|
|
|
|

Dünyasını dəyişənlərin həyatı sağ qalanların həyatı ilə davam edir.
Siseron
Üzeyir bəy Hacıbəyli ürəyi geniş şəxs idi. Tələbələrini, istedadına bələd olduğu adamları işləməyə, yazıb-yaratmağa ruhlandırırdı. 1931-ci ildə ana dilimizdə nəşr olunan "Not savadı" dərsliyinin tərtibçilərindən biri də (dərsliyin tərtibində A.Zeynallı, F.Əfəndivev, Ə.Həsənov da iştirak etmişlər) Səid Rüstəmov idi. Əgər o zaman Üzeyir bəyin göstərişilə tələbələri notu öyrənməsəydilər, notlu orkestrin repertuarında Avropa bəstəkarlarının əsərləri səslənə bilməzdi.
Bu gün yüzlərlə mahnısı dillər əzbəri olan bəstəkar Səid Rüstəmov gənclik illərində not sisteminə bələd olmasaydı, 1935-ci ildə "Tar məktəbi" adlı qiymətli dərsliyi yazıb çap etdirə bilməzdi. Bu il 90 ildir ki, respublikanın bütün musiqi məktəblərində Səid Rüstəmovun "Tar məktəbi"ndən dərslik kimi istifadə olunur. Bu yerdə Üzeyir bəyin istedadlı tələbələrindən Adil Gəraya olan münasibətindən də danışmaq istəyirəm. Adil Gərayın özündən böyük qardaşı Əmrulla Məmmədbəyli musiqi texnikumunda şöbə müdiri idi, notdan dərs deyirdi. Adil Gəray da 1940-ci ildə musiqi texnikumunu bitirəndə onu qabiliyyətli musiqiçi kimi texnikumda saxlamışdılar. Tar müəllimi kimi notdan dərs deyirdi, mahnılar bəstələyirdi. Bəstələdiyi nəğmələri ilk öncə müəllimi Üzeyir bəyə göstərirdi. O, həm də Üzeyir bəyin yaratdığı notlu Xalq Çalğı Alətləri Orkestrində tar çalırdı. Notu yaxşı bilən Adil Gəray "Muğam etüdləri" adlı məcmuəsini 1943-cü ildə müəllimi Üzeyir Hacıbəylinin redaktəsi ilə çap etdirmişdir. Adil Gəray məcmuəsinin ön sözündə yazır: "Kitab Azərbaycanın böyük şairi Nizami Gəncəvinin "Yeddi gözəl" poemasına həsr edilmişdir. Buna müvafiq olaraq xalqımızın musiqi xəzinəsindən yeddi muğam - "Rast", "Bayatı-Şiraz", "Çahargah", "Mahur-hindi", "Segah", "Şüştər" və "Şur" burada etüd şəklində yazılmişdır".
Yeri gəlmişkən deyim ki, Adil Gərayın "Muğam etüdləri" məcmuəsinin ilk nəşrindən 55 il sonra Üzeyir bəyin redaktorluğunu saxlamaqla 1998-ci ildə mənim şəxsi təşəbbüsümlə "Gənclik" nəşriyyatında çap olunmuşdur. "Muğam etüdləri"ndən bu gün də musiqi məktəblərində dərs vəsaiti kimi istifadə olunur.
Xatırladım ki, Adil Gərayın atası Heybətqulu bəy də 1937-ci ildə güllənənən günahsızlardan olmuşdur.
Üzeyir bəy sanki xeyirxahlıq mücəssəməsi idi. Xalq artisti Əhməd Bakıxanov 1926-cı ildə Üzeyir bəylə tanış olur. Bəstəkar növbəti dəfə onunla rastlaşanda Əhməd Bakıxanovdan soruşur:
- Mir Möhsün Nəvvab "Vüzuhül-əqram" kitabında "Nəva-Nişapur" muğamı barədə yazıb, eşitdiyimə görə, bu muğamı yaxşı bilirsiniz.
Əhməd müəllim cavab verir:
- Bəli, bilirəm, ürəyiniz istəyirsə, sizin üçün çalım.
