Prezident İlham Əliyevin xarici siyasət konsepsiyasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli xüsusilə mühüm yer tutur. Uğurlu diplomatiya nəticəsində artıq beynəlxalq təşkilatlar haqqın və ədalətin Azərbaycanın tərəfində olduğunu etiraf edir, Ermənistanın təcavüzkar dövlət olduğunu anlayırlar. Azərbaycanın haqlı mövqeyi indiyədək Avropa Şurası, BMT, Avropa Birliyi, ATƏT, NATO, İƏT, GUAM və digər beynəlxalq təşkilatlarda da dəstəklənib. 2010-cu il noyabrın 19-20-də Lissabonda keçirilmiş NATO-nun zirvə görüşünün yekun bəyannaməsində region ölkələrinin, o cümlədən Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi dəstəklənib, münaqişələrin məhz bu prinsipləri nəzərə almaqla həllinin vacibliyi vurğulanıb. Avropa Parlamenti tərəfindən qəbul edilən “Avropa İttifaqının Cənubi Qafqaz üçün strategiya ehtiyacı” adlı qətnamədə Dağlıq Qarabağ, eləcə də onun ətrafındakı ərazilərin işğal altında olması faktı təsdiqlənib. Qətnamədə, həmçinin Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş bütün ərazilərindən çıxarılması, doğma torpaqlarından didərgin düşmüş qaçqın və məcburi köçkünlərin tezliklə daimi yaşayış yerlərinə qayıtması hüququnun təmin edilməsi tələb olunub.
Sual yaranır: xarici borc asılılığı getdikcə artan, sosial-iqtisadi uçurumun astanasında dayanan Ermənistan Azərbaycanın 20 faiz torpağını illərlə işğal altında necə saxlaya bilir?
Bu suala cavab tapmaq üçün əvvəlcə Rusiya Federasiyasının yeni xarici siyasət konsepsiyasında öz ifadəsini tapan bir məqama diqqət yetirək. Sözügedən ölkənin Xarici İşlər Nazirliyinin rəsmi saytında (“www.mid.ru, 18 fevral 2013) müasir dünyada baş verən geosiyasi dəyişmələrə toxunulmaqla yanaşı, Azərbaycana da münasibət bildirilir. Burada vurğulanır ki, Rusiya MDB məkanındakı münaqişələrin siyasi-diplomatik həlli üçün fəal rol oynamağa, xüsusən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in Minsk qrupunun digər həmsədr ölkələri ilə birlikdə Rusiya, Fransa və ABŞ prezidentləri tərəfindən 2009-2011-ci illərdə verilmiş birgə bəyanatlarda əksini tapan prinsiplər əsasında həllinə dəstək verməyə davam edəcək. Düzdür, ilk baxışda adama elə gəlir ki, Dağlıq Qarabağ münaqişəsi kimi mürəkkəb bir prosesdə Moskva beynəlxalq səviyyədə barışdırıcı, inteqrasiyaya xidmət edən siyasət yeridir. Əslində isə vəziyyət tamamilə fərqlidir, reallığın necə olması hamımızın gözü önündədir. Bu barədə ətraflı danışmaq üçün əvvəlcə bir məqama diqqət yetirək. Prezident Vladimir Putin hazırda nəinki Cənubi Qafqazda, o cümlədən bütün postsovet məkanında Rusiyanın nüfuzunu bərpa etmək istəyir. SSRİ-nin varisi sayılan Rusiya uzun illər keçmiş İttifaqa daxil olan respublikalarla ciddi əməkdaşlıq edib və öz qlobal siyasətini onlar üzərindən həyata keçirib. Sözügedən dövlətlər müstəqil olandan sonra, Rusiyanın beynəlxalq aləmə həmin ölkələr üzərindən təsir imkanları əhəmiyyətli dərəcədə məhdudlaşdırılıb. Hazırda Rusiya soyuq müharibə dönəmindəki nüfuzunu qaytarmaq üçün müxtəlif vasitələrə əl atır. Həmin vasitələrdən də ən önəmlisi postsovet ölkələrini, necə deyərlər, öz təsir dairəsinə salmaqdır. Rusiya bunu reallaşdırmaq üçün müxtəlif qurumlar yaratmağa və postsovet ölkələrini bu qurumlardan asılı vəziyyətə gətirməyə cəhd göstərir. Bununla da adı çəkilən imperiyapərəst dövlət keçmiş İttifaq