
“DH-Hüquq-Consulting” Şirkətinin vitse-prezidenti,
hüquq elmləri namizədi
Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin regionlara səfərləri zamanı etdiyi çıxışlarında üzərinə ən çox vurğu saldığı fikri axtarmalı olsaq, yadımıza dərhal belə bir ifadə düşər: Azərbaycan ən sürətlə inkişaf edən ölkələr sırasındadır. Dövlət başçısının bu fikri həm də ölkəmizdə gedən quruculuq işlərinin əsl mahiyyətini daha da qabarıq şəkildə nəzərə çatdırmaq baxımından çox önəmlidir. Doğrudan da, Azərbaycan ölkə olaraq iqtisadi, sosial və mədəni inkişafın müasir parametrləri üzrə durmadan irəliləyir. Bu yolda atılan hər bir addım, imzalanan hər bir sərəncam, həyata keçirilən çoxitiqamətli layihələr strateji baxımdan ölkənin iqtisadi inkişaf konsepsiyasına tam şəkildə uyğundur. Dövlət başçısının respublikamızın bölgələrinə səfərləri zamanı, yaxud ölkə paytaxtında keçirilən çoxsaylı tədbirlərdəki çıxışlarında ölkədə və dünyada gedən proseslərin zərrəbin dəqiqliyi ilə xarakterizə olunması Azərbaycan hakimiyyətinin istər regionda, istərsə də dünyada baş verən olaylara konseptual baxışını səciyyələndirir. Ölkə başçısının proqram xarakterli çıxışlarını, söylədiyi fikirləri analiz etdikdə belə bir qənaətə gəlmək olur ki, bizim prezidentimiz müasir dünyada gedən prosesləri incəliklərinə qədər nəzərə alan, bu hadisələrdən müdrik nəticələr çıxarıb ölkənin iqtisadi, müdafiə qabiliyyətini gücləndirən, dünya ölkələrində iqtisadi böhran davam edərkən, ölkəmizin resurslarından optimal istifadə yollarını axtarıb tapan görkəmli dövlət qurucusudur. Bu gün ölkəmiz nəhəng inşaat meydançasını xatırladır. Zahirən göz önündə canlanan mənzərələr daxili gedişatla əlaqələndirildikdə bunun ali mahiyyət daşıması heç bir şübhə doğurmur. Böyük Azərbaycan dramaturqu Cəfər Cabbarlı Mirzə Fətəli Axundovun parlaq zəkası, quruculuq taktikası haqqında məqaləsində yazırdı ki, bir yandan sökülüb-dağılan, bir yandan sürətlə qurulan dünyada dahi memarın əl işini görməmək də olar. Hər yerə nüfuz edən, onu öz təsir dairəsində saxlayan məhz mühəndisin ağlı, zəkası və fitri istedadıdır. Yeni dünya quran və bunu hər şeydən öncə öz təfəkküründə ayırd edən və əyaniləşdirən böyük insanların yolunda şübhəsiz ki, daş-kəsəklər də çox olur. Çünki bu boyda köhnə, heç nəyə yaramayan nəsnələrin içində yeni, milyonlarla insanın xoşbəxt və firavan həyatı yolunda sərf edilən zəka məşəlini hər yoldan ötən söndürməyə çalışacaq. Burada bəri başdan irs-varis əlaqələrini də nəzərə almaq vacibdir. Ulu öndər Heydər Əliyevin memarı olduğu müasir Azərbaycan onun layiqli davamçısı cənab İlham Əliyevin sayəsində günü-gündən daha da çiçəklənir, inkişaf edir. Bu şəkildə maneəsiz irəliləmə heç də “maneələrin yoxluğu” anlamına gəlmir. Belə məqamda ustalıq, qarşıdan gələn maneələri dəf etmək bacarığı kimi önəmli keyfiyyətləri nəzərə almaq lazımdır. Özünü müxalifət kimi təqdim edən qüvvələr hər dəfə seçki öncəsi bir növ fəallaşır, ölkədə gedən sürətli quruculuq işlərinə kölgə salmaq üçün ən müxtəlif uydurma və cəfəngiyyatları dövriyyəyə buraxmağa cəhd göstərirlər. Məlum Əkrəm Əylisli hadisəsilə daxildən iflasa uğrayan Ziyalılar Forumu buna misal ola bilər. Yazıçı-dramaturq Rüstəm İbrahimbəyovun “oyunçuluq effekti” doğuran hərəkətlərindən, bəyanat və çıxışlarından şövqə gələn bir qrup həlledici məqamda silahı özünə tuşlayan başıpozuq