Üzeyir bəy deyir:
- Buyur, çal.
Əhməd müəllim "Nəva-Nişapur" muğamını çalır. Üzeyir bəy:
- Mən axtardığımı tapdım - deyir.
Bu böyük bəstəkarın gözündən heç nə yayınmırdı, mütləq istedadlı adamı nə iləsə qiymətləndirirdi. 1929-cu ildə Üzeyir bəy Əhməd Bakıxanova zəng vurub Konservatoriyaya, yanına gəlməyi tapşırır. Deyilən vaxtda Əhməd müəllim Üzeyir bəyin yanına gəlir. Üzeyir bəy vaxt itirmədən deyir ki, Əhməd, bu gündən tar sinifində muğamlardan dərs deyəcəksən. Bizim sənin kimi muğam ustasına ehtiyacımız var.
Əhməd Bakıxanov bəstəkarın sözünü yerə salmır. Elə o gündən başlayaraq uzun illər muğamatdan dərs deyir, çoxlu tarzənlər yetişdirir.
Sonralar Əhməd Bakıxanov "Ömrün sarı simi" adlı xatirələr kitabında dahi bəstəkarı yad edərək yazır:
"1941-ci ildə Üzeyir bəy mənə dedi:
- Mirzə, nə üçün tək çalırsan? Yaxşı ansambl təşkil et. Mən də sənə kömək edərəm.
Doğrudan da, həmin il xalq çalğı alətləri ansamblını təşkil edərkən Üzeyir Hacıbəyov öz yardımını bizdən əsirgəmədi".
Əhməd Bakıxanov Üzeyir bəyin təklifi ilə yaratdığı ansambla ömrünün axırına kimi rəhbərlik etdi. Çoxlu müğənnilər yetişdirdi, ansambl üçün bir-birindən gözəl rənglər, dəramədlər bəstələdi.
Üzeyir bəyin Əhməd Bakıxanovla bağlı unudulmaz, hər kəsə örnək olası bir xatirəni də yad etmək istərdim.
1938-ci ildə Moskvada keçiriləcək ongünlükdə Əhməd Bakıxanov da iştirak etməliymiş, amma gözlənilmədən bir axşam onu və qardaşı tarzən Məmmədxan Bakıxanovu aparıb həbs edirlər. Onları İran şahının agentləri kimi sorğu-suala tuturlar. Ancaq belə bir fakt ortaya çıxmır. Sonra daha cəfəng bir ittiham irəli sürürlər: Bu qardaşlar xan nəslindəndirlər, deməli, bolşevik cəmiyyətinin düşmənləridirlər. Beləcə onlar üç ay dustaq həyatı yaşayırlar. Bir gün təsadüfən Üzeyir bəy Əhməd Bakıxanovun arvadı Məsumə xanımla rastlaşır, ona neçə vaxtdır tarzəni görmədiyini söyləyir. Məsumə xanım Üzeyir bəyə başlarına gələnləri danışır.

Moskvada uğurla başa çatan ongünlükdən Bakıya qayıdarkən Üzeyir bəy fürsət tapıb M.C.Bağırova Bakıxanovların nahaqdan həbs olduqlarını çatdırır. M.C.Bağırov bu işdən xəbərsiz olduğunu deyir və diqqətdə saxlayacağını bildirir. Doğrudan da bir neçə gündən sonra Üzeyir bəyin xeyirxahlığı nəticəsində Bakıxanov qardaşları azadlığa çıxıb ailələrinə qovuşurlar.