respublikaları üzərindəki, əgər belə demək mümkündürsə, ağalığını bərpa etməyə, imperiya siyasətini inadkarlıqla gerçəkləşdirməyə çalışır. Amma unudulmamalıdır ki, bugünün reallığı tam fərqlidir. Belə ki, əvvəla Rusiya iqtisadi cəhətdən o qədər də güclü dövlət deyil ki, Gömrük və Avrasiya İttifaqına cəlb olunan ölkələrə yüksək texnologiyalar və rəqabətqabiliyyətli iqtisadiyyat “bəxş edə” bilsin. İqtisadiyyat demokratik, şəffaf idarəetməyə əsaslanır. Bu isə Rusiya üçün hələlik yad məfhumlardır. Ümumiyyətlə, bu dövlətin fəaliyyətində hazırda nə siyasi plürealizm, nə də açıq iqtisadi islahatlara meyil nəzərə çarpır. Konkret Azərbaycana gəldikdə, fikrimizcə, bizi nə Avrasiya, nə də Gömrük İttifaqı xilas edə bilməz. Azərbaycan, hətta bu qurumlara daxil olsa belə, Rusiya bu ittifaqlar daxilində Azərbaycan və Ermənistana bərabər münasibət sərgiləməyəcək. Rusiya hər zaman Azərbaycana qərəzli münasibət bəsləyib və ermənilərə dəstək verib. İndiyədək olduğu kimi, bundan sonra da Rusiyanın Azərbaycana münasibəti Ermənistana olan “sevgisindən” fərqlənəcək. Tarix bunu dönə-dönə sübut edib. Ona görə də Avrasiya İttifaqı və ya Gömrük İttifaqna daxil olmaqla rəsmi Bakının Rusiyanın təzyiqini neytrallaşdıra biləcəyi, Dağlıq Qarabağ münaqişəsinin həllində ədalətin bərpa ediləcəyi fikri sadəlövhlükdən başqa bir şey deyil.
Rusiyanın Azərbaycana, eləcə də digər keçmiş İttifaq respublikalarına münasibətdə yeritdiyi siyasətin “alt qatına” qısaca nəzər salaq. Gizli deyil ki, artıq Belarus və Ermənistan Rusiyanın təsir dairəsindədir. Türkmənistan, Tacikistan, Qırğızıstan və Qazaxıstanla qurduğu təması, əməkdaşlığı da elə səviyyədədir ki, adları çəkilən respublikalarla bağlı siyasətini istənilən səmtə yönəldə bilir. Yalnız bu istəyini Azərbaycan üzərində reallaşdırmağa çətinlik çəkir. Azərbaycanın müstəqil siyasət yürütməsi buna mane olur, bir çox hallarda isə onu qıcıqlandırır. Yeri gəlmişkən, Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində ölkəmizin sürətlə inkişaf etməsi, eləcə də beynəlxalq müstəvidə nüfuzunun artması inkarolunmaz reallıqdır. Azərbaycan bölgədə söz sahibidir. Təbii ki, Azərbaycanın müstəqil siyasət yürütməsi müəyyən dairələri narahat edir və bu səbəbdən də ölkəmiz üçün problemlər yaratmağa çalışırlar. Amma təbii ki, öz məqsədlərinə nail ola bilmirlər.
Gizli deyil ki, Rusiya, eləcə də bir sıra Avropa dövlətləri Dağlıq Qarabağ probleminin həll ediləcəyi təqdirdə Azərbaycanın daha da güclü olacağından və Güney Qafqazda əsrlərlə davam edən geosiyasi ədalətsizliyin bərpa olacağından narahatdırlar. Odur ki, Azərbaycan geosiyasi nüfuzunun yüksəldiyi və dünya siyasətində çəkisinin artdığı bir zamanda Dağlıq Qarabağ məsələsinin həllinə bilərəkdən laqeyd yanaşılır, ikili standartlarla münasibət bəslənilir. Məsələn, Rusiya Azərbaycanla Ermənistan prezidentlərinin görüşünü təşkil etməyin təşəbbüskarı kimi çıxış edir, digər tərəfdən, reallaşan bu görüşlərdə işğalçı Ermənistanın, necə deyərlər, astarı üzündən betər günahını malalayır. Məhz bu amili nəzərdə tutan Prezident İlham Əliyev çıxışlarının birində demişdi: “Əslində çoxdan Ermənistana qarşı beynəlxalq sanksiyalar tətbiq edilməli idi. Çünki Ermənistan artıq iyirmi ildir ki, Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan ərazisini işğal altında saxlayır.
