
hüquq elmləri namizədi
“... Abbasov Vaqif Məhərrəm oğlu Azərbaycan Milli Elmlər Akademiyasıın müxbir üzvü, kimya elmləri doktoru, professor, Azərbaycanın əməkdar müəllimi, 360 elmi əsərin, o cümlədən SSRİ-nin 22 müəlliflik şəhadətnaməsinin, Rusiya Federasiyasında tətbiq olunmuş 4, Azərbaycan Respublikasında 16 patentin, 7 monoqrafiyanın, ümumtəhsil məktəbləri üçün 6 dərsliyin, 11 dərs vəsaitinin, universitetlər üçün 9 dərsliyin... müəllifidir... 1987-ci ildə SSRİ-nin qabaqcıl ixtiraçı adına, 2005-ci ildə “Şöhrət” ordeninə, 2009-cu ildə İslam Ölkələri İqtisadi Əməkdaşlıq Təşkilatının “Elm və texnologiya üzrə” mükafatına layiq görülmüşdür. 2005-ci ildən İctimai Televiziya və Radio Yayımları Şurasının üzvüdür...”. Bu sözlər Vaqif Abbasovun “Dahilərin, müdriklərin və fatehlərin həyat dərsləri” kitabının annotasiya hissəsindən götürülüb. Vaqif müəllimin bu kitabı qısa şəkildə desək, onun ömür yolunun, elmi yaradıcılığı və ümumən həyata görüb-götürdüyü ibrətamiz hadisələrdən keçən ömrünün mühüm məqamıdır.
Mən Vaqif müəllimin bu kitabından bir mütəxəssis və elm adamı kimi tam ciddiyyətlə də söz aça, onun aktuallığı və digər məziyyətlərindən də bəhs edə bilərəm. Ancaq mən Vaqif haqqında bu kitabı bəhanə edib onun haqqında bir dost kimi söz açmaq istərdim. Vaqifin hər bir əsərində, düsturlarla dolu elmi külliyyatında, söz yox ki, onun ürəyi var, ancaq bu ürək, fikrimizcə, daha çox onun sərbəst düşüncələrində, zahirən elmi yaradıcılığı ilə heç bir əlaqəsi olmayan düşüncələrində əksini tapıb. Elə kitablar var ki, oxuyan kimi qanın qaynayır, elə kitablar var ki, üslubu səni bezdirdiyindən fasilələrlə oxuyursan, elə kitablar var ki, kəskin dönüşlü hadisələrə görə mütaliə edirsən. Ancaq elə kitablar var ki, sadəcə açardır – insanı, onun taleyini, rastlaşdığı məhrumiyyələri anlamaq, dərk etmək, çəkdiyi ağrıları duymaq üçün ehtiyac duyulan bir açar. Dünyada elə şairlər var ki, ayrı-ayrı deyimləri, misra və bəndləri ilə yadda qalır, şair var ki, küll halında, kitab biçimində oxunur, maraq doğurur. Şair də var ki, yuxarıda qeyd etdiyimiz kimi, içində açarı olur, sən o açarı tapıb mübhəm hissləri “açmalı”, solan güllərin solmuş ləçəklərinin altındakı ömür külünü görüb köks ötürməlisən.