Üzeyir bəy tələbələrinin hər birinin uğuruna sevinir, onları yazıb-yaratmağa ruhlandırırdı. Bəstəkar Ədilə Hüseynzadə "Qayğıkeş ata" sərlövhəli xatirəsində unudulmaz müəlliminin ona xas xarakterik bir xüsusiyyətini xatırlayaraq yazır:
"Üzeyir bəy tək-tək tələbələrlə bəstəkarlıq dərsləri keçirdi. Bu dərslər çox maraqlı olurdu. Öyrəndiyimiz muğam üzərində əsərlər bəstələməliydik. Yadımdadır, Üzeyir bəy dərslərin birində mənə Nigar Rəfibəylinin sual-cavab şəklində yazılmış bir şeirini verdi və tapşırdı ki, suallar bir muğamda bəstələnməli, cavablar isə başqa-başqa muğamlara modulyasiya edilməlidir. Dedi ki, birinci bəndin sual və cavabını "Segah"da, ikinci bəndin cavabını "Bayatı-Şiraz"da, üçüncü bəndin cavabını isə "Rast" muğamında bəstələyim. Mən çox çalışdım və əsəri qurtarıb Üzeyir bəyə göstərdim. Üzeyir bəy elə mənim yanımdaca Bülbülə zəng vurub, bu əsəri - "Vətən haqqında nəğmə"ni oxumasını xahiş etdi, beləliklə, əsər çox konsertlərdə, ongünlükdə səsləndi".
Adamı nə qədər duyğulandıran bir həssaslıqdır. Üzeyir bəy hətta mahnının mətnini də özü tapıb tələbəsinə təqdim edir. Hansı tələbə bu cür insani münasibəti, humanistliyi unuda bilər. Ədilə xanım da unutmamışdı, xatirələrini səmimi bir sonluqla bitirmişdi: "Qayğıkeş ata Üzeyir bəyə biz tələbələr "Üzeyir əmi" deyə müraciət edərdik. Üzeyir əmi böyük insanlara xas olan sadəliyi, nəvazişkarlığı, bəzən hətta sərt rəftarı, fəqət prinsipiallığı ilə gözlərim önündə durur".
Hamının doğması, atası, əmisi olmaq şərəfi hər sənətkaram deyənə qismət olmayan bir xoşbəxtlikdir.
Üzeyir bəyin portretini yaratmış SSRİ Xalq rəssamı Mikayıl Abdullayev müşahidələrinə əsaslanaraq yazır: "Üzeyir bəy öz tələbələrini ata məhəbbəti ilə diqqətlə dinləyir və onlara böyük qayğıkeşliklə göstərişlər verirdi. Gənc bəstəkar qızları - Ağabacını, Ədiləni, Şəfiqəni öz doğma qızları kimi mehribanlıqla dinləyərdi".
Mən 1985-ci ildə Üzeyir bəyin 100 illik yubileyi münasibətilə onun haqqında musiqili radiopyes yazmağa hazırlaşanda bəstəkar haqqında kitablara düşməyən faktlar sorağı ilə bir çox qapılar döymüşdüm. Yubiley ərəfəsində Üzeyir bəyin 1939-cu ildə dünyasını dəyişmiş bacanağı Pənah Qasımovun qızları Adilə və Nigar xanımla da görüşmüşdüm. Atalarını vaxtsız itirmiş kimya elmləri namizədləri bu bacılar bir binada, eyni mənzildə yaşayırdılar. Adilə və Nigar xanım müharibə illərində Üzeyir bəygildə yaşadıqları günlərdən danışmışdılar. Doğrusu, bugünkü insanlarla müqayisədə o söhbətlər adama nağıl kimi gəlir. Bacılar söyləyirdilər ki, Üzeyir bəy olduqca həssas, mehriban bir insan idi. Bir dəfə də olsun onun səsinin tonunu qaldırdığını eşitmədik. Nigar xanım dedi ki, müharibə illərində Nizami Gəncəvinin yubileyi ərəfəsində Üzeyir bəy şairin qəzəllər kitabını bizə verdi ki, bəstələmək üçün qəzəl seçək. Üzeyir bəy şairin "Yeddi gözəl" poemasındakı yeddi gözəlin şərəfinə yeddi romans yazmaq fikrindəydi. Ancaq yeddi romansdan ikisini - "Sənsiz" və "Sevgili canan"ı yazdı.
Bacılar mənə danışırdılar ki, müharibə vaxtı Üzeyir bəy işə özü ilə normadan artıq xörək aparırdı. Məleykə xanım maraqlananda ki, bir belə xörəyi, çörəyi neyləyirsən? Üzeyir bəy - imkansız tələbələrim var, onları qonaq edirəm - deyirdi. Üzeyir bəy o qədər rəhmli, həssas idi ki, öz donluğundan tələbələri üçün aylıq təqaüd ayırmışdı.
