
Dost itkisi çox ağırdı, çox! Mən də sentyabrın 16-sı gecəsi əziz dostum Natiqi, Natiq Ağayevi itirdim. Ürək dostumu, məsləkdaşımı. Onun vəfatı xəbərini eşidəndə yerimdəcə dondum. Natiqin ölümünə heç cür inanmaq istəmirdim. Axı bu necə ola bilər? Xəstə deyildi, altmış yaşı təzə tamam olmuşdu. İlahinin işinə qarışmaq istəməsəm də, “bu nə qismətdir belə?!” düşündüm. Qəlbimdən bir ah keçdi. Acı-acı düşündüm ki, elə insan ömrünün özü də bir AHDI. Bir anın içində bir ah, nəfəs kimi uçub gedir. Böyük Füzuli demişkən:
Bulmadım mən ciyərim dağına
məlhəm səndən,
Necə ah eyləməyim, ah,
yanıbdır ciyərim.
Əziz dostum Natiq Ağayev rəssam idi. Bu dünyaya da, insanlara da rəssam gözü ilə baxırdı. Ancaq həyatın min bir qayğısı ilə yaşadığından özünü büsbütün rəssamlığa həsr edə bilmirdi. Çəkdiyi rəsmləri toplayıb bir kitab – albom nəşr etdirmək istəyirdi... Heyhat, həyatla istək, arzu düz gəlmirdi. Qüruru hansısa imkanlıya ağız açmağa imkan vermirdi. Dostları da elə sən deyən imkanlı deyildilər ki, onun arzusunu gerçəkləşdirsinlər. Doğrusu o qədər təvazökar idi ki, heç buna imkan da verməzdi.
Bu gün adət halını alıb, harada bir qarabağlı vəfat edir, deyirlər yurd həsrətindən öldü. Allah yurdundan kənarda ölənlərin hamısına rəhmət eləsin, ancaq mən dünyasını dəyişənlərin hamısına bu ağrılı hissi şamil edə bilmərəm. Amma bir olan Allah şahiddir ki, Natiqin qəlbi Qarabağ itkisi ilə ağrıyırdı. Natiqin can yanğısını, yurd həsrətini o, şeir oxuyanda daha dərindən duymaq olurdu. Hər mənəm deyən Natiq kimi məharətlə, sirayətedici bir avazla şeir oxuya bilməzdi. Famil Mehdinin “Mənim qaçqın anam Bakıda öldü” şeirini onun dilindən eşidib duyğulanmamaq mümkünsüz idi:
Mənim qaçqın anam Bakıda öldü,
Öldü “Ağdam” deyə, “Qarabağ” deyə.
Bakı da həmən o Bakı deyildi,
Bəs niyə yanmadı qarabəxtliyə?!
Əlimi qoymuşdu döşünün üstə,
Ürəyi şişirdi, bişirdi, Allah,
Əlimin altında o dar qəfəsdə,
Ürəyi sinəsin deşirdi Allah.
Natiqlə yol yoldaşı olanda ondan şeir oxumasını xahiş edərdim. O da sözümü yerə salmazdı, Şahmar Əkbərzadədən, Famil Mehdidən, Məmməd Arazdan, Bəxtiyar Vahabzadədən, Ramiz Rövşəndən, Zəlimxan Yaqubdan... seçib öyrəndiyi şeirləri söyləyərdi və öz təsirli avazıyla gözlərim önündə heykəlləşərdi. O, Şahmar Əkbərzadənin:
Allah, bu torpağın kəsilib başı,
Quran oxumağa mollası yoxdur,
Kəfən axtarmağa qohum-qardaşı,
Şivən qoparmağa bacısı yoxdur.
Ana torpaq dedik axı ona biz,
Yığılın, ay ellər, anamız ölüb,
Bizə öz qoynunda yer verənimiz,
Ruzular yetirən dünyamız ölüb.
misralı şeirini oxuyanda dənizə bənzər gözləri yaşla dolardı.
Natiq Ağayev, bizim rəssam dostumuz sadədən sadə, qeybətdən, paxıllıqdan, şöhrətdən uzaq, çox uzaq, hər kəsə sadiq pak bir insan idi. Natiq hər dəfə mənim hər hansı yazımı oxuyanda zəng vurub təbrik edər, fikir söylər, sonra: “Sən Allah ürəyini qoru” deyərdi. Amma o öz ürəyini qoruya bilmədi.
Nə deyim, bütün görkəmin gözlərim önundə, o bənzərsiz səsin əbədi olaraq yaddaşıma köçüb, əziz qardaşım. Nə qədər sağam sən mənim xəyalımda daim canlı qalacaqsan! Allah sənə rəhmət eləsin, qəbrin nurla dolsun. Doğmalarının başı sağ olsun.



