Yazıma belə bir ad seçməyim təsadüfü deyil. Özü də təsadüflərə inanmayan biri kimi... Səudiyyə Ərəbistanı Krallığı doğrudan da, səhrada cənnətdir. Noyabrın son günləri, dekabrın əvvəlləri...Temperatur müxtəlif şəhərlərdə 30-40 dərəcə arasında dəyişir. İlk dəfə səfər etdiyim hər bir ölkə haqqında elə ilk təəssüratım hava limanından şəhərə qədər olan məsafədə yollarından başlayır. Paytaxt Əl Riyadın Hava Limanında bizim qrupu - "525-ci qəzet"in baş redaktoru Rəşad Məcidi, "Xalq qəzeti"nin tanınmış yazarı İttifaq Mirzəbəylini, AzTV-nin operatoru Vüqar Həsənovu və bu sətirlərin müəllifini Səudiyyə Ərəbistanı İnformasiya Nazirliyinin nümayəndələri qarşılayır. Hava Limanından qalacağımız "Marriott" hotelinə qədər yolların hər iki tərəfi yaşıllıqlara bürünüb. Arabir səhralar görünsə də, diqqətimi daha çox yaşıllıqlar, salınmış meşələr, xurma ağacları çəkir.
Geniş və rahat yollarda ABŞ-da, Yaponiyada istehsal olunan avtomobillər üstünlük təşkil edir. Eyni zaman, qədim və müasir tikililər, körpülər, tunellər...Hotelə çatanda Orta Asiyadan - Özbəkistandan, Qırğızıstandan, Tacikistandan gələn həmkarlarımızla tanış oluruq.
Haşiyə: Hələ Bakıda olarkən Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Musaid Əl Suleym bizimlə görüşündə bildirmişdi ki, səfərin məqsədi Səudiyyə Ərəbistanı ilə Azərbaycan, eləcə də, Orta Asiya ölkələri ilə iqtisadi əlaqələri inkişaf etdirməkdən ibarətdir. Diplomat onu da əlavə etmişdi ki, Səudiyyə Ərəbistanı ilə Azərbaycan arasında siyasi əlaqələr olduqca yüksək səviyyədədir. Ona görə də iki ölkə rəsmiləri Azərbaycanla iqtisadi əlaqələri də inkişaf etdirməkdə maraqlıdırlar.
Səudiyyə Ərəbistanında olduğumuz günlərdə, keçirdiyimiz görüşlərdə, tədbirlərdə bütün bunların bir daha şahidi olduq. Bu barədə bir az sonra daha ətraflı yazacağam(.
Biz və Orta Asiyadan olan həmkarlarımız...
Səudiyyə Ərəbistanı Tarix Muzeyində...
Səfər proqramımızda ilk tanışlığımız ölkənin Tarix Muzeyindən başladı. Tarixi özündə əks etdirən zəngin muzeydə müasir aparatlar quraşdırılıb. Ölkənin tarixi, mədəniyyəti, müqəddəs yerləri, yeraltı sərvətləri və s. ilə maraqlanırsansa, o zaman uyğun olaraq qarşındakı düyməni basırsan və Səudiyyə Ərəbistanının xəritəsini gözdən keçirirsən. Səni maraqlandıran məlumatlar xəritədə yaşıl işıqla öz əksini tapır.
Muzeydə ən yaddaqalan məqamlardan biri də o qədər böyük olmayan, lakin 3 ton ağırlığındakı meteorit parçası oldu. Onun nə zaman yer üzünə düşdüyü məlum olmasa da, yüz il öncə Səudiyyə Ərəbistanı ilə Oman sərhədindən tapılıb.
Eyni zamanda, müqəddəs şəhərlərin - Məkkənin, Mədinənin, Kəbə Evinin maketləri də var. Bundan başqa, Krallığın müxtəlif dövrlərinə aid olan şəhər planlarının, sarayların maketləri elə qurulub ki, elə bil özünü o dövrdə hiss edirsən. Səudiyyə Ərəbistanının tarixindən bəhs edən, müxtəlif dillərə tərcümə olunan on-on beş dəqiqəlik sənədli filmlər də muzeyi ziyarət edənlər üçün nümayiş etdirilir.