Mən elə o ərəfədə bəstəkarın tələbələrindən olan görkəmli bəstəkarımız Şəfiqə xanımla da görüşmüşdüm. Şəfiqə zanım da ustadı barədə səmimi etiraflar etmişdi. Danışırdı ki, müharibənin ağır günləri idi. Bir gün dərsdə Üzeyir bəy rəng-rufumu solğun görüb soruşdu: - Şəfiqə, bəlkə acsan? Xeyr, ac deyiləm - deyib utanıb üzümü yana çevirdim. Üzeyir bəy gətirdiyi yağ-çörəyi çıxarıb mənə verdi. Əgər çörək yeməsəm, otaqdan çıxmayacağımı söylədi. O, belə qayğıkeş adamdı.
Şəfiqə xanım Üzeyir bəyi minnətdarlıqla yad edirdi. Deyirdi ki, Üzeyir bəy mənim səsimi çox bəyənirdi. O deyirdi ki, Şəfiqə, səndən yaxşı Gülçöhrə olar. Amma mən bəstəkarlıq yolunu seçdim. Müharibə illərində maddi cəhətdən əziyyət çəkdiyimiz üçün Üzeyir bəy Ağabacı Rzayeva ilə mənə öz donluğundan aylıq təqaüd ayırmışdı.
Dünyasını çoxdan dəyişmiş Üzeyir bəyin bizim tərifimizə heç bir ehtiyacı yoxdur. Burada Xalq şairi Rəsul Rzanın bəstəkar haqqında söylədiyi bir fikri oxuculara xatırlatmaq istərdim: "Üzeyir bəy elə sənətkardır ki, onun adı tərif yükü götürmür, o hər hansı tərif pilləsinin yuxarıda duran bir simasıdır". Çox dəqiq müşahidədir. Ancaq Üzeyir bəyin bütün nəsillər üçün örnək olası humanistliyindən, həssaslığından, nəcibliyindən danışmamaq laqeydlik, biganəlik olardı. Xalq artisti Şəfiqə Axundova xatirə-məqaləsində bir daha ustadının humanistliyini yad edərək yazır: "...1944-cü ildə Zaqafqaziya musiqi ongünlüyünə getməli idik. Bizim geyimimiz də müəllimimizi düşündürdü. Bir gün Ağabacı ilə mən onun kabinetinə getdik. Bizi görən kimi o, göstəriş verdi ki, bizi palto ilə təmin etsinlər. Bundan əlavə, kostyum tikilməsi üçün də atelyeyə göstəriş verildi və hətta tapşırıldı ki, kostyumun fasonunu Şövkət Məmmədova seçsin".
O zaman bəstəkarlıq sahəsində ilk addımlarını atan və illər sonra müəllimlərinin ümidlərini doğruldacaq Ağabacı Rzayeva ilə Şəfiqə Axundovanın sevinc və fərəhini bu gün də təsəvvür etmək çətin deyildir. Bu sevinci onlara bəxş edən böyük ürək sahibi Üzeyir bəy idi.