Kiminsə dərdinə məlhəm ola bilmək mənasında dünyanın bu başından o başına yorulmadan getməyə dəyərmiş. Vaqif müəllim kimi... Bu kitab əslində onun tarixə, tarixi keçmişdən müasir Azərbaycana çox mənalı bir səfərdir. Vaqif müəllimin ürəyi qızıl külçəsidir, onu tanıyan dostlar bu sözlərin pafosla deyilmədiyinə şahidlik edə bilərlər, ancaq gəlin bundan az keçək, Vaqifin özünü dinləyək. Kitaba Qənirə Paşayevanın “Ön söz”ündə bizim fikirlərimizlə səsləşən çox maraqlı məqamla rastlaşırıq: “Hz. Xədicə, Hira mağarasından qayıtdıqdan sonra başına gələnləri danışan Hz. Məhəmmədə belə deyir: “Heç qorxma!.. Allah səni heç vaxt çətin vəziyyətdə qoymaz. Allah mütləq sənə yardım edəcək. Çünki sən qohumlarına yardım edir, ailənə qayğı göstərirsən, həyatını halallıqla yaşayır, başqa insanları da doğru yola gətirməyə səy göstərirsən, yetimləri sığınacaq bir yerlə təmin edirsən, sözündə dürüstsən, əmanətə xəyanət etməzsən, dayağı olmayanlara arxa olan, ehtiyacı olanlara kömək etmək üçün çalışan və hər kəslə yaxşı rəftar edən, nəzakətli davranan bir insansan”.
Vaqif müəllimin kitabı bu sözlərlə açılır: “Dünyanı dərk etdiyim gündən mənə inam öyrətdilər”. Vaqif müəllimin həyat və yaradıcılıq kredosunu anlamaq üçün bu qısa sətirlərə diqqət kəsilmək lazımdır: “Əmin ola bilərsiniz ki, bu sətirlərin müəllifinin həyatda az-çox uğur qazanmasına, cəmiyyət üçün yararlı vətəndaş olmasına dahilərin, müdriklərin həyat məktəbinin əvəzsiz təsiri olub. Mən onların həyatını sevə-sevə oxudum... Ruhuma ali sevgiləri hopdurdum, özüm üçün beş müqəddəs varlığı müəyyən etdim...”
“Mən onların həyatını sevə-sevə oxudum” cümləsində sadəcə, kitab oxumaqdan söz açılmır, peyğəmbərlərin, dünyanı, tarixi arxasınca aparan dahinin həyatını oxumaq onun həyatını, müdrikliyini, ali sevgisini ruha hopdurmağa təndir. Kitabda Məhəmməd Peyğəmbər haqqında Vaqif müəllimin mənbə və çox ciddi elmi araşdırmalara söykənərək qələmə aldığı fikirlər hər şeydən öncə analitik xarakteri ilə diqqəti çəkir. Bu sadə quruluşlu təhlillərdə onlara qədər keçilən mürəkkəb yol görünmür, Vaqif müəllim İslam tarixi, peyğəmbərlərimizin həyatı, Quran haqqında ən müxtəlif etiqad və əqidəli alimlərin yazdıqlarını dərin təhlil süzgəcindən keçirir və bu məqamda biz yuxarıdakı “oxumaq” ifadəsini anlayırıq. Şübhəsiz ki, analitik şərh və təhlillərə görə bu kitabı biz Vaqif müəllimin çox ciddi araşdırması sayırıq, ancaq nəzərə alsaq ki, bu həm də onun bütün ömrü boyu ruhuna hopdurduğu nəsnələrin əksidir, kitabın dəyəri gözümüzdə birə-beş artır. Vaqif müəllim diqqətini elə hadisələrə yönəldir ki, bu istiqamətdən baxdıqda onun hansı meyarlara söykəndiyini anlamaq çətin deyil. “Xristian Maykl Xart “Dünyanın yüz dahi şəxsiyyəti” kitabında dünyanın bütün mövcudluğu dövründə yaşamış yüz dahi şəxsiyyəti seçmiş və siyahıda birinci yeri Məhəmməd Peyğəmbərə vermişdir”. Maykl Xart isə bunu belə izah edirdi: “... Məhəmməd (s.ə.s.) aşağı sosial mənşəli olsa da, dünyanın ən böyük dinlərindən birinin yaradıcısına və qeyri-adi uğur qazanmış siyasi liderə çevrildi. İndi onun ölümündən on üç yüz illik zaman keçsə də, yaratdığı dinin təsiri dünyada olduqca güclüdür”.