Muzeydə vaxtilə ölkə ərazisində mövcud olan, indi isə kökü kəsilən heyvanların qalıqları saxlanılır.
Ümumiyyətlə, ölkənin Tarix Muzeyi ilə tanışlıq üçün ən azı yarım gün burada olmalısan.
Qədim və müasir Əl Riyad, balaca Mühammed...
Günün ikinci yarısı Orta Asiyadan olan həmkarlarımızla, Səudiyyə Ərəbistanının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Musaid Əl Suleym, eləcə də, ölkənin Xarici İşlər və Mədəniyyət Nazirliklərinin nümayəndələri ilə birlikdə Əl Riyadın qədim yerləri, qalaları, məhəllələri ilə tanış oluruq. Eyni zamanda da, Əl riyadlılarla..... Əslində, bütün ərəb ölkələrində olduğu kimi, havaların isti olması ilə əlaqədar adamlar daha çox axşamlar gəzməyə, istirahət, alış-veriş etməyə üstünlük verirlər. Bəlkə də tarixi çox sevdiyimdən qədim yerləri, qalaları, məhəllələri görmək, tanış olmaq xüsusi zövq verir. Nisbətən yaşlı insanlar, qadınlar oturub söhbət edir, uşaqlar isə elə dünyanın hər yerində olduğu kimi öz uşaq dünyalarındadırlar.....Topla oynayan kim, evcik quran kim.....Valideynləri də həm istirahət, həm də onlara nəzarət edirlər. Bir neçə dəqiqəliyə qədim qala daşının üzərində əyləşib onların futbol oynamasına tamaşa edirəm. Top əyləşdiyim yerə gəlib düşəndə, beş-altı yaşlı yaraşıqlı uşaq bir qədər çəkinə-çəkinə mənə yaxınlaşır. Yəqin ki, əcnəbi olduğumu hiss edib. Topu əlimdə tutub, başını tumarlayıram. O, həm mənə, həm də topa baxıb gülümsəyir...Adını soruşuram. Şirin ərəb ləhcəsi ilə - Mühammed - deyir. Topu qaytaran kimi - Şukran - söyləyib, dostlarının yanına qaçır.....
Səudiyyə Ərəbistanında insanlar olduqca qonaqpərvər, istiqanlı, mehribandırlar. Özlərinin təbirincə desək, elə bizdə olduğu kimi.....
Qaldığımız hoteldə isə, Mətbuat Mərkəzi demək olarki, günün 24 saatı bizim ixtiyarımızdadır.
Qarşıda isə bizi Səudiyyə Ərəbistanının böyük şəhərləri, liman, iqtisadi, sənaye mərkəzləri ilə tanışlıq gözləyir...
Səudiyyə Ərəbistanı Şərq vilayətinin paytaxtı -Dammam
İlk səfər etdiyimiz şəhər Səudiyyə Ərəbistanının üçüncü böyük şəhəri və malliyyə paytaxtı Dammamdır. Elə ilk tanışlıqdan Ərəb körfəzinin sahilində yerləşən bu şəhərin gözəlliyinə heyran qalıram. Hər zaman deyirlər ki, dəniz sahilində yerləşən şəhərlər xoşbəxt olur. Bilmirəm, bu ifadənin müəllifi kimdir, ümumiyyətlə.....mənə elə gəlir ki, xoşbəxtlik məfhumu insana məxsusdur. Bəlkə də səhv fikirləşirəm, bəlkə də düz.....Hər halda, Səudiyyə Ərəbistanının Şərq vilayətinin paytaxtı sayılan bu şəhər çox gözəldir. Oxuduqların, yazdıqların, görmək bir başqa, canlı, gözlərinlə görmək isə, ünvanında olmaq bir başqa... Ərəb körfəzini deyirəm, buranı müxtəlif adlarla adlandırırlar. Ərəb, Fars körfəzi və s... Ərəb körfəzi sahilində bir müddət gəzirik, çəkiliş aparırıq. Bir faktı da qeyd edim ki, Ərəb körfəzi boyunca cəkilən tunel düz Bəhreynə qədər aparıb çıxarır... Lakin körfəzdən Bəhreyi seyr etmək olar... Tunel vasitəsilə Bəhreynə keçmək üçünsə, mütləq viza tələb olunur.