1993-cü ildə Azərbaycan Dövlət Filarmoniyasında Xalq artisti Şövkət Ələkbərovanın xatirə gecəsi keçirilirdi. Mən həmən gecənin aparıcısıydım. Gecəyə Xalq artisti Leyla Bədirbəyli də dəvət olunmuşdu. Mən Leyla xanımla həmin xatirə gecəsində tanış olmuşdum. Bundan sonra Keşlədə Şövkət xanımın adını daşıyan sarayda onun xatirə gecəsinə Xalq artisti Əminə Dilbazi ilə Leyla xanımı da dəvət etmişdim. Hər iki xanım sənətkar dəvətimi qəbul etmişdilər. Onların qəlbi bir-birindən dəyərli xatirələrlə dolu idi. Nə yaxşı ki, Leyla xanım bu görüşdən az sonra olub-bitənləri qələmə almışdı. O, bir müddətdən sonra "Ömrümün nağılları" adlı xatirələrinin əlyazmasını mənim Baş redaktoru olduğum "Gənclik" nəşriyyatına təqdim etmişdi. Leyla xanımın xatirələr kitabı 1998-ci ildə işıq üzü gördü. Leyla xanım "Ömrümün nağılları" kitabında Üzeyir bəyi çox səmimi duyğularla anıbdır: "Mahnı və rəqs qrupunda olanda bu mehriban insanın nurani siması bizi heyran edərdi. Hər gün onun məşqlərində olmaq, onun səsini, məsləhətini eşitmək səadət idi. Mən hələ elə bir insan tanımıram ki, Üzeyir bəyi tanıyıb, ona məftun olmasın. O, uşaq kimi sadə, müdrik, xeyirxah, qayğıkeş, fədakar və mərd bir insan idi. Onu da qeyd edim ki, filarmoniyanın nəzdində olan bütün kollektivlərin, o cümlədən mahnı və rəqs ansamblının təşkili və fəaliyyəti Üzeyir bəyin əməyi və şəxsi iştirakı ilə bağlıdır".
Üzeyir bəy xalqına, onun adət-ənənəsinə, musiqisinə, geyim mədəniyyətinə daim ehtiram bəsləyirdi. Leyla xanım Bədirbəyli o günləri xatırlayaraq yazır: "Üzeyir bəy mahnı və rəqs ansamblının təşkili işlərinə rəhbərlik edən komissiyanın sədri idi. O, rəqqasələr üçün tikilmiş milli paltarların forma, naxış, biçim və bəzəyinə çox diqqət yetirir, hətta başımızdakı cütqabağının silsiləsini düzəldir, necə taxmaq lazım olduğunu da göstərir, fərəh və qürur hissi ilə Azərbaycan milli geyimlərinin qorunmasını tələb edirdi".
Müasirlərindən Üzeyir bəyi tanıyan elə bir şəxs olmayıb ki, ona güvənməsin. Əvvəldə dediyim kimi, gənclik illərimdə Üzeyir bəyi yaxından tanıyan simsarları, tələbələri ilə görüşüb söhbət etmişdim. İndi o günlərdəki görüşləri, söhbətləri yada salaraq tam inamla deyə bilərəm ki, Üzeyir bəyin ürəyigenişliyinə, əliaçıqlığına, xeyirxahlıqlarına ömür-gün yoldaşı Məleykə xanım Həsənağa qızı da ömür boyu sayğı ilə yanaşmışdır.
Mən 1975-ci ildə ilk Azərbaycan rəqs ansamblının yaradıcısı Əşrəf Səfərovla görüşmüşdüm. Ondan rəqs ansamblının ilk üzvlərinin adlarını öyrəndikdən sonra bir çoxu ilə görüşmüşdüm. Görüşünə getdiyim sənətkarlardan biri də Xalq artisti Əminə Dilbazi idi. Əminə xanım çox dilli-dilavər xanım idi. O, keçdiyi həyat yolundan, sənət yoldaşlarından həvəslə danışardı. Təbii ki, Üzeyir bəyi də minnətdarlıq hissi ilə yad edərdi. Üzeyir bəyin nəcibliyindən, xeyirxahlığından danışaraq deyirdi ki, 1941-ci il iyun ayının 21-də Qılman Salahovun rəhbərliyi ilə mahnı və rəqs ansamblımız Yaltaya qastrola getmişdi. Səhər ayın 22-də müharibənin başlanması xəbərini eşitdik. Oğlanlarımızı dərhal Bakıya, hərbi komissarlığa qaytardılar. İyirmi beş nəfər qız qaldıq Yaltada. Pulumuz olmadığı üçün Bakıya qayıda bilmirdik. Qərara gəldik ki, Üzeyir bəyə teleqram vurub düşdüyümüz vəziyyəti bildirək. Belə də etdik. Üzeyir bəy xeyirxahlıq, nəciblik göstərib iki gün dalbadal 5 min - 5 min pul göndərdi. Biz də sağ-salamat Bakıya qayıtdıq.