Kitabın digər bölümlərində də Vaqif müəllim sanki konkret şəxsiyyət haqqında deyil, sadəcə, ömür boyu tuş gəldiyi hadisələrdən çıxardığı ibrətlər haqqında söz açır. Yəni, olsun ki, Vaqif müəllimin daim ürəyinin başında gəzdirdiyi, dünya tarixini əməlləri ilə süsləndirən dahi şəxsiyyətlər sayca daha çoxdur, ancaq müəllif bunların arasından ən müdriklərini, dünyanın dərd və ağrısını çiyinlərində gəzdirən əlahiddə insanları seçir. Vaqif müəllim nə qədər soyuq, statistika və rəqəmlərin dili ilə danışmağa çalışsa da, bu və ya digər önəmli hadisəyə şairəna münasibətini gizlədə bilmir. Hər fəslin sonunda müəllif dünya tarixində ibrətamiz iz buraxan insan taleyi haqqında poetik düşüncələrini oxucusu ilə bölüşür. Burda çox vacid bir məqamı unutmamaq lazımdır. Bütün kitab boyu Vaqif müəllimin danışıq, mükalimə ritmi son dərəcə sakit və təmkinlidir. Elə bil ki, həyatda görüb-götürdüyünü özü üçün nəql edir. Bu, olsun ki, həqiqət yox, bir obrazdır, yəni məşhur kimyaçı alim əslində yazdığı misralarda qəlbi çarpan çox incə ruhlu bir şairdir. Əlbəttə, sözün klassik mənasında yox, həqiqi anlamında. Necə? Müəllif həmin o ibrətamiz əməl və hərəkətlərə poetik münasibətini adi poetik sistemlərdə olduğu kimi “qanadlarını açaraq” deyil, insanların qəlbinə təsir etmək, onlarda müqəddəs duyğular oyatmaq naminə edir. Etiraf yerinə düşər ki, məhz bu kontekstdə şeir yazmaq, ürəyinin sirrini poeziya müstəvisində izhar etmək bütün insanlara müyəssər olmayan bir ustalıqdır. Bu sakit sətirlərdə müəllifin bəzi insanlarda olduğu kimi, “gizli şairlik dərdini” kiməsə açmaq niyyəti yox, insanlarda insan oyatmaq, insanları xeyirxah, ədalətli, həqiqət carçısı kimi görmək istəyi əksini tapıb. Bu mənada “şair olmamaq”, açıq şəkildə, fal açırmış kimi şeir yazmaqdan, “şair olmaqdan” qat-qat üstün bir məqamdır. Təsadüfi deyil ki, Vaqif, məsələn, böyük fateh Atilladan danışanda oxucusunun diqqətini onun həyat təcrübəsini bir ələ, bir ovuc içinə yığan aforizmlərə yönəldir. Məsələn, belə: “Qələbəyə gedənə ox çatmır!”, yaxud: “Atilla döyüşəndə kim sakit durursa, o artıq dəfn olunmuşdur”. Fikir verirsinizsə, bu aforizmlərin hər birinin arxasında müdrik hekayə və ya əhvalatlarda çox, dünyanın başının tacı ola biləcək misralar, poetik mətnlər durur. Vaqif müəllimin də məhz bu aforizmləri seçməsi heç də təsadüfi deyil. Bizim bu kontekstdən çıxardığımız əsas nəticə də budur: qələbəyə uçana ox çatmaz! Bütün dahi şəxsiyyətlər, fateh və müdriklər işıq sürətindən də sürətlə uçan oxlardır, fikir, əməl şəklində! Bax, Vaqif müəllimin dünyaya poetik münasibətinin mayasında da bu niyyət durur. Vaqif müəllim kimi şəxslər üçün bu dünyada həmişə qibləgah bildiyi şəxslər olur. Bunlar dünyanın, tarixin çarxını fırladan müdrik insanlar da ola bilər, adı tarix kitablarına düşməyən ibtidai sinif müəllimi də, qoca, ixtiyar ata-ana da. Vaqif müəllimin dünyaya, gerçəkliyə poetik münasibəti nəvələrinin qığıltısından nəşət tapan bir işıq şüası, təbəssümü günəşdən pay alan körpənin gülüşündədir. Bundan da gözəl nə ola bilər ki?
