Rasət PİRİSOYU
Mən Furqan Sadığı tanımıram...
Amma Furqan Sadığın şeirlərindəki ovqatı yaxşı tanıyıram. Bu ovqatın (bu "ovqat" sözünü şərti qəbul edin) müasir Azərbaycan ədəbiyyatında əməlli-başlı tərcümeyi-halı var. Mən bu ovqatda yazılan şeirlərə ilk dəfə Əlisa Nicatın yaradıcılığında rast gəlmişəm. Sonra mən bu şeirləri Vaqif Səmədoğlunda gördüm. Vaqif Səmədoğlu bu ovqatın üstündə əməlli-başlı şair işi apardı. Kimin yazmasından asılı olmayaraq indi bu şeiri Azərbaycan ədəbiyyatında Vaqif Səmədoğlunun şeiri kimi tanıyırlar...
Məndə belə bir qənaət formalaşmışdı ki, bu şeir deyəsən keçən əsrdə qaldı. Amma görünür belə deyilmiş...
Mən bu şeirə bir ara Günel Mövludda da rast gəldim. Doğrudur, Günelin şeirlərində S.Yesenin temperamenti açıq-aşkar hiss olunurdu. Sergey Yesenin hara, Vaqif Səmədoğlu hara?
Bu əlaqə ilk baxışda ağıla sığmır. Amma şəxsən mənim təsəvvürümdə bu yaxınlıq heç bir sual doğurmur. Bu da öz növbəsində Günelin şeirinə bir "rus azərbaycanlılığı" gətirirdi.
İndi bu şeirləri Azərbaycanda gözəl şair Mahir Mehdi yazır. Mahirin şeirlərində bu ovqat çox yorğundur. Hər halda mən belə hiss edirəm...
Daha bir neçə nəfərin də adını çəkmək olar...
Məncə, bəsdi...
Amma Furqanın şeirlərində bu "ovqat" açıq-aydın, sinədolusu nəfəs alır. Əlisa Nicatın şeirlərində bu ovqata bir heyranlıq vardı. Vaqif Səmədoğlu, Mahir Mehdi və Günel Mövlud haqqında dedim. Furqan Sadığın şeirləri isə təpədən-dırnağa bu ovqatın içində olan, amma bu ovqatdan bezən, bu ovqatla əməlli- başlı mübahisə quran, hətta bu ovqata ironiya ilə yanaşan bir adamın şeirləridir.
Mən çoxdan idi ki, gənc şeirimizdə sənətkarlıq məsələsi görmürdüm.
Furqan Sadığın şeirləri mənə gümanımda yanılıdığımı açıb göstərdi. Azərbaycan ədəbiyyatı min illər boyu eyni mövzunu bu və ya digər baxımdan təkrar-təkrar işləməyi özünün sənətkarlıq məsələsi hesab edib. Məsələn, elə "Leyli və Məcnun" mövzusunu görün. Bu mövzunu neçə şairimiz işləyib?
Bəlkə də sayı-hesabı yoxdur.
Mən Azərbaycan ədəbiyyatında bu təcrübənin qorunub saxlanmasının tərəfdarıyam. Əks halda Azərbaycan ədəbiyyatı öz milli simasını itirə bilər. Bu "milli sima ifadəsi" heç kəsi qorxutmasın! Mən ictimai həyatda, siyasətdə, xüsusən də adamlar arasında millətçilikdən, xüsusən də etnik millətçilikdən iyrənirəm. Amma mədəniyyətdə "millətçiliyin" tərəfdarıyam. Millətçi olmayan mədəniyyət milli ola bilməz. Milli olmayan mədəniyyətin isə tərcümeyi-halı, həyat tərzi, dəyərləri olmur. Mən hətta mədəniyyətdə "regionçuluğa" da pis baxmıram. Məsələn, "Şəki pitisi" ilə, "Lənkəran ləvəngisi" arasında hər cür "milli qarşıdurma" mənə ləzzət eləyir.
Ədəbiyyat da belədir. Mövzu da belədir. Sənətkarlıq məsələləri də belədir.
Həqiqi, səmimi olan bəzən uzunu müddət unutduğu həqiqətləri yenidən insanın yadına salır, buna görə insan özünü çox xoşbəxt hiss edir.
Furqan Sadığın şeirləri çoxdan unutduğum qənaətləri yenidən yadıma saldığı üçün mən ona minnətdaram, ümid bəsləmək istəyirəm ki, Furqan indiki şeir sərsəmliyi içərisində öz içərisindəki şeirə daha çox inanacaq və həm də öz şeirini müdafiə etməyi bacaracaq.
Furqan SADIQ
Unudulanlar üçün
Bu nahaq dünyada
adından göründüyütək
haqsızlıqlar çıxacaq qarşına,
dost...
Uzun bir "eeeeeeh" deyib
ötəcəksən yenə də...
Döyməyəcəksən dizinə,
vurmayacaqsan başına, dost...
Məsələn, bəzi yerlərdə
özün olduğun halda
siyahıda adın görünməyəcək...
Arxa planda qalan
və yaxud unudulan
yenə sən olacaqsan...