...Nəticə etibarilə Ermənistana qarşı heç bir sanksiya tətbiq edilmir. Sual olunur nə üçün? Nə vaxta qədər biz bu ikili standartlarla üzləşəcəyik? Bunun səbəbi nədir? Nə üçün qondarma “Dağlıq Qarabağ respublikası”nın rəhbərləri sanksiyalardan əziyyət çəkmir? Nə üçün onlara qarşı sanksiyalar tətbiq olunmur? Bu, ədalətsizlikdir, ikili standartlardır. Ona görə biz beynəlxalq münasibətlərdə ikili standartlara qarşı öz etiraz səsimizi ucaldırıq. Bizimlə əməkdaşlıq edən Qərb ölkələrinin rəhbərlərindən xahiş edirik ki, qondarma “Dağlıq Qarabağ respublikası”nın “rəhbərləri”ni öz ölkələrinə buraxmasınlar. Onlara qarşı sanksiyalar tətbiq edilsin. Onlar gedib qanunsuz telemarafonlar keçirirlər, pullar yığırlar. Sonra o pulları bizim əleyhimizə istifadə edirlər. Onların “rəhbərləri”ni Qərbin aparıcı ölkələrində qəbul edirlər. Vizalar verilir, onlar orada “nümayəndəliklər” açırlar, gedib-gəlirlər. Nə üçün? Hesab edirəm, vaxt gəlib çatıb ki, biz bu məsələ ilə bağlı fikrimizi daha da açıq şəkildə ifadə edək. Biz bu ikili standartlardan yorulmuşuq. Bu qədər ədalətsizliyə dözmək mümkün deyildir”.
Bəli, bu gün biz yenə də onun şahidiyik ki, Ermənistan Rusiyanın himayədarlığına arxalanaraq sadəcə, vaxt uzatmaqla məşğuldur. Nə hərb, nə sülh vəziyyətini saxlamaq istəyir və beynəlxalq vasitəçilər əfsuslar olsun ki, onlara ciddi təzyiq etmirlər.
Rusiyanın apardığı siyasətin əsl mahiyyətini düşmən Ermənistanda da yaxşı bilirlər. Bu ölkənin “Azad demokratlar” partiyasının rəhbəri Xaçatur Kokobelyanın fikrincə, onun vətəndaşı olduğu respublikanın xarici siyasəti bir dövlətdən – Rusiyadan asılıdır. “Tert.am”ın müxbiri ilə söhbətində partiya rəhbəri bildirib ki, bədbəxtlikdən uzun illərdir ki, Ermənistanın xarici siyasəti Rusiyanın xarici siyasətinin tərkib hissəsini təşkil edir.
X.Kokobelyan qeyd edib ki, Ermənistan bütün səviyyələrdə səmərəsiz siyasət həyata keçirir. O, bəzi dairələrin Gömrük İttifaqı ilə bağlı apardığı təbliğatın da səhv olduğunu bildirib. X. Kokobelyanın fikrincə, hakimiyyətə yaxın bəzi dairələr cəmiyyətə qəsdən belə informasiya buraxırlar ki, Ermənistan Rusiyanın müəllifi olduğu Gömrük İttifaqına üzv olarsa, iqtisadi cəhətdən udacaq. Həmçinin Rusiyanın satdığı qazın qiyməti aşağı düşəcək, təqaüdlər yüksələcək... Ola bilsin ki, müstəqilliyimizin əvəzində bizə çoxlu pul versinlər. Amma bunun əvəzində biz nə itiririk?.. Bu ideyaya dəstək verənlər bu və ya digər şəkildə Rusiyanın təsir dairəsində olan şəxslərdir. Amma bizim gündəmimizdə Avropa olmalıdır. Mən ürəkdən əminəm ki, əgər Avropa yolunu seçməsək, Ermənistan çox çətin vəziyyətə düşəcək...