dəstəni xatırladır. Oyunun nəticəsi kədərli olduğundan onu doğuran səbəblər də düşünməyə, bu mövzu ətrafında mülahizələr yürütməyə əsas verir. Onun bütün hərəkət və bəyanatlarında yalnız yuxarıda qeyd etdiyimiz oyunçuluq effekti əsas nüvəni təşkil edir; əslində əsas hədəf seçkilərdə normal şəkildə iştirak edib xalqın etimadını qazanmaq yox, daha çox ölkədən kənar qüvvələrin təkidi və təzyiqi altında vaxtı çatdıqda oyundan çəkilmək, ölkə vətəndaşlarını çaş-baş salmaq və beləliklə, ölkədə artıq Heydər Əliyev dönəmindən qərarlaşan sabitliyi laxlatmağa çalışmaq cəhdidir. Burada ən önəmli, necə deyərlər, altı cızılmalı cəhət xarici faktordur: müəyyən qüvvələr dövlətimizə nəyisə qəbul etdirmək, onu hansısa şərtlərlə razılaşmağa məcbur etmək məqsədi ilə R.İbrahimbəyov kimi zahirən “konstruktiv, əhalinin, xalqın dərdi ilə yatıb-duran” təsiri bağışlayan, əsl həqiqətdə isə dağıdıcı qüvvələrin əlində alət olan bir fiquru meydana gətirirlər. Nəcəf Bəy Vəzirovun “Daldan atılan daş topuğa dəyər” komediyasında belə bir səhnə var: demək olar ki, bütün mətnində gülüş və sarkazm ifadə olunan pyesin sonuna doğru birdən kiminsə səsi eşidilir: ay camaat meymun oynadan gəlib. Fikrimizə qüvvət olaraq, R.İbrahimbəyovun çoxsaylı bəyanatlarından birinə diqqət yetirmək kifayətdir. “Xalq dəyişiklik istəyirsə, Milli Şuranın hesabına hərə 1 manat köçürsün. Ən azı 1 milyon insan belə etsə, bu həm də o deməkdir ki, seçicilərin 25 faizi hakimiyyətə “get” deyir. Bu, çox önəmlidir”. Üsul, necə deyərlər, ilk baxışdan çox cəlbedicidir, amma bunu mahiyyətində bir qrup insanı yalan vədlərlə aldadıb öz tərəfinə çəkmək, onların ümidlərini oğurlamaq və sonda sabaha olan inamını qəti şəkildə öldürməkdir. Xalqdan bu cüzi məbləği istəməklə görəsən Rüstəm İbrahimbəyov nəyə nail olmaq həvəsindədir? Aydındır. Bu, daha çox yuxarıda altını cızdığımız “oyun effektini” dövriyyəyə salmaq üçün lazımdır. Tutaq ki, ortada bir şam yanır və sən onun ətrafında müxtəlif dekorasiyalar qurmaqla elə bir ortam yaradırsan ki, guya onun sahibisən, sən olmasaydın, o, adi mumdan başqa bir şey olmayacaqdı. Bir anlıq hamı aldanıb buna inanır. Əsl mərəkə elə bu məqamdan sonra başlanır. Sən nəfəsinlə şamı elə söndürürsən ki, onun yanmağı çox böyük sual altında olur. Şeyx Nəsrullah nə qədər ağıllı, fəndgir olsa da, sonda qaçmaqdan başqa əlacı qalmır. Və oyun elə başa çatır ki, hər kəsin Şeyx Nəsrullaha inamı alt-üst olur. Əslində isə özünü ciddi və ağıllı hesab edən adam üçün bu işə bu şəkildə yanaşmaq sadəcə yolverilməzdir. Namizədliyinin qeydə alınmayacağını və alınsa belə, bunun qanuna zidd olduğunu Rüstəm İbrahimbəyov özü də əvvəlcədən bilirdi. Lakin bilə-bilə Milli Şurada “meydan tamaşası” qurmağın yeganə amacı ətrafında toplaşan qüvvələri pərən-pərən salmaq, ölkədə xaos yaratmaq, onun iqtisadi, siyasi və mədəni həyatındakı sabitliyini şübhə altında qoymaq cəhdi idi. Ana dilində bircə əsər də yazmayan, Rusiyada və dünyanın müxtəlif yerlərində dəbdəbəli ömür sürən bir şəxs kimi bu gün onun millətin adından danışması sadəcə lətifəyə bənzəyir. “Ədalət” yalnız Rüstəm İbrahimbəyovun özünə lazım olduqda onun yadına düşür. Belə olduqda təbii ki, ölkədə baş verən hadisələr təhrif edilməli, hər şey qara boyalarla təqdim olunmalı, indiyə kimi hətta bütün dünyanın da təqdir elədiyi önəmli cəhətlər də qulaqardına vurulmalıdır.