Əhalisi 3 milyona yaxın Dammamda çoxsaylı görüşlər keçirdik, sənaye müəssisələrində olduq. Bütün görüşlərdə Səudiyyə Ərəbistanı rəsmiləri xüsusi olaraq bildirdi ki, "Səudiyyə Ərəbistanı Krallığı ilə Azərbaycan Respublikası arasındakı əməkdaşlıq əlaqələri qardaş müsəlman dövlətləri arasındakı əməkdaşlığın bir nümunəsi sayıla bilər. Ələlxüsus siyasi sahədə iki ölkə arasında beynəlxalq təşkilat və forumlar çərçivəsində davamlı koordinasiya həyata keçirilir. Bir çox regional və beynəlxalq məsələlərdə eyni mövqelərdən çıxış edilir. Siyasətlə yanaşı Səudiyyə Ərəbistanı Krallığının digər sferalarda da iki ölkə arasındakı əməkdaşlıq üçün prioritet saydığı sahələrə gəlincə isə demək lazımdır ki, Səudiyyə Ərəbistanı Krallığı ilə Azərbaycan Respublikası iqtisadi sahənin inkişafı, o cümlədən qarşılıqlı ticarət dövriyyəsini və investisiyaları artırmaq, hər iki ölkənin özəl sektorunu əməkdaşlığa cəlb etmək üzərində iş aparır".
Səudiyyə Ərəbistanı
iqtisadiyyatı
Səudiyyə Ərəbistanı iqtisadiyyatı əsasən neft gəlirlərinə söykənir. Səudiyyə Ərəbistanı dünya neft ehtiyatlarının 25%-nə malik olaraq, dünyada neft ixracına görə birinci yer tutur və OPEK-in aparıcı üzvüdür. Neft gəlirləri ölkə büdcəsinin 75%-ni, ümumdaxili məhsulun 45%-ni və ümumi ixracın 90%-ni təşkil edir. Ümumdaxili məhsulun 40%-i özəl sektorun payına düşür. Səudiyyə Ərəbistanında çalışan 10 milyona yaxın əcnəbi ölkə iqtisadiyyatı, xüsusən də neft və xidmət sektorunda vacib rol oynayır. Hökumət iqtisadiyyatın neftdən asılılığının aradan qaldırılması və Səudiyyə Ərəbistanı vətəndaşlarının məşğulluğunun artırılması məqsədilə özəl sektorun inkişafına xüsusi diqqət ayırır. Səudiyyə Ərəbistanı hökuməti ölkədə elektrik enerjisi və təbii qaz istehsalı, telekommunikasiya və neft kimyası sahələrində özəl sektorun və xarici investorların iştirakını dəstəkləyir. Uzun sürən danışıqlardan sonra Səudiyyə Ərəbistanı nəhayət ki, 2005-ci ilin dekabr ayında Ümumdünya Ticarət Təşkilatının üzvü seçilib. Neftdən gələn gəlirlərin sayəsində Səudiyyə Ərəbistanı hökuməti təhsil, peşə hazırlığı, habelə infrastrukturun inkişafı və maaşların artırılmasına külli miqdarda vəsait ayıra bilir. Neftdən krallığın asılılığını azaltmaq üçün və sürətlə artan səudiyyə əhalisinin məşğulluğunu artırmaq üçün, son illərdə özəl sektor sürətlə inkişaf edir. Su infrastrukturunun və təhsilin inkişafına əlavə vasitələrin ayrılması ən yaxın perspektivdə Səudiyyə Ərəbistanının hökumətinin əsas prioritetidir. Suyun çatışmazlığı və sürətli əhali artımı ölkəyə özünü kənd təsərrüfatı məhsullarıyla tamamilə təmin etməyə icazə vermirlər.
Səudiyyə Ərəbistanına səfərimiz, bu ölkə ilə bağlı ən maraqlı nüansları gələn yazılarımızda diqqətinizə çatdıracağıq.
Bizi izləyin.
Ağanisə SULTANOVA
Bakı-Əl Riyad- Ciddə-Məkkə-Əl Riyad- Bakı,
Xüsusi olaraq "525-ci qəzet" üçün