Məsələn, üçrəngli bayraqdakı
bəyaz rəng olacaqsan...
Cılızlıq
Eynəyimin şüşələri
nə qədər böyüdür böyütsün-
fərqi yox...
Nəsən ki, guya?!
Elə o boydasan, elə əvvəlkisən,
elə balacasan,
cılızsan, dünya...
Dərdim dəvə boydadı
Yağış yağanda ağlama,
göz yaşını yuyar su...
Yağış yağmayanda ağla,
tükənər, quruyar su...
Yuxun ərşə çəkilibsə,
sən yerdə nə gəzirsən?!
Həyatda yaşayammırsan,
Şeirdə nə gəzirsən?!
Ömür nədi- bir addım yol,
bitəcək addım atsan...
Dərdim dəvə boydadı ha,
qar yağacaq oynatsan...
Taksi
Bir gecə yuxuda
bir taksi tutub
düz ömür yolunun başına-
uşaqlıq yaşına sürdürəsən...
Neçəyə aparar görəsən?!
Tənha
Nə qapın döyülür, nə də
bir gəlib-gedənin var...
Bir beli bükülmüş ruhun,
bir köhnə bədənin var...
Ürəyin həvəssiz vurur,
elə bil heç döyünmür...
Sevinməyə yolun yoxdu,
sanki mat olub ömür...
Həəə, dünya şahmatdı elə,
sevinc ağ, kədər qara...
Gözünlə yolmu çəkirsən,
aparsın uzaqlara...
Eeeh... yollara da etibar yox,
sürətlidi maşınlar...
Gözlərini yığ yollardan-
avaralanmasınlar...
Diaqnoz
Günlərin bir günü
rentgenə salacaqlar səni...
Gözlərinə inanmayacaq həkim,
heyrətlənəcək və eynilə belə deyəcək:
"oy daaaaaaaaa..."
Sinəndə
daş tapılacaq yumruq boyda...
Torpağın altı
Torpağın altında
ağacların kökləri də əl uzatmır
torpağın üstündəykən
rahat-rahat
kölgəsində uzandığı adamlara...
Həyat
İnsanların
başqa gözlərdə yüksəlməyi
pillə-pillə olur, mərtəbə-mərtəbə...
Düşəndəsə birdən düşürlər,
tappıltıyla-
lap dibə...
Hamı yatıb yoxlayır ki...
Nə istəyir ağcaqanad
səndən bu yay gecəsi?!
Görən, ətin dadlıdımı,
ya qanın içiləsi?!
Hamı yatıb yoxlayır ki,
ölümünə hazırdı?!
Dilinə bir şeir gəlir,
qulağına vızıltı...
Eh, at getsin şairliyi,
at, yaxına düşməsin...
Var gücünlə uzağa at,
ayağına düşməsin...
Futbol topunun dalınca
Bu futbol topunun dalınca
həvəslə qaçan uşaqlar
kim bilir
böyüyüb hansı dərdin dalınca
təngnəfəs qaçacaqlar...
Yolları yora bilməsələr də
yollar yoracaq ayaqlarını...
Qaç ki, qaçasan,
qaç ki, qaçasan.
Ürəklərində bir ümid,
dizlərində təpər qalmayacaq,
nə qədər çalışsalar da
kədərin qapısına
qol vurmaq olmayacaq...
Bəlkə də böyüyəndə
dərd-sərin çoxluğundan
ürəkləri parlayacaq bu uşaqların.
Amma nə olur olsun
indi oynadıqları top
partlamasın barı...
Ümid
Yaşamaq çətin deyil ki...
...dişlərini sıxmaqdı...
Bir az başını qatmaqdı,
bir az da darıxmaqdı...
Bir az ağlamaq, kirimək,
bir az şam kimi ərimək...
Ölümün üstə yerimək
və bir az da qorxmaqdı...
Hər şeydən əl üzsən daha
batsan da min bir günaha,
qəlbinə enib Allaha
ümid ilə baxmaqdı...
Kimyəvi şeir
Günlərin bir günü
kimya laboratoriyasına salsam
bu hətərən-pətərən,
bu dolaşıq adamları,
bu homogen,
heterogen,
bu qarışıq adamları...
...distillə etmək olarmı
görəsən vicdanlarını?!
İnanırsan inan, inanmırsan inan...
Bayırda gün çıxıb,
içəridə sükut
atmosfer təzyiqi kimi sıxır adamı...
...və sıxıntılar başlayır burdan o yana.
Səssizlik divə dönüb
sanki yeyir məni, yeyir, yeyir...
...indi inanırsan inan, inanmırsan inan,
divarlar əlisilahlı adamtək
üstümə yeriyir...
Bayırda gün çıxıb, içəridə sükut...
Mən də qalmışam belə...
Dərd
Emin Piriyə
Gözlərindəki ümidsizliyə,
üst-başından tökülən dərdə
və bir də
saqqalına baxıb
onu zarafatca Nizamiyə,
Füzuliyə bənzədirdi hamı...
Günlərin bir günü
bütün bunlara dözməyib
bayram fişəngi kimi partladı:
-Cibində bir qəpiyi,
evində
yeməyə çörəyi olmayana necə,
oxşamırammı?!