R.İbrahimbəyovun mübarizə silahı məntiqsizliyə, daha çox şər və böhtana dayandığı üçün özündən asılı olmayaraq onun baş alıb gedən hadisələr müstəvisində vəziyyəti günü-gündən pisləşir. Görünən, insanların ağlına batan qənaət budur ki, Ziyalılar Forumu və Milli Şurada onun əl altdan start verdiyi hadisələr nəticəsində əvvəlcədən birliyi olmayan adamlar arasında tragikomik hadisələr yaşanır.
Çox yox, ötən əsrin doxsanıncı illərdə Azərbaycan Xalq Cəbhəsini 20 Yanvar faciəsinin baiskarı sayan Rüstəm İbrahimbəyovun birdən-birə bu qurumun liderlərindən olmuş insanlarla – Əli Kərimli və İsa Qəmbərlə “birləşməsi” onsuz da inandırıcı görünmürdü. Xarici qüvvələrin əsas məqsədi, bu qoca yazıçı və dramaturqa verdikləri təlimat ölkənin ictimai həyatını iflic etmək, insanları xaosa sürükləmək idi. Qüvvələr pərən-pərən olduqdan sonra səhranın ortasında bəyaz günəşin təsiri onu elə bir hala saldı ki, başqalarının başına açmağı planlaşdırdığı oyun onun özündən yan keçmədi. Odla oynadığın zaman ətrafa baxmağa macalın olmur, macal yaranan anda görürsən ki, artıq səni xərcləyib qurtarıblar. Eləcə xarici qüvvələrin təkidi və təlimatı ilə ölkədə bir oyun oynanıldı və tezliklə iflasa uğradı. Bütün siyasi kapitalını xərcləyən fiqur əvvəl dediklərini danmağa girişdi.
Xalqların və millətlərin taleyində, həlledici məqamlarda tarixi şəxsiyyətlərin, dahi siyasətçilərin və müdrik dövlət başçılarının müstəsna rolu danılmazdır. Müdriklik irəlini görməkdən əlavə, həm də bütün dünyada gedən prosesləri məqamında anlamaqdan, hasil olan qənaətləri hər bir vətəndaşın, hər bir fərdin taleyi ilə bağlamaqdan ibarətdir. Bu mənada Azərbaycanı məhv olmaq təhlükəsindən xilas edərək, onu yenidən qüdrətli dövlət kimi siyasi səhnəyə çıxaran lider və onun irəli sürdüyü həmişəyaşar məfkurə önəmli rol oynayıb. Ötən əsrin 90-cı illərinin əvvəllərində düşmən güclər tərəfindən Azərbaycanın parçalanaraq məhv edilməsi təhlükəsi meydana çıxmışdı. Belə bir vəziyyətdə Azərbaycanı xilas edə biləcək ümummilli bir liderə ehtiyac duyulurdu. Belə bir lider isə XX əsr dünya siyasətinin ən qüdrətli simalarından biri olan Heydər Əliyev və onun tərəfindən irəli sürülən azərbaycançılıq məfkurəsi oldu. Həyata keçirilən islahatlar, böhran içərisində qalan Azərbaycanın iqtisadiyyatının gücləndirilməsi istiqamətində həyata keçirilən genişmiqyaslı quruculuq işləri xalqın gələcəyə olan inamını doğrultmaqla ölkəmizin dünya birliyinə açılan yoluna işıq saldı. Artıq Azərbaycanın səsi bir çox beynəlxalq təşkilatların tribunasından eşidilir. Ulu öndər Heydər Əliyev kimi nadir şəxsiyyətlər özləri bütöv bir salnamə, tarix yaratmağa və tarixi hadisələri nizamlamağa qadir olurlar. Ulu öndərin uzaqgörən və müdrik rəhbər kimi nəhəng fəaliyyəti dahi şəxsiyyətlərin tarixin gedişində həlledici rol oynadıqlarını bir daha təsdiqləyir. Dövlət idarəçiliyində yaranmış bu ənənələrin davam etdirilməsi bu gün cənab İlham Əliyevin simasında özünün qabarıq uğurlu nəticələrini göstərməkdədir. Prezident İlham Əliyevin çoxşaxəli fəaliyyəti məhz ümummilli liderin əsasını qoyduğu möhtəşəm işlərin davam etdirilməsi, Azərbaycanın dünya arenasında ön cərgəyə çıxarılması naminədir. Xalq əbəs yerə deməyib ki, hər zülmət gecənin bir nurlu sabahı var. Bu gün Azərbaycan həmən nurlu sabahın işığını görür, onun nurundan bəhrələnir, sabahları inamla, ürək rahatlığı ilə açır.