Kitabda ən uğurlu hissələrdən biri də İbn Sina haqqında olan bölmədir. O İbn Sina ki, “... məndə təbabətə meyl yarandı və ona aid yazılar oxumağa başladım. Həkimlik elmi heç də çətin elmlərə aid deyil və buna görə də mən onu qısa zamanda elə mənimsədim ki, hamı tərəfindən hörmətlə qarşılanan həkimlər mənimlə hesablaşmağa başladılar. Mən xəstələr üçün əvvəllər heç kimə məlum olmayan müalicə üsulları yaratdım və onda mənim on altı yaşım vardı”. İbn Sinanın şəxsiyyəti Vaqif müəllim üçün hansı cəhətləri ilə maraq doğurur, onun həyat yolu və yaradıcılığını özü üçün örnək sayır? İbn Sina sadəcə, böyük alim və həkim deyildi. O, bəşəriyyətə və tarixə, həm də bəşərin sabahına xidmət edən bir şəxsiyyət idi. İbn Sina özünəqədərki bütün nəzəri və praktik bilikləri sistemləşdirməklə məşğul idi. İbn Sina həm də müdrik şəxsiyyət idi. O gah sükutu, gah təbəssümü, gah da etirazı ilə hakimlərin, sərkərdələrin ruhunu yerindən oynadır, adicə sözü içindəki dərinlik görününcə insanların ürəyini ovlayırdı. İbn Sina şübhəsiz ki, ensiklopedik şəxsiyyət idi. Kitab müəllifi sualları elə tərzdə qoyur ki, oxucu bu dövrdə həmin alimləri və müdrikləri yetirən mühit haqqında dərin düşüncələrə dalır. Vaqif müəllimin şərhlərində kontekstual izah belədir ki, bu mühitin yetirdiyi müdrik insanlar hər şeydən qabaq inanclı, dərin etiqadlı və “ilahi qüvvəyə” tapınan şəxslər olublar: “Zamanı yaradan Allah hərəkətdən, ancaq mahiyyət etibarı ilə zamandan əvvəldir. Allah hərəkətdən də əvvəldir. Zamanda olan cismin bir hissəsi keçmişə, bir hissəsi indiki dövrə, bir hissəsi də gələcəyə aiddir”.
Müxtəlif hekayətlər varaqlandıqca, yuxarıda qeyd etdiyimiz kimi, müəllif bu hekayətləri tam sükut içində özü üçün pıçıldadıqdan sonra (daha vacib bir məqam: insan bir şeyi özü üçün dəfələrlə pıçıldamasa, o sözlərin gülü başqaları üçün də açmaz) özünün yaşam duyğularını ifadə edir:
Mən dünyanın qonağıyam,
Babaların davamıyam
Babalarım dağlar oğlu,
Köç etdilər dağlar boyu...
Müəllif elə bil bilərəkdən bu sadə və iddiasız misralara heç bir pafos qatmadan yazır. Misralar arasında əlləri kimi ürəyi də qabarlı anasını – bəy qızı anasını xatırladır.
“Oğlum Turala” şeirində belə bir yer var:
Olma bu dünyada qapı bağlayan...
Olma arzulara qara bağlayan...
Bağlı qapıları açan ol, oğlum.
Yaxud da:
Çalış yaxşı ad seç övladına sən,
Çox ciddi əmrdir Allahdan gələn...
... Nəslinə, soyuna şərəf ol, oğlum...