Rusiyalı politoloq, Vladimir Putinin “yeni SSRİ” adlandırılan Avrasiya İttifaqı layihəsinin baş təbliğatçısı olan Aleksandr Duqinin mətbuatdakı fikirlərinə diqqət yetirməklə həm də Rusiyanın Azərbaycana münasibətini, ikili standartla yanaşdığını da aydın görə bilərik. A.Duqin Ermənistanın “1in.am” saytına müsahibəsində deyib ki, Ermənistanın və Azərbaycanın ərazi bütövlüyünün qarantı Rusiyadır. Qarabağın qarantı da Rusiyadır. Əgər təsəvvür etsəniz ki, Rusiya bu funskiyanı üzərindən götürür, o zaman Ermənistanın və Qarabağın ərazi bütövlüyü qarantiya altında olmayacaq. Təbii ki, Rusiya ilə qonşu olan ölkələr öz ərazi bütövlüklərini də ancaq Rusiya ilə xeyirxah qonşuluq münasibətləri hesabına saxlaya bilərlər. Yəni ya neytral, ya sıx münasibətlər lazımdır. Əgər postsovet məkanında oturub antirusiya siyasəti aparsanız, o zaman ərazi bütövlüyünüz də şübhə altına düşmüş olacaq. Mən bunu nəzərdə tuturdum. Bunu ermənilərə, azərbaycanlılara, gürcülərə, moldovanlara, ukraynalılara çox demişəm. 15 ildir bunu deyirəm. Bu fakt Cənubi Osetiyada, Abxaziyada, Dnestryanında, Krımda, həmçinin Qarabağda sübut olundu. Qarabağ ona görə bu gün ermənilərdədir ki, onlar Rusiya ilə dil tapdılar.
A.Duqin başqa bir fikrilə də Rusiyanın “iç üzünü” göstərir: ”...Qarabağın müstəqilliyini tanımamaqla Rusiya Azərbaycanla diplomatik münasibətləri inkişaf etdirmək imkanlarını saxlayır. Azərbaycan ciddi regional ölkədir, Rusiya ilə bir çox tarixi, iqtisadi, geosiyasi əlaqələrlə bağlıdır. Qarabağı tanımamaqla Rusiya bu əlaqələri saxlayır. Bununla Rusiya göstərir ki, münaqişə tərəfi deyil və Qarabağın de-yure Azərbaycan ərazisi olsa da Ermənistana məxsus olduğunu qəbul edir. Bununla da Rusiya de-fakto Ermənistanı dəstəkləyir və de-yure Azərbaycanla razılaşır...”.
Bəli, Ermənistan o gücə sahib deyil ki, Azərbaycanın 20 faiz ərazisini 20 ildən çox bir müddətdə işğal altında saxlasın. Bu gün düşmən dövlətin nə güclü ordusu, nə güclü iqtisadiyyatı var. Əhalinin dilənçi vəziyyəti, korrupsiya, xaos Ermənistanı daxildən dağılmaq təhlükəsilə üzləşdirib. Bunu Ermənistanda da etiraf edirlər. Ermənistanın sabiq müdafiə naziri Vaqarşak Artunyan “168 Jam” qəzetinə müsahibəsində bildirib ki, Rusiya Ermənistanı, Ermənistan isə Dağlıq Qarabağı müdafiə edir. Qarabağ Ermənistansız heç nəyə qadir deyil. Ermənistan isə Rusiyanın hesabına buna qadirdir.
Bütün bu deyilənlərdən sonra belə bir sual yaranır: Dünyanın ən ali beynəlxalq orqanı – BMT-nin Təhlükəsizlik Şurası erməni işğalçı qüvvələrin işğal olunmuş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul etsə də, işğalçı dövlətə niyə təzyiq göstərilmir?
Prezident İlham Əliyev Avropa Şurası Parlament Assambleyasının Strasburqda keçirilən yay sessiyasında çıxışında bu məqama toxunaraq deyib: ”Ermənistanı destruktiv mövqedən çıxış etməyə şirnikləndirən başlıca səbəblərdən biri də məhz danışıqlarda vasitəçilik edən ATƏT-in Minsk qrupu həmsədrlərinin təcavüzkar dövlətə təsir göstərmək üçün zəruri təzyiq vasitələrindən istifadə etməməsidir. Ərazi və milli-etnik separatizm zəminində baş qaldıran münaqişələrin həlli ilə bağlı beynəlxalq hüquqda konkret normalar və sivil tənzimləmə presedentləri mövcud olsa da, həmsədrlər ötən müddətdə “Ermənistan və Azərbaycanın siyasi razılığa gəlməsi” kimi bir mövqeyi önə çəkirlər. Belə süni balans siyasəti isə son nəticədə beynəlxalq hüquq normalarının praktik təsir gücünə əsaslı şübhə yaradır...”.
Bəli, çox təəssüf ki, indiyədək bu istiqamətdə hər hansı bir addımın atıldığının şahidi olmamışıq. Avropa Birliyi Rusiyanı Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesində vasitəçi kimi tanısa da, Rusiyanın bu məsələdə Ermənistanla birlikdə tərəf olması kimi danılmaz faktının üstündən sükutla keçilir...