Bu fikri zənnimizcə, hər kəs təsdiqləyə bilər: dövlət o vaxt yenilməz olur ki, onun rəhbəri ilə xalqı arasında birlik olsun. Bu şərtlər daxilində dövlətin, millət və xalqın qarşısına çıxan maneələr hansı metodlardan bəhrələnmələrinə baxmayaraq məğlub olurlar. Burada əsaslı, çox önəmli cəhətlərdən biri də budur ki, xarici qüvvələrə çalışanların sondə nəsibi həmişə məğlubiyyət olub. R.İbrahimbəyov və onun “dostlarının” “qəfil” iflası bu həqiqəti bir daha qabarıq şəkildə ortaya qoydu. Amma bu adamlar əbəs yerə bir əsaslı faktı unudublar: bu ölkə ilə bağlı zaman-zaman kənardan qurulan oyunlar sonda Azərbaycan hakimiyyətinin müdrik siyasəti, uzaqgörən gedişləri nəticəsində iflasa uğrayıb. Bir damla dənizdə, okeanın ənginliyində necə itib qərq olursa, hətta nə qədər güclü olsa belə, məkrli niyyətə xidmət edən gedişlər, xalqın, millətin əleyhinə yönələn addımlar gec-tez iflasa məhkumdur.
Rüstəm İbrahimbəyovun bir dramaturq kimi anlamadığı bu cəhət acı təkrardan başqa bir şeyə yaramaz. İnsan güclü olduqda mütləq bir gün gücsüz olacağı anı düşünməlidir, elə hərəkətlərə yol verməməlidir ki, xatırladıqda xəcalət çəksin. Kim bilməsə də onun özü öz daxilində hərəkətlərinin məşumluğunu anlayır və ömrü boyunca bu xəcalətdən qurtula bilmir. Yazıçının korporativ maraqları naminə ağlına gələn, yaxud ağlına başqalarının yerləşdirdikləri niyyəti əyaniləşdirmək ehtirası sonda məşum hadisələrlə nəticələnəcəksə və dolayısı ilə sən – dünənin məşhur yazıçısı bu gün çəkisizlikdə olacaqsansa, hansı üzlə Vətənə dönmək istəyəcəksən?
İndi müxəlifət cəbhəsinin müxtəlif funksionerləri İbrahimbəyovun son intervülərini anladıqları şəkildə şərh edirlər və əslində tam mənada düzgün ifadə edilməyən cümlələrin onların yozduqları şəkildə bir mənası yoxdur. Bundan məqsəd sadəcə vaxt udmaqdır. Vaxt özü nəhəng anlayışdır, səhvsənsə səni udacaq, aman verməyəcək. Müdrik o insandır ki, bunu bir daha təkrarlamağa məcburuq, güclü olduğu zaman bir gücsüz vəziyyətdə böyrü üstə yıxıldığını təsəvvürünə gətirə bilsin.
Birlik və həmrəyliyə ziyan vuran, təhlükəli olan hər şey beləcə kədərli şəkildə sona yetir. Ölkənin və dövlətin taleyi ilə bu şəkildə oynamaq indiyə kimi hələ heç kəsə xeyir gətirməyib. Məhz bu birlik və həmrəylik tarixin müxtəlif dönəmlərində ölkəmizin taleyində əvəzsiz rol oynayıb, xalqımızı başının üstünü almış bütün bəlalardan hifz edib. Ulu öndər Heydər Əliyevin bütün mənalı ömrü və fəaliyyəti doğma xalqına və Vətəninə sədaqətlə xidmətin parlaq nümunəsidir. Ümummilli lider böyük qürur və iftixar hissilə deyirdi: “Mən öz mənalı həyatımın düz 60 ilini xalqımızın bu günü və sabahı ilə yaşamışam... Bu illərdə istər bir azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, istərsə də onun rəhbəri, Prezidenti kimi mənim həyat amalım yalnız sizə-bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olmuşdur. Bu yolda bütün gücümü və iradəmi yalnız müdrik və qədirbilən xalqımdan almışam. Ən çətin anlarda, ən mürəkkəb vəziyyətlərdə yalnız və yalnız xalqıma arxalanmışam. Bu da mənə dözüm, iradə verib və bütün uğurlarımı təmin edib”. Ulu öndərin bu sözləri dilimizin leksik tərkibində bəlkə ən sadə və iddiasız sözlərdir. Ancaq onların ifadə etdiyi həqiqət bizim hər birimizin taleyi və həyatıdır.