Kitabda Abu Həmid Əl-Qəzali, Nəsirəddin Tusi, Osmanlı imperatorluğunun banisi Osman Qazi, böyük fateh Teymurləng, yeddinci Osmanlı padşahı Fateh Sultan Məhməd, alimlər alimi İsaak Nyuton, müdriklik simvolu Şeyx Şamil, Teodor Ruzvelt, müasir türk dövlətinin banisi Atatürk (“...Tarix çox böyüklər gördü. İsgəndərləri, Napaleonları, Vaşinqtonları gördü. Fəqət, 20-ci yüzillikdə böyüklük rekordunu Atatürk, bu Türk oğlu Türk qırdı” – bir fransız qəzetindən), Franklin Ruzvelt, böyük reformator Üzeyir Hacıbəyli, akademik Yusif Məmmədəliyev haqqında, onların həyat tarixçəsi, ömür yolu, həyat tarixçələrindən ibrətli səhifələr haqqında yazılar yer alıb. Vaqif müəllimin təhkiyəsində qəribə bir ayrıntı var, o, hamının bildiyi nəsnələri elə bir sistem və qayə içində nəql edir ki, bir anlığa bunları bildiyini unudursan və onun nəzərə çarpdırmaq istədiyi fikir səni məşğul etməyə başlayır. O, bəzən bu insanların həyat və yaradıcılığından elə detalları seçib-sonalayır ki, bu müdrik və dahi şəxsin həyat kredosunu anlayırsan. Məhz bu cəhətinə görə kitab, tələbələr və ümumən intellektual oxucu kütləsi üçün çox faydalıdır.
Kitabda, şübhəsiz, ən önəmli yerlərdən birini dahi və müdrik şəxsiyyət Heydər Əliyev, onun Azərbaycanın inkişafında rolu və bütövlükdə dünyanın siyasi mühitinin inkişafına təsiri haqqında yazılanlar tutur. Müəllif ulu öndərin şəxsiyyətini parlaq şəkildə xarakterizə edərək onun tarixi proseslərə necə məharətlə təsir göstərməsini, bu prosesləri necə yönətməsini elmi əsaslarla, amma sadə və axıcı bir təhkiyə ilə oxuculara çatdırır . Kitabda ulu öndərin ikinci dəfə hakimiyyətdə olduğu illərdə həyata keçirdiyi cahanşümul işlər çox dəyərli detallarla təqdim olunur. Böyük Britaniyanın baş naziri Toni Bleyerin dediyi kimi, “Heydər Əliyev Azərbaycanın böyük lideri idi. O, böhranlar dövründə öz ölkəsinə sabitlik gətirdi”. Vaqif müəllim bu dəqiq fikrin fonunda ulu öndərin təkrarsız həyat yolundan danışır, bu böyük şəxsiyyətin Azərbaycan tarixindəki mötəbər missiyasından söz açır. Elə bu yazımızı da Vaqif müəllimin ulu öndərlə bağlı yazdığı bir fikirlə tamamlayır, ona həm elmi, həm də bədii-publisistik yaradıcılığında uğurlar arzulayırıq: “Məlumdur ki, insanın şəxsiyyət kimi formalaşmasında yaşadığı cəmiyyətin, yəni ictimai mühitin rolu çox böyükdür. Bu, hamı üçün belədir. Lakin müdriklər, aqillər və xüsusən də dahilər üçün fərqlidir. Nə üçün? Çünki bu insanlar elə bir inkişaf zirvəsinə çatırlar ki, ən azı onları yetirən mühit səviyyəsində təsir gücünə malik olurlar. Dahilər isə təkcə onları yetirən, ucaldan mühitə yox, bütövlükdə ölkənin, ölkələr birliyinin, hətta dünyanın dəyişməsinə təsir edə bilirlər. Dahi lider, müdrik şəxsiyyət, türk dünyasının sönməz Günəşi olan Heydər Əliyev məhz bir ölkənin, ölkələr birliyinin yox, bütövlükdə dünyanın inkişafına təsir gücünə malik şəxsiyyət idi və bu təsir əsrlər boyu davam edəcəkdir”.



