməlidir. Biz bunu artıq görürük. Hesab edirəm ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün bu, önəmli hadisələrdir. Azərbaycan öz prinsipial mövqeyindən geri çəkilməyəcək və ölkəmizin ərazi bütövlüyünün bərpası bizim üçün əsas məsələdir".
Dövlət başçısı ötən ilin sonunda Avropa İttifaqının "Şərq tərəfdaşlığı" sammitində qəbul edilmiş bəyannamədə üzv ölkələrin ərazi bütövlüyünün, suverenliyinin Avropa İttifaqı tərəfindən birmənalı şəkildə dəstəkləndiyini xatırladıb, əlavə edib ki, bu, işğalçı Ermənistana növbəti zərbə olub: "Bu, ədalətin təzahürüdür və eyni zamanda, onu göstərir ki, bu gün Avropa qurumları, dünya mərkəzləri həm Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı, eyni zamanda, ümumiyyətlə dünyada gedən proseslərlə bağlı daha müsbət yanaşma ortaya qoyurlar".
Rəsmi Bakının mövqeyi hər zaman belə olub ki, bir dövlətin beynəlxalq hüququn normaları ilə təsbit edilmiş ərazisi daxilində başqa bir dövlətin yaradılması və bu məqsədə nail olmaq üçün milli, etnik zəmində parçalanmaya əl atılması yolverilməzdir. Azərbaycan dəfələrlə dünya birliyini Dağlıq Qarabağ münaqişəsinin regionda törədə biləcəyi təhlükələr haqqında xəbərdar edərək, qəti şəkildə praktik addımlar atmağa və Ermənistanı işğalçılıq siyasətindən çəkindirməyə çağırış edib. Çünki təcavüzkarın qarşısı alınmazsa, beynəlxalq dairələrin dünyada sülhün və sabitliyin bərqərar edilməsinə yönəldilmiş səyləri nəticəsiz qalacaq, etnik münaqişələrin miqyası daha da genişlənəcək ki, bu da dünya nizamı üçün böyük təhdid deməkdir.
Digər tərəfdən, dünyada sabitliyə, təhlükəsiziyə cavabdeh olan beynəlxalq qurumlar nəhayət anlamaldırlar ki, əgər vaxtında təsirli addımlar atılsaydı, separatizmin qarşısı alınardı. Susqunluq, görməzdən gəlmək, eyni problemə ikilistandartla yanaşma fəlakətli nəticələrə gətirib çıxardı. Dövlət başçısının da qeyd etdiyi kimi Azərbaycanın qarşılaşdığı yalnız separatizm deyil, həmçinin, aqressiv separatizm meyilləri idi ki, bu da terror əməlləri ilə müşayət olunurdu və ilkin mərhələdə SSRİ-nin mövcud olduğu bir vaxtda Dağlıq Qarabağ muxtar vilayətində köklü Azərbaycan icmasının etnik təmizlənməsi ilə nəticələndi, sonrakı mərhələdə isə bunun coğrafiyası daha da genişləndi.
Bu gün işğalçı Ermənistan xalqların öz müqəddəratını təyinetmə prinsipindən sui-istifadə edərək, öz çirkin məqsədinə nail olmaq, Azərbaycan ərazilərində ikinci erməni dövləti yaratmağa çalışır. Azərbaycan mövqeyi, beynəlxalq ictimaiyyətin də bölüşülən fikir ondan ibarətdir ki, müsəmləkəçiliyə qarşı mübarizə kontekstindən kənarda xalqların öz müqəddəratını təyinetmə prinsipinin separatizm məqsədləri üçün istifadə edilməsi heç bir halda düzgün yanaşma deyildir. Azərbaycanın təcrübəsində Ermənistan tərəfi bunu təbliğat obyektinə keçirtməyə çalışır. Əlbəttə ki, xalqların öz müqəddəratını təyinetmə prinsipi güc tətbiq etmək, zorakı əməllər törətmək, etnik təmizləmə kimi əməllərin törədilməsini qəbul etmir. Ona görə də bugünkü beynəlxalq münasibətlər sistemində separatizmə qarşı aydın və birmənalı mövqe olmalıdır. Dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədləri güc tətbiq edilərək dəyişdirilə bilməz. Bu, beynəlxalq hüquqda qəbul olunmuş təməl prinsipdir.
Prezidentin vurğuladığı kimi, separatizmlə mübarizə üçün vahid yanaşma tətbiq olunmalı, vahid prinsiplər qəbul edilməlidir. Məhz vahid yanaşmanın olması dünyada sülh və təhlükəsizlik üçün əsas təhdidlərdən biri olan separatizmlə mübarizəni gücləndirə bilər. Çünki Avropanın öz içərisində gedən proseslər və tendensiyalar da göstərdi ki, heç bir dövlət bu kimi hallardan sığortalanmayıb. Ötən il İspaniyanın Kataloniya ərazisində keçirilən qanunsuz referendumun ardınca digər Avropa ölkələrində, o cümlədən, Belçikada, Fransada, Böyük Britaniyada separatizm meyilləri baş qaldırdı. Həmçinin, İraqın Kürdüstan Muxtariyyətində qanunsuz referendum keçirildi. Əgər Kataloniya və Şimali İraqda keçirilən referendumlar baş tutsaydı, dünya birliyinin bu referendumlara qarşı sərt mövqe olmasaydı, separatizm meyilləri bütün dünyanı bürüyə bilərdi.
Buna görə də dünya birliyi Azərbaycanın bu məsələdən əziyyət çəkməsini və separatizmə yanaşması ilə bağlı qəti mövqeyini nəzərə alaraq, ölkəmizlə daha çox həmrəy olmalı, onun ədalətli mövqeyinə dəstək verməli, işğalçı Ermənistana təcavüzə son qoymaq üçün təzyiqlər göstərməlidir.
PƏRVANƏ