Üzeyir bəyin əl tutduğu, xeyirxahlıq etdiyi, ömürlük ruzi verdiyi adamlar bir deyil, iki deyil... Üzeyir bəy musiqi məktəblərinə, tələbələrinə royal, piano bağışlamağı da çox sevirmiş. 2016-cı ildə Üzeyir bəyin doğmaca xalası oğlu, XX əsrin əvvəllərində bəstəkarın musiqili komediyalarında qadın rollarının fədakar ifaçısı, müğənni-aktyor, Əməkdar incəsənət xadimi Əhməd Ağdamski haqqında kitab üzərində işləyirdim. Azərbaycanda Sovet hökuməti qurulduqdan sonra Ağdama köçən Əhməd Ağdamski 1935-ci ildən ömrünün sonuna kimi Ağdaşda yaşayıb pedaqoji fəaliyyət göstərmişdi. Əhməd bəyin xahişilə Üzeyir bəy müxtəlif təşkilatlara müraciət edərək Ağdaşda musiqi məktəbi açdırmışdı. Əhməd Ağdamski bu məktəbdə tar müəllimi işləyirdi, həm də tədris hissə müdiri vəzifəsində çalışırdı. Kitab üzərində işləyərkən vaxtı ilə Ağdaşda çıxan "Əmək" qəzeti əlimə keçdi. Vahid Zamin adlı yerli jurnalistin "Üzeyir bəyin hədiyyəsi" yazısı diqqətimi cəlb etdi. Xatirə yazısından aydın oldu ki, Ağdaş musiqi məktəbində şagirdlərin təlim keçməsi üçün royal yoxumuş. Məktəbin direktoru Bilal Muradov Əhməd bəyə deyir ki, bəlkə royala görə Üzeyir bəyə müraciət edək. Əhməd bəy Bilal müəllimlə razılaşır. Beləcə illər sonra "Üzeyir bəyin hədiyyəsi" haqqında kiçik, amma dəyərli bir xatirə "Əmək" qəzetində yer alır. Bilal müəllim söyləyir ki, "onda Kürqırağı meşələrdə çoxlu turac, qırqovul, Türyançay tərəfdə, dağların döşündə isə kəklik olurdu. Ovçulara bir neçə turac, qırqovul və kəklik ovlatdıq. Onları da götürüb Bakıya yola düşdük.
O, vaxt Üzeyir bəy Konservatoriyanın rektoru idi. Biz evə getdik. Qapını həyat yoldaşı Məleykə xanım açdı. Əhməd əmi ilə görüşdülər. Mənə də "xoş gəldin!" - dedi. Üzeyir bəyi soruşduq. Səsimizi eşidib iş otağından qarşımıza çıxdı. Əhməd əmi ilə zarafatlaşdı və elə səmimi görüşdü ki, mən ürəkləndim, qəlbimdə ümid çırağı yandı. Bizi içəri dəvət elədi. Əhməd əminin "Qohumluq olmasa da, mümkün olan şeyi əsirgəməz. Onun ürəyi genişdir" sözlərini xatırladım.
Söhbətimiz uzun çəkdi. Dərdimizi bilincə sabah Konservatoriyaya gəlməyi tapşırdı. Səhərki görüşümüz bizi sevindirdi. Royalı məktəbə necə aparmaq barədə məsləhət verdi. Xudahafizləşəndə stolun üstünə 1000 manat pul qoydu:
- Götürün, - dedi, - sizinkidir. Quşların puludur.
- Biz onları pay gətirmişik, - deyib çox bərkidik, pulu götürmək istəmədik. Belə olduqda Üzeyir bəy üzünü Əhməd əmiyə tutdu:
- Heç gözləməzdim. Mənim heç nəyə ehtiyacım yoxdur. Götürün, yolda lazım olar, axı royal aparırsınız, - dedi.
Beləcə, Üzeyir bəyin həssas qəlbindən adları bizə bəlli olan və olmayan nə qədər insanlar gəlib keçib. Bu insanların Üzeyir bəyin nəcibliyindən, həssaslığından soraq verən xatirələrdən mətbuat səhifələrində, kitablarda əbədiləşənlər də var, ağızdan-ağıza, nəsillərdən-nəsillərə ötürülənlər də, unudulanlar da. Amma laqeyd olmamaq gərəkdir ki, nəciblikdən soraq verən dəyərli xatirələr unudulmasın.
