ABŞ kəşfiyyatı Rusiyanın Ukraynaya müdaxilə üçün bəhanə uydurmaq planı barədə məlumat alması haqda xəbər yayıb. ABŞ-ın iki nüfuzlu qəzetində - “Washington Post” və “New York Times”da bu barədə yer alan məlumata görə, Rusiya Ukraynanı işğal etməyə haqq qazandırmaq üçün rusdilli əhaliyə qarşı saxta hücum təşkil etməyə çalışır. İddiaya görə, Rusiya hakimiyyəti bu "faktı" videoya çəkmək və bundan sübut kimi istifadə etməyi planlaşdırır. “Washington Post” və “New York Times” qəzetlərini bilgiləndirən mənbə bu əməliyyatın rəsmi Moskva tərəfindən təsdiqləndiyini iddia edir. İddiaya görə, qeydə alınacaq videoçəkilişlərdə partlayış zamanı meyitlərin və dağılmış evlərin görüntüləri olmalıdır.
Bu məlumatla yanaşı, başqa bir xəbər də yayılıb. Həmin xəbərdə də Rusiyanın Ukraynaya qarşı təxribatının "Vaqner qrupu" tərəfindən həyata keçiriləcəyi qeyd edilir. Rusiyanın muzdlulardan ibarət qüvvəsi olan "Vaqner qrupu" artıq bir neçə ildir ki, Moskvanın qeyri-rəsmi hərbi gücünə çevrilib. "Vaqner qrupu" Liviya, Sudan, Anqola, Mali, Madaqaskar, Qvineya, Konqo, Qvineya-Bisau, Mozambik, Zimbabve və Mərkəzi Afrika Respublikasında fəaliyyət göstərir. Bu ölkələrin bir çoxunda "Vaqner qrupu"nun hərbi cinayətlər törətməsi haqqına çoxsaylı məlumatlar var. Rusiya bu məlumatları təkzib edir və "Vaqner qrupu" ilə rəsmi bağlılığının olmadığını da bildirir. Avropa İttifaqı "Vaqner qrupu"nun aid olduğu "Vaqner" xüsusi hərbi şirkətə qarşı sanksiya tətbiq edib. "Vaqner qrupu" Sankt-Peterburqdan olan iş adamı Yevgeni Priqojin ilə əlaqəli qeyri-rəsmi silahlı birləşmədir. Yevgeni Priqojini Rusiyanın ictimai-siyasi dairələrində prezident Vladimir Putinin "aşpazı" adlandırlar. İndi həmin "Vaqner qrupu"nun adı Ukraynaya qarşı hərbi təxribatda çəkilir.
Bu iki məlumat onu göstərir ki, Rusiya Ukraynaya qarşı açıq hərbi əməliyyata başlamaqdan çəkinir və hibrid müharibəyə əl ata bilər. Bu zaman isə döyüş təcrübəsi olan "Vaqner qrupu"nun önə çıxarılacağı gözlənilir. Ancaq bu da Rusiyanın məsuliyyətdən yayınmasına yardım etməyəcək. Çünki "Vaqner qrupu"na görə rəsmi Moskvanın məsul tutulması prosesi çoxdan başlayıb. "Vaqner qrupu"nu Malidəki əməllərinə görə Fransa ilə Rusiya arasında münasibətlər gərginləşib. Rəsmi Paris Moskvadan "Vaqner qrupu"nu Malidən çıxarmağı tələb edir. Moskva isə "Vaqner qrupu"nun Rusiyanın rəsmi dairələri ilə əlaqəsinin olmadığını bildirir. Fransa prezidenti Emmanuel Makron son bir həftədə üç dəfə rusiyalı həmkarı ilə bu haqda danışıqlar aparıb.
İndi isə Rusiyanın "Vaqner qrupu"ndan Ukraynaya qarşı istifadə edə biləcəyi gündəmə gəlib. Məlumatlara görə, bu məqsədlə 10 min nəfərlik qüvvə formalaşdırılır. Bu qüvvənin separatçı bölgələrin ərazisindən Ukrayaya qarşı hərbi təxribatlar həyata keçirəcəyi qeyd olunur.
ABŞ-ın rəsmi qurumlarının və aparıcı media orqanlarının Ukraynaya qarşı gözlənilən təxribatla bağlı məlumatları rəsmi Moskvaya xəbərdarlıq xarakteri daşıyır. Belə görünür ki, "Vaqner qrupu"nun da təxribatı Rusiyanın hərbi təcavüzü kimi qəbul ediləcək.