Masallının İsi kəndində dünyaya göz açmış Mir Kazım Aslanlı Tibb İnstitutunu bitirib bir qədər həkim işləyəndən sonra Azərbaycan Dövlət Tibb İnstitutunda ömrünün axırına kimi pedaqoji fəaliyyət göstərmişdi. Onun həm də şairlik, bəstəkarlıq istedadı vardı. Mir Kazım Aslanlının musiqiyə olan marağı 1938-ci ildə onu Konservatoriyaya, Üzeyir bəyin yanına gətirib çıxarmışdı. Əlbəttə, onu repressiya dövründə Üzeyir bəyin yanına təkcə musiqi istedadını tam üzə çıxarmaq arzusu deyil, həm də bir bəy balası olaraq onun ölkədəki nüfuzuna sığınmaq, ona güvənmək istəyi gətirmişdi. Üzeyir bəy də bu istedadlı gənci fitnə-fəsadlardan qorumuşdu. Üzeyir bəy 1948-ci il 23 noyabrda dünyasını dəyişmişdi. Xalqın vidalaşması üçün onun cənazəsi "İsmailiyyə" binasının (indiki İstiqlal küçəsində) böyük salonunda qoyulmuşdu. O günlərin şahidi və iştirakçısı Xalq yazıçısı Mirzə İbrahimov yazır: "Dəfn mərasimi görünməmiş bir nümayişə çevrildi. Akademiyanın qabağından tutmuş fəxri simalar məqbərəsinə qədər bütün yaxın küçələr, evlərin balkonları, damların üstü adamlarla dolu idi. Bakı öz sevimli övladı ilə görünməmiş məhəbbət və hörmətlə vidalaşırdı".
Heç şübhəsiz, Üzeyir bəyi son mənzilə yola salanların sırasında Mir Kazım Aslanlı da vardı. O, Üzeyir bəy şəxsiyyətinə sevgisini həmin gündə yazdığı "Bu sabah" rədifli qəzəlində izhar eləmişdi:
Yenə heybətli buludlar doluxub ağlamağa,
Bürümüş hər yanı çən, göy də qaralmış bu sabah.
Üzeyir - xalqımızın dahi, böyük bəstəkarı,
Saralan çöhrəsini çən-qubar almış bu sabah.
Mir Kazım Aslanlı o gündən başlayaraq ilin bütün fəsillərində hər həftəniin cümə günü Fəxri xiyabana gəlir, bəstəkarın məzarı önündə dayanır, skripkasında Üzeyir bəyin romanslarını, opera və operettalarından sevdiyi ariyaları çalıb Allahdan ustadına rəhmət diləyib Fəxri xiyabanı tərk eləyərdi.
Üzeyir bəy məhz bu cür ehtirama, diqqətə layiq şəxsiyyətdir. Bakı Musiqi Texnikumunu tar ixtisası üzrə bitirmiş, 20 il Seyid Şuşinskinin muğam sinifində müşayiətçi tarzən işləmiş, muğam bilicisi, Əməkdar mədəniyyət işçisi Kamil Əhmədovla vaxtaşırı görüşüb muğamlarımız, görkəmli xanəndələr haqqında söhbətlər edərdik. Yetmişini arxada qoymuş bu muğam nəfəsli kişi mənə deyirdi ki, Üzeyir bəylə Seyid Şuşinskinin çörəyini yeyirəm. Elə bir Novruz bayramı yadıma gəlmir ki, qəbirləri üstündə şam yandırıb səməni qoymayam.
İllər, qərinələr, əsrlər ötsə belə, Üzeyir bəy Hacıbəyli hər zaman ehtirama, diqqətə layiq olacaq. Çünki o, yalnız böyük bəstəkar, dramaturq, publisist, musiqişünas alim deyil, həm də təkrarı olmayan dahi bir İNSANDIR. Dahilər isə hər zaman yetişmir!



